|
Dünyada koronavirusa yoluxanlar 750 mini keçdi:

Dünyada koronavirus infeksiyasına (COVİD-19) yoluxma və bu virusdan ölüm halları artmaqda davam edir. Hələ ki, bu virusa qarşı peyvənd hazırlanmayıb.

Musavat.com xarici mənbələrə istinadən bildirir ki, hazırda dünyada koronavirusa yoluxanların ümumi sayı 752 min 733 nəfər, ölənlərin ümumi sayı isə 36 min 226 nəfərdir. Siyahıda birinci yerdə   ABŞ-dır. Son 24 saat ərzində ABŞ-da koronavirusa yoluxanların sayı 2 min 40,  ölənlər isə 33 nəfər olub . Bu, ötən günlərlə müqayisədə aşağı göstəricidir. Ümumilikdə bu ölkədə 145 min 531 nəfər koronavirusa yoluxan, 2 min 616 nəfər bu virusdan ölən var.  ABŞ-da ən çox yoluxma Nyu-Yorkda qeydə alınıb. Belə ki, bu şəhərdə ümumilikdə 60  min 679 nəfər koronavirusa yoluxan, 1063 nəfər isə ölən var.  

Dünyanın koronavirusa yoluxan ölkələrinin siyahısında ilk beşlikdə ABŞ-dan sonra İtaliya, İspaniya, Çin, Almaniya gəlir. İtaliyada koronavirusdan son saatlarda yoluxanların və ölənlərin sayında ötən günlərdə olduğu kimi ciddi şəkildə artım olub. Son saatlarda İtaliyada koronavirusa 4 min 50 nəfər yoluxub, 812 nəfər isə ölüb. Ümumilikdə İtaliyada koronavirusa yoluxanların sayı  101 min 739 nəfər, ölənlərin ümumi sayı isə 11 min 591 nəfərdir. Dünyada yoluxanların sayına görə ABŞ birinci yerdə olsa da, koronavirusdan ölənlərin sayına görə ilk yerdə İtaliya gəlir.

İtaliyadan sonrakı sıraya İspaniya yüksəlib. Bu ölkədə yoluxma və ölüm halları sürətlə gedir. Belə ki, son saatlarda İspaniyada bu virusa 5 min 85 nəfər yoluxub, 537 nəfər ölüb.

Çində isə gün ərzində cəmi 31 nəfər yoluxub, 4 nəfər ölüb. İki həftəyə yaxındır ki, bu ölkədə yoluxanların sayı 80 minin üzərində (81 min 470) dayanıb. Ölənlər isə bir həftədən çoxdur ki, 3-4 min arasındadır (hazırda 3 min 304 nəfər). Koronavirusun ilk yayıldığı Uhan şəhərində karantin rejimi də yumşaldılıb.

Almaniyada da yoluxma sayı  artmaqdadır. Bu ölkədə son saatlarda 1494 nəfər yoluxub, 19 nəfər ölüb. Almaniyada ümumi yoluxanların sayı 63 min 929 nəfər, ölən isə 560 nəfərdir.

Ümumilikdə dünyada hazırda 557 min 807 nəfər koronavirus xəstəsi var. Onlardan 28 min 592 nəfərinin vəziyyəti ağırdır.

Bu gün dünyada koronavirusa ümumilikdə 29 min 343 nəfər yoluxub, 2 min 161 nəfər isə ölüb.