“Təklif edirəm ki, tutduğu mövqedən, təmsil olunduğu partiyadan asılı olmadan bütün deputatlar cənab prezidentin səfərlərində, əhali ilə keçirdiyi görüşlərdə iştirak etsin, onlara bu imkan verilsin”.
Deputat Razi Nurullayev bu fikirləri parlamentdəki çıxışında söyləyib.
O, “Tibbi sığorta haqqında” qanun layihəsinin əleyhinə səs verdiyini etiraf edib. Bildirdi ki, Azərbaycan dövlətinin 20 il ərzində imkanları olsa da, məsələ indiyədək həllini tapmayıb və günahkarlar da cəzalandırılmayıb.
R.Nurullayev koronavirusla bağlı təkliflərini də verib: “1 milyon 6 min nəfər muzdlu işçi və rəsmi məlumata görə 5 faiz işsiz var. Bəlkə də işsizlərin sayı çoxdur. Ona görə də ayrılan vəsaitdən həmin insanlar üçün müəyyən məbləğ ayrılmalıdır. İşıq və qaz limitinin aradan qaldırılması və ya sərfiyyatın sıfırlanmasına ehtiyac var”.
Deputat bank kreditlərinin dondurulmasısını da təklif edib: “İnsanlar kreditləri ödəyə bilməyəcək”.
Deputat Hikmət Məmmədov isə apteklərdə tibbi maska çatışmazlığından bəhs edib: “Apteklərə gün ərzində 50-100 arası maska verilir, bu da tələbatı ödəmir. Azərbaycan prezidenti bu məsələ ilə bağlı zəruri addımlar atıb və xahiş edirəm ki, əlaqədar təşkilatlar bu istiqamətdə üzərlərinə düşən vəzifələri icra etsinlər”.
