|
“Evdə qal” kampaniyası oğurluqların, qəzaların da sayını azaldıb - ekspertdən açıqlama

Koronavirusa yoluxmamaq üçün aparılan “Evdə qal” kampaniyası həm də insanlara ev mühitində, çölə çıxmadan vaxtı səmərəli keçirməyə hədəflənib. Vətəndaşlar özlərinin və doğmalarının sağlamlıqları, təhlükəsizliyi naminə evdən çıxmamalıdırlar. Bunun əvəzinə şəxsi bilik və bacarıqlarını inkişaf etdirmək, yararlı fəaliyyət növləri ilə məşğul olmaq tövsiyə edilir. “Evdə qal” kampaniyasının  cinayətkarlığa təsirləri də maraq doğurur. Bu kampaniya dövrü ev oğruları üçün ən “çətin” günlər hesab olunur.  

Daxili İşlər Nazirliyinin saytında yer alan statistik məlumatlara əsasən demək olar ki, bu kampaniya başlayandan ev oğurluqları, yol, istehsalat qəzaları kəskin şəkildə azalıb. 2020-ci il 2 günü ərzində  - 26 və 27 mart tarixlərində respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınan cinayətlərin statistikasına nəzər saldıqda bunu açıq-aşkar sezmək olur.

Statistika belədir:

Martın 27-də gün ərzində törədilmiş 25 cinayətin üstü “isti izlər”lə açılıb. 

Əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 13 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 3 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil veriliblər.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.

Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini N.Nəcəfzadə martın 27-si saat 2 radələrində işlədiyi köşkə gəlmiş şəxslərin ona zor tətbiq edib tütün məmulatı aldığını bildirib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinənlər - Bakı şəhər sakinləri B.Nağızadə, C.Rəhimli, E.Qəhrəmanlı və M.Əliyev müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar. Ətraflarında aparılmış tədbirlərlə onların həmin gün eyni saatda daha bir köşkdən tütün məmulatı oğurlamaları da müəyyən edilib. Araşdırma aparılır.

Qaradağ rayonunun Qobustan qəsəbəsində yaşayan Laləzər Kərimlinin evində qətlə yetirilməsi barədə Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinə məlumat daxil olub. Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. İstintaq-əməliyyat tədbirləri ilə L.Kərimlinin qaynı, əvvəllər məhkum olunmuş S.Kərimov tərəfindən münaqişə zəminində bıçaqla qətlə yetirilməsi müəyyən edilib. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə qəsdən adam öldürməkdə şübhəli bilinən S.Kərimov saxlanılıb.

27 mart 2020-ci ildə Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində metronun 28 May stansiyasında qatarda Bakı şəhər sakini R.Abdullayevanın çantasından 600 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini S.Əliyev saxlanılıb.

Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 2 mağazadan pul, 40 manat dəyərində danışıq kartları və 5 min manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini C.Həsənov saxlanılıb.

Oğurluq etdiyinə görə tutulmuş M.Məmmədovun ətrafında Binəqədi RPİ 40-cı PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki 5 həyətyanı sahədən elektrik naqilləri oğurlaması da müəyyən edilib.

Nərimanov RPİ 17-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 23-də rayon ərazisindəki mağazaların birindən 104 manat pul, 1000 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş B.Abdullayev saxlanılıb. Ətraflarında aparılmış tədbirlərlə onun bir metal qəbulu məntəqəsindən 2945 manat dəyərində metal qırıntıları oğurlaması da müəyyən edilib.

Bakı Şəhər Baş Polis İdarəsi Cinayət Axtarışı İdarəsi və Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində bir avtomobildən qızıl-zinət əşyaları və gödəkcə, digər avtomobildən isə içərisində sürücülük vəsiqəsi olan pulqabı, habelə mobil telefon və 2 ədəd “Wi-Fi” aparatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Həsənov saxlanılib.

Bir gün əvvəl, martın 26-da respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 40 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 25 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 3 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil veriliblər. Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölüb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 24 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb. Həmin gün 23 radələrində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə Bakı-Qazax yolunun 65-ci km-də təyin olunmuş postda Masallı rayon sakini V.Qəmbərov idarə etdiyi “Mercedes” markalı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən polis əməkdaşlarının “saxla” əmrinə tabe olmayıb yüksək sürətlə hərəkətini davam etdirib. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə həmin avtomobil saxlanılaraq sürücüsü ilə birgə Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinə təhvil verilib. V.Qəmbərov barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək cərimə olunub. 

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Lənkəran rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində Liman şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - B.Ağayev və S.Səfərov 1,5 kiloqram tiryəki, 890 qram həşişi və 700 qrama yaxın heroini satarkən saxlanıblar. Davam etdirilən tədbirlərlə B.Ağayevə narkotik vasitəni satmaqda şübhəli bilinənlər - K.Heydərov və Astara rayon sakini E.Xankişiyev də müəyyən edilərək saxlanılmışlar.

K.Heydərovdan 2 kiloqrama yaxın heroin, Astara rayonunun Təngərüd kəndindəki evindən isə 10 kiloqram həşiş, 2,4 kiloqramdan artıq heroin, 100 qramdan artıq metamfetamin və metadon aşkar edilərək götürülüb.

Səbail RPİ 9-cu PB əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini M.Hüseynov saxlanıb. Şəxsi axtarış zamanı ondan marixuana aşkar edilib.

Balakən RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Qullar kənd sakini, əvvəllər məhkum olunmuş V.Əmralıyev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 115 qramdan artıq marixuana, 5 qramdan artıq çətənə toxumu və 1 ədəd bıçaq götürülüb. Ətrafında aparılmış tədbirlərlə onun evindən 7 kiloqram 50 qram marixuana, 104 qramdan artıq çətənə toxumu, 2 ədəd elektron tərəzi, 19 ədəd ov tüfəngi patronu aşkar edilərək götürülüb.

Nəsimi rayonu ərazisindəki “Azərsu” ASC-yə məxsus qorunan su anbarının ərazisinə icazəsiz daxil olmağa cəhd göstərmiş Bakı şəhər sakini A.Həsənov Baş Mühafizə İdarəsinin Həyat əhəmiyyətli obyektlərin mühafizəsi üzrə Polis Alayının əməkdaşları tərəfindən saxlanılaraq Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə təhvil verilib.

Araşdırmalar zamanı onun rayon ərazisindəki bir mağaza 1700 manat dəyərində 2 ədəd mobil telefon və 3 ədəd qol saatı oğurlaması da müəyyən edilib.

“Evdə qal” kampaniyası dövründə daha bir oğurluq  faktı Yasamal RPİ 26-cı Polis Bölməsi tərəfindən qeydə alınıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 4 min manat oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini R.Əliyev saxlanılıb. Məlum olub ki, R.Əliyev mənzil sahiblərinin evdə olmamasından istifadə edərək mənzilə daxil ola bilib.

Ötən günlərlə və ya ötən ilin müvafiq dövrü ilə müqayisə aparsaq, görürük ki, oğurluq, quldurluq cinayətləri, habelə yol, istehsalat qəzaları əhəmiyyətli dərəcədə azalıb.

Sosial şəbəkədə vahimə xəbərləri yayanlar - DİN-dən xəbərdarlıq ...

Sabiq polis rəisi, Elmi-Praktik Hüquq Mərkəzinin rəhbəri Mahmud Hacıyev “Yeni Müsavat”a deyib ki, “Evdə qal” kampaniyası ilk növbədə vətəndaşların həyat və sağlamlıqları üçün olduqca vacib bir kampaniyadır: “Statistik məlumatlardan görünür ki, bu kampaniya dövründə ev oğurluqları minimuma düşüb. Ev oğruları bir evi hədəf seçibsə, ora girənlər artıq risk etdiklərini bilirlər. Ona görə də oğrular evə girməzdən əvvəl müəyyən edirlər ki, evə risk edib girməyə dəyərmi? Ev sahibi, onun gəlirləri haqda informasiya toplayırlar. Evə risk edib girəcəksə, oradan cüzi məbləğ aparacaqsa, belə bir riskə çox vaxt getmirlər. Yetim-yesirin evinə girməkdən çox vaxt çəkinirlər. Buna görə də oğrular çalışırlar ki, evə orada heç kim olmadığı bir vaxtda girsinlər. Bu baxımdan ev oğruluqlarının minimuma düşməsi başa düşüləndir”.

Mahmud Hacıyev deyir ki, “Evdə qal” kampaniyası zamanı qəzaların, istehsalat qəzalarının sayında da azalma müşahidə edilir: “İnsanlar “Evdə qal” kampaniyasına uyğun olaraq evlərini tərk etməməyə üstünlük verirlər. Bu da öz növbəsində onların dünyanı bürüyən koronavirus infeksiyasına yoluxmaqdan sığortalayır, digər tərəfdən də qəzalardan kənar qalmalarına yol açır”.

Mahmud Hacıyev vətəndaşları “Evdə qal” kampaniyasına aktiv şəkildə dəstəkləməyə, riayət etməyə çağırıb.