ABŞ-ın dövlət katibi Maykl Pompeo Rusiya, Çin və İranın məqsədyönlü şəkildə Birləşmiş Ştatların koronavirusa qarşı mübarizəsi haqqında dezinformasiyalar yaymaqda günahlandırıb.
Onun sözlərinə görə, hər üç ölkənin hədəfi ABŞ-ın bu istiqamətdə apardığı siyasəti beynəlxalq ictimaiyyətin gözü önündə heçə endirməkdir.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu həftənin əvvəlində “Financial Times” qəzeti Avropa Birliyinin məsələ ilə əlaqədar məxfi hesabatı barədə məlumat verib. Həmin sənəddə kremlpərəst mətbuatın Qərbdə koronavirusla mübarizə üsulları ilə bağlı dezinformasiya siyasətinə başlamasından bəhs olunur.
Hesabat müəlliflərinin fikrincə, həmin kampaniyanın əsas hədəfi Avropa Birliyi sakinləri arasında panika yaratmaq və Avropa cəmiyyətini bölməkdir.
Hələ bu ilin yanvar ayının 22-dən başlayaraq Avropa Birliyinin ekspertləri “COVİD-19” virusu ilə əlaqədar Rusiyada dövlətin nəzarət etdiyi kütləvi informasiya vasitələrində, o cümlədən sosial şəbəkələrdə yüz minlərlə yalançı akkaunt vasitəsilə təhrif olunmuş məlumatların yayıldığını təsbit etdiklərini açıqlayıblar.
Fransadakı “sarı jiletlilər”in etirazları zamanı xüsusi canfəşanlıq edən həmin hesablar indi də ingilis, fransız, italyan, alman və ispan dillərində tvitter və “facebook”da Qərb hakimiyyət orqanlarının koronavirusla mübarizədə heç bir iş görmədikləri barədə aramsız statuslar paylaşırlar.
Bundan başqa onlar koronavirusu “Qərbin əlində silaha çevrilən süni xəstəlik” kimi təqdim edirlər.
Avropa Birliyi Xarici siyasət xidməti bu sənədi şərh edərək, dezinformasiyalara qarşı monitorinqləri gücləndirdiyini, bunun üçün NATO və “G7” ölkələrinin xüsus xidmət orqanları ilə əməkdaşlıq etdiklərini bildirib.
“AFP” agentliyi isə Dövlət departametinin ABŞ-ın xaricdə fəaliyyət göstərən diplomatlarına sosial şəbəkələrdə Rusiya tərəfindən aparılan dezinformasiya siyasətinə qarşı tədbirlər görməyi tapşırdığını yazıb.
