İrəvanın təhriki ilə Dağlıq Qarabağ separatçılarının qondarma seçki şousu keçirmələri düşmənin daha da azğınlaşmasını nümayiş etdirdi
2016-cı ilin dörd günlük Aprel döyüşlərinin dördüncü ildönümü tamam olur. Həmin günlərdə Azərbaycan Silahlı Qüvvələrinin qəhrəman hərbçiləri işğalçı Ermənistanın təxribatçı hücumunun qarşısını almaqla kifayətlənməyib əks həmlə ilə bütün təmas xətti boyunca düşmənə sarsıdıcı zərbə vurdu.
Aprelin 1-dən 2-nə keçən gecədən etibarən Azərbaycan ordu hissələri ilə Ermənistanın işğal zonasındakı hərbi qüvvələri arasında gedən ağır döyüşlər yalnız 5 apreldə səngidi. Həmin gün hər iki tərəf beynəlxalq təşkilatların, həmsədrlərin, xüsusilə də Rusiyanın çağırışlar və israrlı mövqeyi nəticəsində savaşı dayandırmağa razılıq verdi. Rəsmi məlumata görə, döyüşlər nərticəsində 2 min hektarlıq ərazi erməni işğalçılarından azad edilib. Həmçinin işğal altındakı Cəbrayıl rayonunun böyük strateji əhəmiyyətə malik Lələtəpə yüksəkliyi düşməndən təmizlənib, böyük bir ərazi ordumuzun nəzarəti altına alındı. Nəticədə düşmənin uzun illər boyu atəş altında saxladığı Cocuq Mərcanlı kəndi təhlükədən qurtuldu, sonrakı dönəmdə bərpa olunan kəndə qayıdış başlandı.
Eyni zamanda Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər düşməndən təmizləndi, işğalçıların mövqeləri ordumuzun nəzarəti altında qaldı. Bundan əlavə, strateji əhəmiyyətli digər mövqelər də ordumuzun nəzarəti altına keçdi. Beləliklə, aprel döyüşləri 1994-cü ildə imzalanmış atəşkəs haqqında Bişkek sazişindən sonra tərəflər arasında ən böyük toqquşma oldu. Təəssüf ki, döyüşlərdə Azərbaycan ordusunun qəhrəman oğulları şəhid oldu. Amma düşmənin həm canlı qüvvə, həm də hərbi texnika baxımından itkiləri qat-qat artıq oldu. Düşmənin illər boyu barəsində mif yaratdığı “Ohanyan səddi” qısa müddətdə darmadağın edildi. Məhz Aprel döyüşlərindən sonra Ermənistanda ciddi kataklizmlər baş qaldırmağa başladı və bu proseslər Serj Sərkisyana qarşı silahlı üsyanla, daha sonra isə onun hakimiyyətinin devrilməsi ilə nəticələndi. İşğalçı ölkənin başına yeni qüvvələr gələndən sonra işğalçının islah olunacağına müəyyən ümidlər yaranmışdı. Lakin Nikol Paşinyanın sonrakı davranışları və ziddiyyətli mövqeyindən ortaya çıxan qənaət bu oldu ki, o, sadəcə status-kvonu saxlamağa, hakimiyyətini möhkəmləndirməyə cəhd göstərir.
Üstəlik, İrəvanın təhriki ilə Dağlıq Qarabağ separatçılarının 31 martda “prezident və parlament seçkiləri” adında şou keçirmələri düşmənin daha da azğınlaşmasını nümayiş etdirdi. Düzdür, bu, erməni separatçılarının ilk belə həyasızlığı deyildi. Lakin elə bu il ərzində aparılan danışıqlar, təmasların artırılması, humanitar əlaqələrlə bağlı proses müəyyən optimist rəy yaratmışdı. Di gəl ki, separatçılar üstəlik, “prezident seçkilərinin ikinci turu”nu elan etməklə beynəlxalq hüquqa, o cümlədən Azərbaycana meydan oxumuş oldular. Bu qondarma “seçkiləri” heç bir dünya ölkəsi tanımasa da, Ermənistan və separatçı qüvvələr geri çəkilmək istəmir. Deməli, işğalçıya 4 il əvvəlki kimi, növbəti qulaqburması verməyin zamanı tam çatıb. Kəsəsi, 4 il əvvəlki sarsıdıcı zərbələri ilə Ermənistanda hakimiyyəti dəyişən, kifayət qədər güclü mövqelərə və imkanlara sahib olduğu halda, bu gün müttəhimlər kürsüsündə oturan Qarabağ klanına acı tale yaşadan Azərbaycan ordusu Paşinyana da acı dərs verə bilər.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu əməkdaşımıza bildirdi ki, 4 il bundan qabaq işğalçı dövlət lazımi şəkildə qulaqburması aldı: “Ondan sonra erməni ordusunda korrupsiya halları üzə çıxdı, hakimiyyət dəyişdi. Təsəvvür edin, 4 günlük döyüş Ermənistanda bu cür dəyişikliklərə səbəb oldu. Döyüşlər 1-2 ay davam etsəydi, o halda işğalçı ölkənin vəziyyəti daha da ağırlaşacaqdı. Ona görə də biz bu məsələni hər zaman diqqətdə saxlamalıyıq”.
E.Şahinoğlu qeyd etdi ki, hazırda dünya və bölgəmiz koronavirusla mübarizə apardığı üçün müharibə ehtimalı o qədər də yüksək deyil: “Amma biz bu məsələni hər zaman diqqətdə saxlamalıyıq və Ermənistanı hər zaman cəzalandırmaq haqqında planlarımızı qurmalıyıq. Çünki görürsünüz ki, dünya koronavirusla mübarizə apararkən bunlar yenə də saxta seçki keçirir. Bu, o deməkdir ki, ermənilər öz istəkləri ilə bizim torpaqları boşaltmayacaqlar. Odur ki, 2016-cı ilin aprelində olduğu kimi, bunları cəzalandırmaq lazımdır”.
Belə yanaşma da var ki, koronavirus pandemiyasının tüğyan etdiyi bir vaxtda Azərbaycanın hərb qərarı verməsi ona əlavə problemlər yarada bilər. Təsadüfi deyil ki, Ermənistan və hətta Qarabağdakı qondarma rejim BMT Baş katibinin münaqişə bölgələrinə “atəşi dayandırın” müraciətinə dərhal müsbət reaksiya verdilər, amma elə bunun ardınca Qazax istiqamətindən təxribata əl atdılar. Lakin KTMT-nin rəhbərliyi düşmənin cavabını verən Azərbaycanı dolayısı ilə suçlamağa çalışıldı.
Qarabağ qazisi, istefada olan polkovnik Azay Kərimov isə moderator.az-a bunları deyib: “Mən bir Qarabağ qazisi, həm də Qarabağ kimi, Şuşa kimi cənnət bir yurddan didərgin düşmüş bir vətəndaş olaraq emosiyalarımı cilovlaya bilməyib desəm ki, ermənilər lap əcəb edib Qarabağda “seçki” keçiriblər, yəqin ki, bu məsələni, bu reallığı dərindən dərk edib anlayanlar məni qınamazlar. Çünki 1994-cü ilin “atəşkəs” razılaşmasından bəri torpaqlarımızda qondarma bir separatçı rejim yaratmış bu daşnaklar gözümüz görə-görə, biz qazilərin, qaçqınların heysiyyatını tapdaya-tapdaya “prezident”, “parlament” seçkisi keçirirlər. Bunlar illərdir ki, Azərbaycanı barmağına dolayıb ancaq nə yerli, nə beynəlxalq səviyyədə bu işğalçılara, bu separatçılara gözünüz üstdə qaşın var deyən yoxdur. Nə qədər ki, bu daşnaklar Azərbaycan dövlətindən, Azərbaycan ordusundan, Azərbaycan xalqından Aprel döyüşlərindən də qat-qat tutarlı bir zərbə görməyiblər, bundan sonra da on illərlə torpaqlarımızda qalacaq və on dəfələrlə də “seçki” və digər tədbirlər keçirəcəklər”.
“Ermənilər pandemiya şəraitində “seçki” keçirdi – Bəs Azərbaycan belə vəziyyətdə müharibə edib torpaqlarını azad edə bilərmi” sualına isə Azay Kərimov konkret cavab verib: “Bilirsiniz, son günlər mən karantin rejimi ilə bağlı qadağalara, tələb və tövsiyələrə rəğmən bir çox insanların davranışını, küçələrdə adi günlərdəki kimi sərbəst gəzməsini, biri-biri ilə lap yaxından ünsiyyətdə olmasını, Ali Baş Komandanın, hökumətin, polislərin, həkimlərin, çağırışlarına məhəl qoymamasını müşahidə edirəm. Bu intizamla biz mövcud durumda genişmiqyaslı müharibə apara bilmərik. Lap ordumuz nizamla, necə lazımdı, döyüşsə də, arxa cəbhədəki intizamsızlıq, məsuliyyətsizlik xəstəliyə yoluxanların sayını artırmaqla sabitliyin pozulmasına, panika yaranmasına səbəb olar ki, bu da düşmən üzərində qələbəmizi əngəlləyə bilər. Amma onu da deyim ki, mən yurdsuz-yuvasız bir Qarabağ qazisi, bir peşəkar döyüşçü kimi bu koronavirusdan-filandan yataqda inildəyə-inildəyə ölməkdənsə, gedib döyüşdə, torpaqlarımızın azadlığı uğrunda şəhid olmağı üstün tuturam. Odur ki, hamıdan, hər bir vətəndaşdan xahiş edirəm, gəlin qoyulmuş qadağalara, tələb və tövsiyələrə əməl edək ki, bəlkə işğalçı Ermənistanın bu pandemiya ilə mübarizədə bizdən fərqli zəif durumundan bir fürsət kimi yararlanaraq səfərbər olub, döyüşə atılıb Qarabağı düşməndən azad edək”.

QAT sədri Akif Nağı isə musavat.com-a dedi ki, söhbət təkcə Ermənistan qulaqburması verməkdən getmir, nəticəyə aparan prosesi davam etdirməliyik: “Biz genişmiqyaslı hərbi əməliyyatların tərəfdarıyıq. Amma hakimiyyət fasilələrlə zərbə yolunu seçirsə, bunu da məqbul hesab edirik. Ermənistan Aprel zərbəsindən sonra özünə gələ bilməyib, hələ də siyasi, psixoloji, hərbi böhranı aradan qaldırmağı bacarmayıb. Dağlıq Qarabağdakı son “seçki” şousu da həmin böhranın davamıdır. Əlbəttə, orada “seçki”lərin keçirilməsi ilə digər oyunbazlıqlar bizi qıcıqlandırır”. A.Nağı qeyd etdi ki, QAT sərt tədbirlərin görülməsini tələb edir: “Məsələn, həmin “seçki” günü biz QAT olaraq hakimiyyətdən tələb etdik ki, hərbi aviasiya qaldırılsın, düşmənin hərbi obyektlərinə raket zərbələri endirilsin. Məncə, bu, edilsəydi, Aprel döyüşlərinin davamı olardı. Bu qondarma “seçkilər” də erməni oyunudur, orada guya normal hakimiyyətin olduğunu göstərmək istəyirlər”.
QAT sədri qeyd etdi ki, separatçıların “ikinci tur” qərarı da növbəti oyundur: “Demək istəyirlər ki , guya “tam demokratik seçki” keçirilib. Dərhal da beynəlxalq birliyə müraciət etdilər ki, onların “demokratik seçkiləri”nə qiymət versinlər. Yəni bu “seçki” məhz həmin müraciət üçün keçirilmişdi. Ona görə də Aprel zərbələri davamlı şəkildə vurulmalıdır ki, erməni bu oyunbazlıqlarından çəkinsin. Sadəcə, bu zərbələrin arasında fasilə çox qısa olmalıdır, 3-4 aydan çox olmalı deyil. Əgər bu proses başlayarsa, bir neçə zərbədən sonra ermənilər bütün işğal etdikləri ərazilərimizdən çəkilərlər”.
