|
Ticarət mərkəzləri sükuta qərq olub: satan var, alan yox...

Son günlər alış-veriş sıfıra enib

Azərbaycanda koronavirus tədbirləri çərçivəsində restoranlar, kafelər, ticarət mərkəzləri ilə bağlı da xüsusi qaydalar tətbiq edilib. Ötən sayımızda restoranlar və kafelərdəki vəziyyətlə bağlı geniş material hazırladığımız üçün bu yazıda həmin məsələyə toxunmuruq. Bəs insanların üz tutduqları mollarda, istirahət mərkəzlərində vəziyyət necədir?

“Yeni Müsavat”ın əməkdaşı mollarda olub və hazırkı vəziyyətlə maraqlanıb.

Mollarda koronavirusla bağlı xüsusi rejimin tətbiq edilməsi hələ girişdən hiss olunur. Belə ki, olduğumuz “28 Mall”, “Gənclik Mall”da girişdə dezinfeksiya məqsədilə xüsusi maddənin qoyulduğunun şahidi olduq. İnsanlar içəri daxil olan zaman əllərini həmin məhlulla dezinfeksiya edə bilərlər. Bundan əlavə, qapıda dayanan mühafizəçilər də qoruyucu maskalardan istifadə edirdilər. Eyni zamanda girişdə təmizlikçilərin də çalışdıqlarını, tez-tez pilləkənləri silmələrini müşahidə etdik. Ticarət mərkəzlərinin mağazalarında isə demək olar ki, müştərilərə rast gəlmədik. Bütün mağazalarda satıcılar qoruyucu maskalardan istifadə edirlər. Bəziləri hətta əllərinə də tibbi əlcək taxırlar. Lakin mağazalara daxil olan yoxdur. Müştərisiz qalan satıcılar bildirdilər ki, hər gün saat 20:30-da mağazaları bağlayırlar. Saat 21:00-da isə özləri mağazaları tərk edirlər. Söylədilər ki, son günlərdə alış-veriş sıfıra enib.

Əyləncə mərkəzlərində kimsəyə rast gəlmədik. Orada da  həyat “donmuşdu”. Mall-ların sanitar qovşaqlarının girişində xüsusi dezinfeksiyaedici məhlulun qoyulduğunu müşahidə etdik. Həmin məhlulun üzərinə “Koronavirusa yoluxma riskini azaltmaq üçün” sözləri yazılıb. Buraya gələn insanlar giriş-çıxışda əllərini həmin xüsusi məhlul vasitəsilə dezinfeksiya edə bilirlər.

Eyni zamanda sanitar qovşaqlarda birdəfəlik istifadə üçün quru salfet aparatları da qoyulub. Əvvəlkindən fərqli olaraq insanlar əllərini qurutmaq yerinə həmin salfetdən istifadə etməklə, əllərini qurulayırlar.

Nazirlər Kabinetinin yanında Operativ Qərargahdan məlumat verilib ki,  14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində bəzi sosial izolyasiya tədbirlərinin tətbiqi nəzərdə tutulub.

Həmin tədbirlərdə ölkə üzrə fəaliyyət göstərən alış-veriş mərkəzlərinin fəaliyyətinin müvafiq qaydalara riayət olunaraq həyata keçiriləcəyi qeyd edilir. Bu istiqamətdə müvafiq dövlət strukturları arasında aparılmış müzakirələr əsasında koronavirus infeksiyası ilə mübarizə çərçivəsində alış-veriş mərkəzlərinin fəaliyyətini tənzimləyən aşağıdakı qaydalar müəyyən olunur: əyləncə məkanlarının, xüsusilə uşaq əyləncə məkanlarının fəaliyyətinin dayandırılması, alış-veriş mərkəzlərində yerləşən ictimai iaşə obyektlərində (kafe və restoranlarda) Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müəyyən olunmuş profilaktik metodiki göstərişlərə riayət edilməsi; girişlərdə hərarət ölçmə qurğularının istifadəsi ilə girişdə bütün daxil olanların hərarətinin yoxlanılması (parklanma girişləri daxil olmaqla); xidmət göstərən personalın xüsusi geyim vasitələri ilə təmin edilməsi; havalandırma sistemlərinin işlək olması; sabun və su əl yuma stansiyaları mövcud olmayan yerlərdə alkoqol əsaslı dezinfeksiya dispenserlərinin quraşdırılması və saxlanması; iş saatlarında dezinfeksiya tədbirlərinin mütəmadi həyata keçirilməsi (əsasən işlək sahələrdə giriş-çıxış, lift, kassa və s.); alış-veriş mərkəzlərində mütəmadi gigiyena qaydaları ilə bağlı səsli anonsların verilməsi və sairə.

Mallar-da olduğumuz zaman bu tətbiqlərin əksəriyyətinə əməl olduğunun şahidi olduq. Lakin temperatur ölçən cihaz görmədik. Öyrəndik ki, yaxın günlərdə həmin cihazlar da gətiriləcək.

“Park Bulvar” ticarət mərkəzində də qaydalara əməl edilir. Burada da dezinfeksiya tədbirləri görülür, işçilər xüsusi geyimdə, maskada xidmət aparırlar. Eyni zamanda bu ticarət mərkəzinin də əyləncə zalları müvəqqəti olaraq qaydalara riayət edib, fəaliyyətlərini dayandırıblar. Ticarət mərkəzinin girişində insanların hərarətini ölçən xüsusi kamera da qoyulub. İçəri keçənlərin hər birinə bu kamera vasitəsilə nəzarət edilir. Əgər kiminsə hərarəti yüksəkdirsə, o, karantinə alınır, tezliklə lazımi yerlərə məlumat ötürülür. Ümumilikdə “Park Bulvar”ı da ziyarət edənlərin sayı kəskin azalıb. İnsanlar koronavirusla bağlı edilən xəbərdarlıqlara məhəl qoyub, təhlükəsizlik məqsədilə bu kimi yerlərə gəlmirlər.

Ticarət mərkəzinin mətbuat katibi Günay Novruzova mətbuata açıqlamasında bildirib ki, ticarət mərkəzi bir neçə dəfə dezinfeksiya olunub. O bildirib ki, hər gün gigiyenik tədbirlər görülüb.

Hələ ki bütün alış-veriş mərkəzlərinin birdəfəlik bağlanması ilə əlaqədar ölkədə rəsmi qərar yoxdur. Lakin ticarət mərkəzlərinin rəsmiləri bildiriblər ki, dövlət tərəfindən belə bir qərar verilərsə, buna əməl edəcəklər.