Füzulidə biznes imperiyası quran sahibkar külli miqdarda vəsaiti vergidən yayındırmaqda ittiham olunur
Azərbaycan öz dinamik iqtisadi tərəqqisinə görə dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur. Belə ki, həyata keçirilən rasional iqtisadi strategiyanın fonunda müxtəlif inkişaf modellərinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə olunması, kompleks səciyyəli iqtisadi islahatların həyata keçirilməsi, iqtisadi subyektlərin fəaliyyət mexanizminə əlverişli şəraitin yaradılması və digər bu kimi istiqamətlər prinsipial vəzifələr kimi müəyyən edilib.
Təsadüfi deyil ki, beynəlxalq maliyyə institutları da ölkəmizin iqtisadi inkişafını, reallaşdırılan tədbir və islahatları yüksək qiymətləndirirlər. O da qeyd edilməlidir ki, vətəndaşların maddi rifah halının daha da yaxşılaşdırılması, sosial müdafiə və təminat sisteminin gücləndirilməsi, sosialyönümlü iqtisadiyyatın inkişaf etdirilməsi kimi konkret faktlar ümummilli inkişafın təcrübi gerçəkliklərini təşkil edir. Ümumilikdə, sahibkarlığın inkişafı özəl sektorun tərəqqisinə əhəmiyyətli töhfələr verir və bu amil öz növbəsində ölkə iqtisadiyyatının dinamik inkişafının davam etməsində mühüm rol oynayır. Xüsusi olaraq vurğulamaq lazımdır ki, Azərbaycan sahibkarlığın inkişafı üçün hər cür şəraitin mövcud olduğu ölkədir. Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğının fonunda sahibkarlar səmərəli fəaliyyət göstərmək imkanı əldə ediblər. Bölgələrdə sahibkarlıq fəaliyyətinə malik olan subyektlər dövlət tərəfindən maliyyə dəstəyi alırlar ki, bu da sahibkarlar üçün xüsusi stimul mənbəyi kimi çıxış edir. Bəzi iş adamları isə, ölkə rəhbərliyinin sahibkarlığın inkişafına göstərdiyi qayğıdan sui-istifadə edir. Füzuli rayonunda sahibkarlıq fəaliyyəti ilə məşğul olan və iri biznes obyektlərinə rəhbərlik edən iş adamı Nəriman Əliyevlə bağlı redaksiyamıza ilginc məlumatlar daxil olub. Adının çəkilməməsini istəyən mənbənin sözlərinə görə, icra başçısı Alı Alıyevlə yaxın münasibətlərə malik olan iş adamı rayondakı əsas biznes sahələrini öz monopoliyasına alıb: "O, bir neçə il əvvələ kimi Bakıda fəaliyyət göstərirdi. Düzdür, iş adamı hələ xeyli müddət öncədən Füzulidə biznes qurmuşdu. Amma Alı Alıyev Füzuli Rayon İcra Hakimiyyətinə başçı təyin olunandan sonra Nəriman müəllimin rayondakı biznes maraqları daha da gücləndi. İldə 2,5-3 min ton quş əti istehsal edən "Qarabağ Broyler" MMC, 5 min ton məhsul saxlayan soyuducu anbar kompleksi ona məxsusdur. Bundan başqa, iş adamının 300 hektar ərazidə elit növ buğda sahəsi, Horadiz şəhərində ailəvi istirahət mərkəzi, Üçüncü Zobucuq qəsəbəsində gündə 40 ton çörək-bulka istehsal edən zavodu, Qarabağ kəndində ətlik və südlük istiqamətli heyvandarlıq kompleksi var. Nəriman Əliyevin fəaliyyətindəki çatışmazlıqlar ona məxsus müəssisələrdə çalışan işçilərə münasibətdə özünü büruzə verir.
Belə ki, "Qarabağ Broyler" MMC-də işləyən bəzi işçilərin əmək müqaviləsi yoxdur. Nəriman Əliyev həmin şəxsləri günəmuzd kimi işlədir. Sahibkar əmək qanunlarının tələbini pozmaqla həm vergidən yayınır, həm də dövlətə sosial sığorta haqqı ödəmir. Onun rayonun icra başçısı Alı Alıyevlə və digər yerli məmurlarla münasibəti yaxşı olduğundan, rəhbərlik etdiyi biznes sahələrinə heç kim dəyib-dolaşmır. Məhz bu səbəbdən, Nəriman Əliyevin nəzarətindəki müəssisələrdə vergidən yayınma və əmək münasibətlərinin pozulması halları günbəgün artır. Əslində, Alı Alıyevlə iş adamının münasibətlərinin kökündə icra hakiminin bəzi maraqları dayanır. Yəni rayon rəhbəri Füzulidə görülən bir sıra abadlıq-quruculuq işlərinə Nəriman Əliyevi cəlb edir. Beləliklə, dövlət büdcəsindən rayonun abadlaşması məqsədilə ayrılan vəsaitlərin bir hissəsini mənimsəyir. Bunun qarşılığında icra hakimi iş adamına himayədarlıq göstərir".
Deyilənə görə, Nəriman Əliyevin rayondakı ən böyük obyektlərindən biri də Kərimbəyli kəndi ərazisində yerləşən "Qarabağ" Ailəvi İstirahət Kompleksidir: "Kompleks 2013-cü ildə istifadəyə verilib. Açılış mərasimində icra başçısı Alı Alıyevlə yanaşı, rayonun idarə, müəssisə, hüquq-mühafizə orqanlarının rəhbərləri də iştirak etmişdilər". Qeyd edək ki, iş adamının adı bu günlərdə xoşagəlməz hadisədə hallandırılıb. Etik qaydalara uyğun olaraq, həmin məsələni açıqlamaq istəmirik. Bizi maraqlandıran Nəriman Əliyevə məxsus olan obyektlərdə külli miqdarda vəsaitin vergidən yayındırılması və əmək qanunlarının pozulmasıdır. Vergilər Nazirliyinin və Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəhbərlərindən xahiş edirik ki, Füzulidə yerləşən "Qarabağ Broyler" MMC və "Qarabağ" Ailəvi İstirahət Kompleksində yoxlama aparsınlar. Qeyd edək ki, Nəriman Əliyev adını açıqlanmasını istəməyən Avropa çempionumuzu zorlaması ilə gündəmə gəlib. Həmin zorlama hadisəsindən sonra zorlanan xanın iş adamını məhkəməyə versədə, Nəriman Əliyev bunu ört basdır etməyə nail olub. Amma Avropa çempoionu xanım geri çəkilməyəcəyini və iş adamının boynuna almadığı cinayəti yaxın günlərdə faktlarla açıqlayacağını bildirib. (Gündəlik Bakı)
Yazıda adıçəkilən şəxslərin də fikirlərini dinləməyə hazırıq.
