|
“Həmin fövqəladə hadisə koronavurusun gətirdiyi imkanlardır” - şok açıqlama

Qafar Çaxmaqlı: “İndi nə erməni diasporu, nə də ermənilərin arxasındakı güclər torpaqlarımızı azad etmək haqqımıza əlimizdən almaq gücündə deyillər”

“Mən Dağlıq Qarabağda keçirilən “seçki” oyununu “Azatutyun” (Azadlıq) radiosunun canlı proqramından izlədim. Koronavurusun tuğyan etdiyi düünyamızda ermənilərin bu tədbiri təxirə salmaması, əlbəttə, burada yaşamağa məhkum olunmuş insanların narazılığına səbəb olmuşdu”. 

Ermənişünas alim, politoloq Qafar Çaxmaqlı bu fikirləri Musavat.com-a açıqlamasında söylədi. 

O, qeyd etdi ki, elə buna görə də ermənilər nə qədər saxtalaşdırsalar da, “seçki”yə gələnlərin olduqca az olduğu açıq şəkildə göründü: “Hətta iddiaçılardan biri Mais Mailyan dedi ki, biz bu tədbirin təxirə salınmasını istədik, amma kimsə bunu tələsik başa çatdırmaq tapşırığı almışdı. Radioya müsahibə verən “prezident” Bako Saakyan isə bu seçki qatılımın zəifliyini koronavurusa bağladı. Bəs, nədən təxirə salınmadı, sualını cavablandırmaqdan isə imtina etdi. Bu da onu göstərir ki, separatçı rejim hakimiyyət dəyişikliyi edir, bu quldur gedəcək, o biri quldur gələcək”. Q.Çaxmaqlı şübhə etmiki, Qarabağdakı “seçki” şousunun “memarı” Rusiyadır: “Yeni separatçı liderin kimliyinin bizim üçün heç bir fərqi yoxdur. Dağlıq Qarabağda 30 ilə yaxındır ki, kriminal ünsürlər və cinayətkarlar iş başındadır. Həmişə o fikirdə olmuşam ki, bundan əvvəl “seçilənlər”- Köçəryan, Quqasyan, Saakyan və hətta Serj Sərkisyan belə ona görə vəzifəyə gətirilirdilər ki, onların hərbi cinayətkar olduğunu özləri çox yaxşı bilir və müttəhimlər kürsüsündə otuzdurulacaqlarından ehtiyat edirdilər. Onların cinayətlərini sığortalamaq üçün belə yalançı “seçkilər”ə gedilir və bir müddət bu cinayətkarları qorumuş olurdular. Bu dəfəki oyun da o oyunlardan biridir”. 

Rusiyanın artan gərginlik fonunda gizli planları var - Qafar Çaxmaqlı

Q.Çaxmaqlı Qarabağdakı “seçki” tamaşasına gələn reaksiyalardan da bəhs etdi: “Avropa İttifaqı birmənalı şəkildə Dağlıq Qarabağdakı bu “seçki oyunu”nu tanımadı. Minsk Qrupunun həmsədrləri də məcburən “ilk turu martın 31-də baş tutan” ümumi seçkiləri “diqqətə aldıqlarını” qeyd etdilər. Bununla belə, onlar Dağlıq Qarabağın həm həmsədr ölkələr, həm də başqa bir dövlət tərəfindən müstəqil və suveren dövlət kimi tanınmadığını vurğuladılar. Ermənistan parlamentində belə bu seçki prosedurunu tənqid edən adamlar tapıldı. Ermənistan onların “Artsax respublikası” dedikləri bu qanunsuz qurumu tanımırsa, bu tədbiri keçirənlər məsuliyyətə cəlb edilməli deyillərmi? Özü də koronanın dünyada tüğyan etdiyi günlərdə...” Politoloq mühüm bir məqamı da vurğuladı: “Həmişə Ermənistanyönlü siyasət yürütməkdə olan həmsədrlər bu “seçkilər”in nəticələrini Qarabağın hüquqi statusuna təsir edən amil kimi qəbul etmirlər və nəticələrin heç bir şəkildə Qarabağın son vəziyyətini və ya Qarabağ münaqişəsinin uzunmüddətli və sülh yolu ilə həllinin nəticəsini əvvəlcədən müəyyənləşdirə bilməyəcəyini “ vurğuladılar. Belə də olmalı idi. Separatçıların belə biabırçı şəkildə fiaskoya uğraması Azərbaycanın öz ərazi bütövlüyünü təmin etmək üçün daha sərt addımlar atmasını qaçılmaz edir. Xatırlayırsınızsa, keçən vaxtlarda Dağlıq Qarabağ probleminin həlli ilə bağlı fikirlərimizi səsləndirərkən bəzən bədbinliyə qapılıb dünyada hansısa fövqəladə hadisənin baş verməsini arzulayır və həmin hadisənin bizə imkan yaradacağına ümid edirdik. Ya da Rusiyanın zərərsizləşdirilməsi üçün onun zəifləməsini və çökməsini arzulayırdıq. Həmin fövqəladə hadisə koronavurusun gətirdiyi imkanlardır. İndi nə erməni diasporu, nə də ermənilərin arxasındakı güclər bizim öz torpaqlarımızı azad etmək haqqımıza əlimizdən almaq gücündə deyillər. Hərənin başı özünə qarışıb. Rusiya da neft çöküşünü yaşayır. Nəyi gözləyirik?!”