Pakistanda 25 yaşlı şəxs öz sabiq nişanlısı və onun 9 ailə üzvünün hamısını güllələyərək qətlə yetirib.
Bu barədə məlumat verən polis bildirib ki, Mir Əhməd Şah adlı cinayətkar ölkənin şimal-qərbində yerləşən Xeybər Paxtunkva əyalətinin Çarsədda rayonunda kütləvi qətliamı həyata keçirdikdən sonra qaçıb. Polis hazırda həmin şəxsin axtarışlarına başlayıb.
Məlumata görə, qətliam gecə saatlarında, ev sakinlərinin hamısı yuxuda olarkən, "AK-47" avtomat silahı ilə törədilib. Rayonun polis idarəsinin rəhbəri bildirib ki, öldürülən arasında iki uşaq və dörd qadın da olub.
Mənbənin sözlərinə görə, Mir Əhməd Şah adlı qatil bundan 6 ay əvvəl öz valideynlərini və böyük qardaşlarını da qətlə yetirdiyinə görə, gizli həyat tərzi sürüb. Bu qədər cinayət törətməsinə səbəb isə valideynlərinin qız tərəfinin irəli sürdüyü bəzi təklifləri qəbul etməməsi olub.
