|
2 apreldə dünyada koronavirusa yoluxanların statistikası-

Dünən dünyada koronavirusa (COVİD-19) yoluxma sayı əvvəlki günlə müqayisədə bir qədər artıb. Musavat.com xəbər verir ki, bu artım əsasən 5 dövlətin hesabına olub. Artıq dünyada yoluxma sayının çox olduğu ölkələrdə, ölüm sayı da həndəsi silsilə ilə artmaqdadır...

Ümumilikdə dünən dünyada 79 min 869 nəfər koronavirusa yoluxub, 5 min 975 nəfər ölüb.

Ən çox yoluxma ABŞ-da qeydə alınıb. Bu ölkədə dünən 29 min 874 nəfər yoluxub, 968 nəfər ölüb. Bu göstərici 31 martla müqayisədə xeyli yüksəkdir. Yoluxmanın ən çox qeydə alındığı ikinci ölkə İspaniya olub (7 min 947 yoluxma, 961 ölüm). Dünən yoluxmaya görə üçüncü sırada isə Almaniya yer alıb ( 6 min 813 yoluxma, 176 nəfər ölən olub).

Dünyada ümumi yoluxanların siyahısında 2-ci yerdə gələn İtaliyada dünən yoluxanların sayı əvvəlki günlərlə müqayisədə xeyli aşağı olub (4 min 668 yoluxan, 760 nəfər ölən).

Dünən koronavirusdan ən çox ölüm halı Fransada olub. Fransada yoluxma bir o qədər də olmasa da, koronavirusdan ölüm statistikası kəskin artıb ( 2 apreldə 2 min 116 yoluxma, 1355 ölüm).

Hazırda dünyada yoluxanların ümumi sayı 1 milyon 16 min 381 nəfər, ölənlər isə 53 min 238 nəfərdir.

Tibb sahəsi üzrə dünyanın elm adamları proqnozlaşdırırlar ki, aprel ayında bu cür artım tempi davam edəcək. Sonrakı aylarda isə pozitiv dəyişliklər olacaq, yoluxma və əsasən də ölüm azalacaq. Ona görə də əksər ölkələrdə aprel ayı üçün karantin rejimi tətbiq edilib.

Eyni zamanda bu ay xüsusilə də ABŞ-da ölüm sayının ciddi şəkildə artacağı bildirilir. Hesab edilir ki, bu ay ABŞ-da 200 min nəfər koronavirusdan ölə bilər...