|
Ötən il Azərbaycan vətəndaşları xaricə 501 milyon dollar göndəriblər

Ölkədə makroiqtisadi mənzərəni görmək, xüsusilə valyuta bazarında durumu analiz etmək üçün 1 nömrəli statistika Mərkəzi Bankın açıqladığı 2019-cu ildəki ödəmələr balansına dair məlumatlardır. 

Bu fikirdə olan iqtisadçı-ekspert Rövşən Ağayevin verdiyi məlumata görə, 2019-cu ildə Azərbaycanın turizm gəlirləri 32 faiz və ya 843 milyon dollar azalaraq 1.8 milyard dollara düşüb: “ Nəzərə alsaq ki, bu cür sürətli kiçilmə Azərbaycan turizm sektorunun regionumuzdakı 2 əsas rəqib ölkəsində böyümə fonunda baş verib, çox mənfi tendensiyadır.

Belə ki, Türkiyənin turizm gəlirləri 25 faiz artıb. Gürcüstan cəmi 1.5 faiz artırıb - amma Gürcüstan buna o şəraitdə nail oldu ki, Rusiya öz vərəndaşlarına və turizm şirkətlərinə Gürcüstana səfərlər təşkil etməyə embarqo qoydu”.

Mərkəzi Bankın açıqladığı məlumata görə, cari hesablar balansının qeyri-neft sektoru üzrə defisiti 4 faiz (təxminən 300 milyon dollar) artıb: “Ölkədən kənarda yaşayan insanlarımızın burdakı yaxınlarına göndərdikləri pul baratlarının həcmi 166 milyon dollar (14 faizə yaxın) azalaraq 934 milyon dollara düşüb. Bu əslində yaxşı tendensiya deyil. Həm burda insanlarımızın gəlirlərinə kənardan gələn remitansların mühüm təsiri var, həm də bu vəsaitlər bizim cari hesablarda kəsiri azaldan əsas mənbələrdən biridir. 2020-ci ildə Rusiyadakı durum onu deməyə əsas verir ki, həmin pul axınları daha da azala bilər - çünki ötən böhranların təcrübəsi göstərir ki, neftin qiymətində kəskin azalma olan dövrlərdə Azərbaycana şimal qonşusunda işləyən insanlarımızdan pul göndərmələri də nəzərəçarpacaq dərəcədə azalır. Ən maraqlısı odur ki, 2019-cu ildə Azərbaycandan xaricə göndərilən pul baratlarının həcmində kəskin artım baş verib - təxminən 40 faiz (140 milyon dollar) artaraq 501 milyon dollara çatıb. Bu pul axınlarının hansı ölkələrə istiqamətlənməsi çox maraqlıdır. Çünki biz uzun illərdir əsassən remitans qəbul edən ölkə olmuşuq. Birdən-birə həm də remitans göndərən ölkəyə çevrilməyimiz çox maraqlı faktdır”.

Balansda diqqəti cəlb edən daha bir maraqlı məqam neft sektoru üzrə məlumatlardır: “2019-cu ildə xarici neft şirkətləri vasitəsilə Azərbayacandan 5.722 milyard dollar vəsait çıxarılıb - ondan 3.222 milyard dollar investisiyaların, 2.500 milyard dollar isə qazandıqları mənfəətin repatriasiyası olub.

Məlumat üçün deyim ki, 2019-cu il ərzində neft sektorunda göstərilən tikinti xidmətləri üçün də qeyri-rezidentlərə 1 milyard dollardan bir qədər çox vəsait ödənib. Nəticədə xarici neft layihələrinə görə ölkədən çıxan xarici valyutanın ümumi həcmi onların işçilərinin maaşları da nəzərə alınmaqla təxminən 7 milyard dollar təşkil edib. Lakin həmin xarici neft müqavilələri çərçivəsində ölkəyə daxil olan valyuta həcmi 4.8 milyard dollara yaxın olub - onun 450 milyon dolları neft bonusu, 4.275 milyard dollar isə neft sektoruna birbaşa investisiya qoyuluşları olub.

Beləliklə, xarici neft kontraktları üzrə tədiyə balansını qiymətləndirməli olsaq, həmin mənbə üzrə balansın ümumu kəsiri 2.2 milyard dollara yaxındır.

2019-cu ildə xarici krediitlərə və qiymətli kağızlar formasında borclara görə 820 milyon dollar ödənib - təxminən 2018-də olduğu qədər”...