|
Koronavirus təhlükəsi davam edərsə, bu il Həcc mərasimi icra olunmaya bilər...

Bu il avqust ayının 1-də müsəlman dünyası Qurban bayramını qeyd edəcək. Bu bayramın vacib rituallarından biri də həcc mərasimidir. Məlum olduğu kimi, hazırda bütün dünya koronavirus pandemiyası ilə mübarizə aparır. Ümrə ziyarəti də daxil olmaq, bütün kütləvi dini ibadətlər qadağan edilib, məscid və ziyarətgahlar bağlanıb. Bəs bu problem dünya üzrə tam lokallaşmazsa, dünyanın müxtəlif ölkələrindən gələn zəvvarların təkrar bir-birini yoluxdurma ehtimalı və pandemiyanın daha da genişlənməsi ehtimalı qalarsa, Həcc ziyarəti bu il təxirə salına bilərmi?

Qeyd edək ki, artıq Azərbaycanda Həcc ziyarətinə getmək üçün 30-dan çox adam müraciət edib. Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib. Məlumatda bildirilir ki, sənədlərin qəbulu yanvarın 24-dən başlanılıb və mayın sonuna qədər davam edəcək. QMİ-dən həmçinin bildirilib ki, Həcc ziyarətinin 20 iyuldan 15 avqustadək olan tarixdə baş tutacağı gözlənilir. Qeyd edək ki, bu il kvotanın sayı 1500, Həcc ziyarətinin qiyməti isə 4490 ABŞ dolları olacaq.

İlahiyyatçı Hacı Şahin Ramazan ayının özəlliyindən və Oruc ...

QMİ rəsmisi, ilahiyyatçı Hacı Şahin Həsənli Musavat.com-a açıqlamasında vurğuladı ki, təhlükə davam edərsə, bu il Həcc mərasimi icra olunmaya bilər: “Eşitdiyimə görə, Səudiyyə Ərəbistanı müsəlman ölkələrinə xəbərdarlıq edib ki, hələ Həcc ziyarəti ilə bağlı müqavilələr bağlamasınlar, bu məsələ sual altındadır. Həcc vaxtında yenə də koronavirusla bağlı ciddi yoluxma təhlükəsi davam edərsə, ola bilər ki, Səudiyyə Ərəbistanı tərəfindən Həcc ziyarətinə məhdudiyyət qoyulsun və ya bu il mərasim icra olunmasın. Bu  cür istisnalar dinimizdə nəzərdə tutulub, ancaq hələ ki, bu haqda qərar qəbul etmək üçün bir qədər tezdir. Ümumilikdə isə, Həcclə bağlı məhdudlaşdırıcı belə bir addım atıla bilər”.

İlahiyyatçı Hacı İlqar İbrahimoğlu da Musavat.com-a açıqlamasında vurğuladı ki, zamanı gəlincə İslam alimləri vəziyyətə uyğun olaraq qərar verəcəklər: “Hal-hazırda Səudiyyə Ərəbistanı bütün ölkələrə müraciət edib və Həcc ziyarəti hazırlıqlarını hələki başlamamağı istəyib. Təbii ki, hələ vaxt var. Və dünyada epidemiyanın vəziyyətinə görə, İslam ümməti bu mövzuda yəqin ki, vahid mövqe nümayiş etdirəcək. İslam dinində çarə tükənməz. Dinimizdə dalan yoxdur. İnşallah, vəziyyətə uyğun ali məqamlı məraceyi-təqlidlər mövzu ilə bağlı hökmlərini verərlər. Ümumilikdə isə, həccin vacib olması üçün "İstitaət" şərtdir. İstitaət – həccə getmək üçün şərtlərin kompleks halında mövcudluğuna deyilir. Həmin bu istitaət həccin zəruri və kafi şərtidir. Təbii ki, indidən bu mövzuda kateqorik danışmaq doğru deyil. Vəziyyətin inkişaf tendensiyasına uyğun ali məqamlı məraceyi-təqlidlər mövzu ilə bağlı münasibət bildirərlər. Necə ki, günümüzdə epidemiya zamanı davranma və dəfn hökmləri ilə bağlı rəylərini veriblər”.