|
Azərbaycanda böhrandan əziyyət çəkənlərə dövlət dəstəyinin məbləği 2,5 milyard manata qaldırıldı - Video

Biznes və istehlak kreditlərinə tətillər, faiz ödənişlərinə dövlət dəstəyi veriləcək; bütün proqramlar aprelin 3-də Prezidentə təqdim olunacaq
Azərbaycanda koronavirusun yaratdığı böhrandan əziyyət çəkən sahələrə və əhaliyə dövlət dəstəyi 2,5 milyard manatlıq büdcəni əhatə eədəck.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov AzTV-nin “Hədəf” verilişinə müsahibəsində məlumat verib: “Əslində hazırda 1 milyard manat deyil, 2,5 milyard manatlıq dövlət dəstəyindən söhbət gedir. Bu, ölkənin Ümumi Daxili Məhsulunun 3 faizinə bərabərdir. MDB məkanında bu qədər böyük dəstək paketi tətbiq olunmayıb”.

Dövlət dəstəyi nəzərdə tutulan sektorlardan biri də sərnişindaşımadır. Belə ki, işçi qrupların hazırladığı daha bir proqram sərnişindaşıma sahəsində fəaliyyət göstərən subyektlərə dəstəyi nəzərdə tutur. Proqram çərçivəsində AZAL, Metropoliten, Azərbaycan Dəmir Yolu QCS, sərnişindaşıma ilə məşğul digər dövlət və özəl subyektlərə məqsədli dəstək veriləcək. Bundan əlavə, əhalinin elektrik enerjisinin kommunal limitinin artırılması da nəzərdə tutulur.

Nazir qeyd edib ki, bugünkü gündə 2 yeni təklif olunan proqram var: "Bunlardan biri 1 milyard Azərbaycan manatı mövcud kredit portfelinə dəstək proqramıdır. Proqramın mahiyyəti ondan ibarətdir ki, bir sıra sahibkarların, müəssisələrin bank kreditləri var və bu bank kreditlərinin portfelinin keyfiyyətinin qorunub saxlanılsın. Hazırda bu portfelin içərisində olan elementləri bank sektoru ilə - Mərkəzi Bankla, Azərbaycan Bank Assosiasiyası, Sahibkarlar Konfederasiyası və digər subyektlərlə çalışacağıq. Ancaq əsas hədəf yəqin ki, biznes kreditləri olacaq. Ola bilsin ki, həmin proqram çərçivəsində müəyyən həcm istehlak kreditlərinin dəstəyinə aid olsun. Burada daha çox tətillərdən və restrukturizasiyasından söhbət gedir.

Bu proqramın mahiyyəti ondan ibarətdir ki, dövlət bu proqram çərçivəsində xüsusi meyarlara cavab verən, mənfi təsirlərə məruz qalan sektorları əhatə edən, 9-10 mart tarixindən əvvəl götürülmüş, vaxtlı-vaxtında indiyədək xidmət olunan kreditlərə və qeyd etdiyim meyarlara cavab verən kreditlər portfelinə baxaraq, onların faizlərinin ödənilməsində yükü 10% dərəcəsinə qədər – bizim əksər biznes kreditlərimiz 13-14% civarındadır – biznes kreditlərinin faizlərinin ödənilməsinə dövlət tərəfindən Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə dəstək verməkdən söhbət gedir. Beləliklə, effektiv olaraq 1 milyard kredit portfelini sahibkarlara dəstək proqramı kimi görürük".

Nazirin sözlərinə görə, ikinci böyük prqoqram yeni verilən kreditlərə şamil edilir: “Biz istəyirik ki, bundan sonra da bank sektorunda canlanma baş versin və real sektorun kreditləşməsi davam etsin. Burada dövlət dəstəyi kredit məbləğinin 60 faizə qədərinə dövlət zəmanətinin verilməsini və yenə də faiz xərclərinin bir hissəsinin qarşılanmasını nəzərdə tutur. Belə kreditlərin maksimal faiz dərəcəsi illik 15 faizi keçməməlidir. Həmin 15 faizin yarısını – 7,5 faizini SKMF öz üzərinə götürə bilər”.

M.Cabbarov onu da qeyd edib ki, həssas əhali qruplarına dövlət yardımını nəzərdə tutan Sosial proqramı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Maliyyə Nazirliyi ilə birlikdə hazırlayıb. Bu proqram da dövlət başçısına təqdim olunacaq
Aprelin 3-də bütün işçi qruplar ölkə Prezidentinə öz təkliflərini təqdim etməlidilər. Prezident sərəncamında yalnız İqtisadiyyat üzrə işçi qrupunun təkliflərinin bu tarixə hazır olması nəzərdə tutulurdu. Lakin Prezidentin tapşırığı ilə bütün işçi qruplar fəaliyyətini sürətləndirib və aprelin 3-də təkliflərini təqdim edəcəklər.