Politoloqlar: “Pandemiya Ermənistanın problemlərini Moskva üçün əhəmiyyətsiz edib”; “Kremli hazırda nə Ermənistan, nə də oradakı hərbi bazası düşündürür”
Son vaxtlar təmas xəttində erməni işğalçı qüvvələrinin təxribatları artıb. Bu təxribatlar dövlət sərhədi boyu, o cümlədən də anklav Naxçıvan istiqamətində özünü mütəmadi şəkildə göstərməkdədir. Təbii ki, Azərbaycan Ordusu bütün hallarda düşmənə layiqli və sərt cavablar verir, onu yeni-yeni canlı və digər itkilərə məruz qoyur. Rəsmi İrəvan isə baş verənlərə görə məsuliyyəti həmişəki kimi, həyasızcasına Azərbaycanın üzərinə atmaqdadır. Ermənistan XİN-in son bəyanatı buna əyani sübutdur.
Bəs bu provokasiyalarda işğalçı ölkənin məqsədi nədir?
Musavat.com məsələ ilə bağlı sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarovun mövqeyini təqdim edir.
Eks-diplomat hesab edir ki, bütün bunların arxasında Ermənistanın baş naziri Nikol Paşinyanın idarə edə bilmədiyi qüvvələr dayana bilər. Onun fikrincə, həmin qüvvələr Azərbaycanı təxribata çəkməklə, situasiyanı partlayış həddinə gətirmək istəyirlər. “Hərçənd indi Ermənistandakı bir sıra siyasi dairələr də bunda maraqlıdır”, - deyə o qeyd edib.
Politoloqun sözlərinə görə, hazırda bütün dünya ölkələrində koronovirus pandemiyası ilə bağlı özünü göstərən böhranlı hallar özü ilə tibbi aspektlə yanaşı, iqtisadi-maliyyə sferalarında mürəkkəbliklər də daşıyır: “Həmçinin ərzaq təhlükəsizliyi ilə bağlı məsələlərdə bu, özünü büruzə verir. Bu kontekstdə Ermənistanın hərbi rejim relsinə keçməsi bir çoxları üçün hakimiyyəti və siyasi liderliyi saxlamaq baxımından yeganə yol kimi görünür. Mən belə təxribatçı hərəkətlərin davamının olacağını istisna etmirəm. Ermənilərin əksəriyyəti anlayır ki, Rusiyanın təqdim elədiyi və Ermənistanın işğalçılıq siyasəti və təhlükəsizliyin əsas qarantı olan “təhlükəsizlik çətiri” yaranmış durumda artıq yoxdur. Mövcud durumda döyüş əməliyyatlarının bərpası hələ ki, tam zəifləməyən erməni tərəfi üçün Rusiyadan uzaqlaşmaq və Qərbin tərəfinə keçmək şansı kimi görünür”.
T.Zülfüqarovun zənnincə, belə bir geosiyasi dönüşü həyata keçirmək üçün erməni tərəfinə döyüş əməliyyatlarının bərpası sərfdir. Kİ, sonradan Moskvanı ittiham eləsin ki, ona kömək etməyib: “Özünün zəif iqtisadi, maliyyə və energetik potensialı üzündən Ermənistanın qəliz situasiyaya düşməsi bu prosesi sürətləndirir. Azərbaycanla hərbi toqquşma ermənilərə ona görə lazımdır ki, vəziyyət qarışsın və bu fonda özlərinin siyasi liderliyini nümayiş etdirsinlər. Paşinyan Ermənistanı qoruya bilmir. O, milli səhiyyənin köməyi ilə koronovirus pandemiyasını dayandırmaq gücündə deyil. Nikol Paşinyan ölkənin ərzaq təchizatı və təhlükəsizliyi problemlərini həll etməlidir. Di gəl, onun Moskva ilə münasibətləri ən aşağı səviyyədədir. Ermənistandakı kompleks problemlər Paşinyanı məcbur edir ki, situasiyanı “partlatsın”. Bundan sonra hadisələrin necə inkişaf edəcəyini söyləmək çətindir. Ancaq situasiya mütləq “partlayacaq”, nədən ki, Azərbaycan sonsuzadək İrəvanın provokasiyalarına dözməyəcək”.
Politoloq məsələdə daha bir məqamın mühüm rol oynadığını düşünür: “Mövcud vəziyyətdə ola bilsin, ən başlıcası da budur. Söhbət koronovirusun yayılması ilə Rusiyanın iqtisadi problemlərinin artmasından gedir. Bu tendensiya davam edəcək. O səbəbə Moskvadan ötrü Ermənistanın problemləri getdikcə daha az önəm daşıyır və bu önəm sıfra yaxınlaşır. Hazırkı məqamda belə vəziyyət erməni tərəfi üç həlledici əhəmiyyət kəsb edir”.

Tofiq Zülfüqarov deyir ki, yaranmış durumda, nəhayət ki, Azərbaycan və Ermənistan təkbətək qalıb: “Əlbəttə ki, pandemiyadan dolayı bizim də iqtisadi problemlərimiz var. Bütün bunlar sövq-təbii sosial gərginliyə, maliyyə sıxıntılarına aparır. Ərzaq təchizatı məsələsi aktuallaşır. Lakin ümumi, necə deyərlər, situasion balans, tutaq ki, Azərbaycanı götürsək, bu gün biz Ermənistandan qat-qat güclüyük. Ona görə də sadaladığım problemlərə rəğmən, biz Azərbaycanda mərkəzləşmə, birlik müşahidə edə bilərik. Yəni Ermənistanda müşahidə olunan parçalanmalar bizdə yoxdur. Biz öz energetik və ərzaq təhlükəsizliyimizi təmin etmişik. Demədim ki, tam təmin eləmişik, ancaq təmin olunma faizi yetərincə yüksəkdir. Və ən əsası – epidemiya zamanı dövlət qurumlarının davranışıdır. Onlar öz səmərəliliyini göstərdi. Biz öz imkanlarımız baxımından Ermənistandan xeyli üstünük. Və təkbətək qalsaq, bu, müəyyənedici faktor olacaq. Başlıcası odur ki, epidemiya daha geniş miqyasda yayılmasın və bizim müdafiə potensialımıza zərər vurmasın”.
*****
“Ermənistan koronavirus pandemiyasına görə Rusiya və digər dövlətlərin köməyinə möhtacdır. Lakin bütün ölkələr bu virusdan əziyyət çəkir və heç kimi Ermənistan maraqlandırmır”.
Bu sözləri isə politoloq Qabil Hüseynli koronavirus pandemiyası ilə Rusiyanın bütün ölkələrlə əlaqələri kəsməsi və hazırda Gürcüstan üzərindən Ermənistana yük daşımalarında ciddi problemin yaşanmasını şərh edərkən deyib (Axar.az).
Buna baxmayaraq, politoloq koronavirus səbəbindən Rusiyanın Ermənistandakı hərbi bazasını boşaldacağını düşünmür: “Rusiyanın Ermənistandakı hərbi bazası Moskvanın regionda təsir gücü baxımından əhəmiyyətlidir. Bu mənada Rusiyanın hərbçilərini Ermənistandan çıxarması real görünmür. Digər tərəfdən, bu gün Rusiya istəsə də, öz hərbçilərini Ermənistandan çıxara bilməz. Koronavirus pandemiyası Ermənistanda sürətlə yayılmaqdadır. Bu ölkədə koronavirusa yoluxma hallarının təsdiqlənmiş ümumi sayı 600-ə yaxındır. Ermənistanın zəif səhiyyə sistemi bu virusun qarşısının alınmasında acizdir. Hətta virusun Ermənistanda yerləşən rus hərbi bazasına da sıçradığı ilə bağlı xəbərlər mövcuddur. Bu mənada rus hərbçilərinin ölkəyə qaytarılması virusun Rusiyada sürətlə yayılması ilə nəticələnə bilər”.
Politoloq qeyd edib ki, Ermənistan həm mövcud koronavirus pandemiyası ilə əlaqədar, həm də ölkədə yerləşən rus hərbi bazasında yoluxma hallarının qarşısını almaq üçün Moskvadan yardım tələb edir: “Lakin bu gün mövcud vəziyyət bir çox dövləti öz içinə qapanmağa məcbur edir. Rusiya öz ölkəsindəki vəziyyəti düşünməyə məcburdur. Bu baxımdan deyə bilərəm ki, Moskvanı hazırda nə Ermənistan, nə də oradakı hərbi bazası düşündürür. Kreml üçün bu gün əsas prioritet Rusiyada koronavirus pandemiyasının qarşısını almaqdır”.
Bəs post-koronavirus dövründə konfliktlərin, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsinin həllində dönüş yarana bilərmi?
Politoloqun cavabı belə olub: “Bu prosesdə silahlı münaqişənin yenilənməsi, isti müharibənin həlledici amilə çevrilməsi kimi nüanslar beynəlxalq təşkilatlar tərəfindən ciddi şəkildə qınanıla bilər. Amma Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ciddi istisnaların olduğunu aydın görürəm. Bu məsələnin anatomiyası kifayət qədər aydındır: Ermənistan təcavüzkar tərəfdir, Azərbaycan ərazilərini işğal edib. Həmin ərazilərdə separatçı rejim qurmaqla yanaşı, burada etnik təmizləmə siyasəti aparıb. Təcavüz və etnik təmizləmə beynəlxalq hüquqda ən çox tənqid olunan məsələlərdir. Buna görə də dünya bu münaqişənin həlli üçün ya imkanlarını birləşdirib birmənalı istiqamət foralaşdırımalıdır, ya da koronavirusdan sonrakı dönəmdə Azərbaycanın öz ərazi bütövlüyünü qorumaq istiqamətində seçəcəyi həll yolu dəyişməz olaraq qalacaq. Bu da bölgədə yeni müharibə təhlükəsi, yeni münaqişə ocağının yaranması deməkdir ki, bu haqda qarşı tərəf və onu dəstəkləyən dövlətlər daha ciddi düşünməlidir. Hamı işğal faktından danışır, amma o işğalçının adını çəkməməkdə ya cəsarətli, ya da səmimi deyillər. Bu səbəbdən post-koronavirus dönəmində Ermənistanda millətçilik və separatçılıq meyllərinin daha da güclənəcəyini demək olar. Bunun ən az bir müddət ictimai şüurda hakim mövqedə duracağını söyləmək mümkündür”.
Şərhlərdən də göründüyü kimi, pandemiya Qarabağla bağlı vəziyyətə özünəməxsus çalar qatıb və bu, post-koronavirus dönəmində özünü daha qabarıq, həm də Azərbaycanın xeyrinə göstərəcək...
