|
Hərbi ekspert: “3 aydan bir hərbi çağırış orduya əlavə yüküdür”

Milli Məclisin martın 30-da keçirilən plenar iclasında hərbi xidmətlə bağlı bir neçə məsələ müzakirə olunub. Bunların içində diqqəti cəlb edənlərdən biri hərbi çağırışla bağlıdır. Milli Məclisin komitə sədri Siyavuş Novruzov Milli Məclisdə çıxışında bildirib ki, ildə 4 dəfə hərbi xidmətə çağırış çoxdur və bunu iki dəfəyə endirmək lazımdır. 

Bəs, bu məsələdə hərbi ekspertlər hansı fikirdədir? 

Hərbi ekspert Üzeyir Cəfərov musavat.com-a bildirib ki, Milli Məclisin sözügedən iclasında hərbi çağırışla bağlı başqa bir mühüm təklif səslənib: “Diqqətimi xüsusən cəlb edən iki məsələni  qeyd etmək istərdim. Bunlardan biri iki övladı olan şəxslərin həqiqi hərbi xidmətdən azad olunması və digəri isə Azərbaycanda nəhayət ki, hərbi xidmətə çağırışın 4 dəfədən iki dəfəyə endirilməsidir. Zatən biz bu və digər məsələləri dəfələrlə həm sosial media, həm də gündəlik media üzərindən dəfələrlə ictimailəşdirmişdik. Açığını deyim ki,  biz xeyli müddət bundan öncə dünya və keçmiş MDB məkanında olan təcrübələrdən çıxış edərək bu təklifləri vermişdik. Ancaq zaman keçir və xeyli müddət sonra söylədiklərimiz hansısa millət vəkili tərəfindən gündəmə gətirilir. Yaxşı olmazmı ki, peşəkar ekspertlərin təklifləri zamanında nəzərə alınsın? 

İkinci məsələyə gəlincə, 4 dəfə çağırış Silahlı Qüvvələrin komanda heyəti üçün çox ağır və yüklü bir işdir. Yerlərdə ilin 12 ayının xeyli hissəsi zabit və gizirlər işini-gücünü buraxıb əsgəri çağırışla məşğul olurlar. Axı ildə iki dəfə normal şəkildə çağırışın olması həm işin  keyfiyyətli aparılması, ordu üçün daha sağlam, daha hazırlıqlı çağırışçıların seçilməsi anlamını daşıyır. Bundan əlavə, 6 ay hazırlanan əsgər və ya çavuş potensial vətən müdafiəçisis kimi hazır kadrdır. Biz Azərbaycan Ordusu və bütövlükdə Silahlı Qüvvələrimiz üçün keyfiyyətli əsgər və çavuşlar hazırlamağa borcluyuq. Bir sözlə, mən çağırış sisteminin 4 dəfədən 2 dəfəyə endirilməsinin hətta gecikmiş addım olduğunun qənaətindəyəm. Hərbi çağırış sahəsində xeyli təkmiləşdirmə və yenilənmələr aparılmalıdır. Bu, zamanın və reallqıların tələbidir”.