Milli Məclisdə koronavirus müzakirələri - komitə və komissiya iclasları müvəqqəti dayandırıldı; epidemioloji vəziyyətlə əlaqədar qanunları pozanlar ciddi cəzalandırılacaq
Martın 17-də Milli Məclisin növbəti plenar iclası keçirildi. Parlament sədri Sahibə Qafarova çıxışında dedi ki, koronavirus səbəbindən dünyanın bir çox ölkələri bu təhlükəli virusun qarşısını almaqdan ötrü vacib işlər həyata keçirir. Xanım spiker Azərbaycanın baş nazirinin koronavirusla bağlı təlimatından da bəhs etdi. “Vəziyyət düzələnədək komitə və komissiya iclaslarını dayandırmaq lazımdır”, S.Qafarova bildirdi. Sədr dedi ki, Azərbaycan dövləti təhlükənin böyüməsinin qarşısını almaq üçün bütün addımları atır: “Ancaq bu, adi epidemiya deyil və çox sürətlə yayılır. Ona görə də hər birimiz üzərimizə düşən vəzifələri yerinə yetirməliyik. Qanun layihələri qısa müddətdə qəbul edilib həyata keçirilməlidir ki, bu istiqamətdə lazımi işlər həyata keçirilsin”.
S.Qafarova təklif etdi ki, gündəlikdəki 4 layihənin bu gün ərzində və bir oxunuşda qəbul olunsun. Məsələ səsə qoyularaq 115 səslə qəbul edildi.
İclasda İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirə olundu.
Parlament sədrinin birinci müavini Əli Hüseynli layihə barədə məlumat verdi. Qeyd edək ki, layihədə koronavirus təhlükəsi ilə bağlı cəzaların sərtləşdirilməsi nəzərdə tutulur. Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “epidemioloji vəziyyətlə əlaqədar qanunları pozanlar ciddi şəkildə cəzalandırılmalıdır” dedi. Ə.Əmiraslanov əhalinin bu məsələyə kifayət qədər ciddi yanaşmadığından şikayətləndi. Dedi ki, əksəriyyət xaricdən Azərbaycana gələn yaxınlarının karantində saxlanılmasını istəmir və bundan yayınır: “Bir nəfər virus daşıyıcısı bir neçə yüz sağlam insanı yoluxdura bilər. Ona görə karantin işinə çox ciddi fikir verilməlidir. Koronavirusdan qorxmaq lazımdır. Amma ajiotayın, panikanın yayılması epidemiyaya qarşı mübarizəni zəiflədə bilər. İnsanlarımız dərk etməlidir ki, bu, çox təhlükəli virusdur. Dövlət əlindən gələni edir. Amma şəxsi gigiyenamıza diqqət etməklə həm də dövlətə kömək etmiş olarıq”.
Səhiyyə komitəsinin üzvü, deputat Rəşad Mahmudov virusu ciddiyə almağı vacib sayaraq bildirdi ki, bu xəstəlik ağırlaşdıqda dünyanın ən aparıcı xəstəxanalarında belə, 90 faiz ölümlə nəticələnir. “Biz bu təhlükəyə hökumətin qəbul etdiyi qərarlara əməl etməklə, çox az zərərlə qalib gələ bilərik”, deyə, deputat əlavə etdi. R.Mahmudov bu dönəmdə fədakarlıq göstərən səhiyyə işçilərinə gördüyü işlərə görə təşəkkür etdi: “45 gündən çoxdur ki, səhiyyə işçilərimiz hava limanlarında, gömrük məntəqələrində, digər ünvanlarda fəaliyyət göstərirlər”.

Deputat ölkə başçısının koronavirus təhlükəsinə qarşı mübarizə tədbirləri çərçivəsində verdiyi mühüm qərarlardan danışdı. Bildirdi ki, Prezidentin tapşırığı ilə bir gündə 200 süni nəfəsalma aparatı alınaraq ölkəmizə gətirilib. R.Mahmudov sonda təklif etdi ki, Novruz bayramı günündə eyni vaxtda hər kəs bir şam yandırıb eyvana çıxsın və koronavirus təhlükəsinə qarşı milli həmrəyliyimizi bu şəkildə ifadə edək.
Milli Məclisin vitse-spikeri Adil Əliyev də təhlükəli virusdan bəhs etdi. “Bizim hər birimizin toxunulmazlığı var, amma koronavirusdan toxunulmazlıq imkanımız yoxdur”- deyə, vitse-spiker bildirdi. A.Əliyev İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə münasibəti zamanı dedi ki, qaydaları sərtləşdirməkdə məqsəd insanların sağlamlığını qorumaqdır.
Vitse-spiker kişilərin öpüşməmək məsələsində də böyük təbliğata ehtiyac olduğunu bildirdi: “Fürsətdən istifadə edib Azərbaycanda kişilərin öpüşməsinin qarşısını almaq üçün təbliğatın aparılmasını təklif edirəm”.
Deputat Qüdrət Həsənquliyev hökumətin koronavirus təhlükəsi ilə bağlı xəbərdarlıq və təlimatından bəhs etdi. Qeyd etdi ki, parlament də hökumətin tələblərinə, təlimatlarına əməl etməlidir. Ona görə də deputat təkrarlanan çıxışların dayandırılmasını və qanun layihələrinə dəyişikliklərin operativ şəkildə qəbul olunmasını zəruri saydı.
Parlament sədri Sahibə Qafarova Daxili Nizamnaməyə dəyişiklik olunmasını təklif etdi. Bildirdi ki, çıxışlar üçün reqlamentin 10 dəqiqədən 3 dəqiqəyə endirilməsi zərurəti yaranıb.
Məsələ səsə qoyuldu, 100 nəfər lehinə, 2 əleyhinə olmaqla dəyişiklik qəbul edildi.
Milli Məclisin iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev koronavirusla mübarizədə səhiyyə işçilərinin böyük fədakarlıq göstərdiyini bildirdi və onların əməyinin qiymətləndirilməsini zəruri saydı. “Azərbaycanda tibb işçilərinin maaşlarına əlavə edilməlidir” - M.Quliyev əlavə etdi. Komitə sədri bildirdi ki, Azərbaycanda koronavirusla əlaqədar həkimlər güclü rejimdə işləyir. “Buna görə də həkimlərin maaşları ya artırılmalı, ya da maaşlara əlavələr edilməlidir. Digər tərəfdən isə onlara mükafatlar da verilə bilər”,-deyə M.Quliyev bildirdi.

Deputat Fazil Mustafa “”Səsə qoyun", deyənlərin də, təkid edənlərin də öz hüquqları var, bu hüquqlara hörmət etmək lazımdır", deyərək müzakirələrin kəsilməsini təklif edənlərə reaksiyasında bildirdi və israrla söz aldı. F.Mustafa dedi ki, koronavirusla mübarizədə əsas faktor vətəndaş intizamıdır, nə spirtdir, nə maskadır. “Biz hər vətəndaşın yanına bir tibb bacısı, bir polis qoya bilmərik. Yalnız maarifçiliklə kifayətlənmək olmaz. Qorxutmasan, Azərbaycan cəmiyyətində hələ də xeyli insan bunu lağlağıya çevirib, qeyri-ciddi yanaşmaqdadır. Qanunvericiliyə dəyişikliyi dəstəkləyirəm. Məncə, koronavirusla bağlı ayrıca qanunun qəbul olunmasına da ehtiyac var. Koronavirus prosesi başa çatandan sonra bu qanun da qüvvədən düşəcək”.
Deputat Vahid Əhmədov isə söz alaraq müzakirələrin dayandırılmasını təklif etdi. Sədr dərhal təklifi səsə qoydu, 103 lehinə, 3 əleyhinə olmaqla müzakirələr dayandırıldı.
Bundan sonra İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklər səsə qoyuldu və yekdilliklə qəbul edildi.
Beləliklə, Milli Məclisin plenar iclasında İnzibati Xətalar və Cinayət məcəllələrinə dəyişikliklər müzakirəyə çıxarılaraq qəbul edildi. İlk layihəyə görə, Azərbaycanda gigiyena və karantin rejimlərini pozanlar cərimələnəcəklər. Belə ki, sanitariya, gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 100 manatdan 200 manatadək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə ediləcəklər. Yaxud işlərin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə həbs tətbiq olunur. Hüquqi şəxslər 2 min manatdan 5 min manatdək cərimə ediləcəklər.
Cinayət Məcəlləsinə isə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması adlı 139-1-ci maddə əlavə olunur. Əlavəyə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması, xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda - iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda - üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Hər iki layihə səsə qoyularaq qəbul edildi.
Milli Məclisin plenar iclasında “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanun layihəsi müzakirə edildi.
“Bütün dünyada olduğu kimi, bu virusun Azərbaycanda da sahibkarlıq subyektlərinə təsirsiz ötüşməyəcəyi məlumdur”. Bunu Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Tahir Mirkişili dedi. Koronavirusun xüsusən turizm və nəqliyyat kimi sahələrə ciddi təsir göstərəcəyini qeyd edən T.Mirkişili bildirdi ki, Azərbaycanda sahibkarlıq fəaliyyətinin dəstəklənməsi dövlət siyasətidir: “Bu vəziyyətdən sahibkarların ən az ziyanla çıxması üçün sahibkarların da bir-birinə tətbiq edəcəyi güzəştlər önəmlidir”.
Deputat Naqif Həmzəyev dedi ki, bəzi vətəndaşlar banklardan kredit götürüb toy günlərini müəyyən etdikləri halda, toy mərasimləri təxirə salınıb. Ona görə də deputat banklara xitabən vətəndaşlara möhlət verilməsinə çağırış etdi: “Vətəndaşların böyük əksəriyyəti toy məclislərini həyata keçirmək üçün kredit götürüblər. Buna görə də onlar banklara borcludurlar. Belə görünür ki, mart və aprel ayında toy mərasimləri keçirilməyəcək və onlar kreditləri ödəməkdə çətinlik çəkəcəklər. Mümkünsə, banklara müraciət edək, ən azından bu 2 ay ərzində vətəndaşlara gecikmələrə görə cərimələr tətbiq edilməsin”. Deputat koronavirus epidemiyasının yayılmasının qarşısının alınması məqsədi ilə evdə oturan vətəndaşları nəzərə alaraq, internet provayderlərinin gücləndirilmiş iş rejimində işləməsi təklifini də səsləndirdi.
Deputat Hikmət Babaoğlu dedi ki, koronavirus infeksiyası dünyanın 162 ölkədə yayılıb: “Ancaq çox sevindirici haldır ki, Azərbaycanda bu virus az yayılıb”. Deputat bildirdi ki, virusla yanaşı informasiya pandemiyası da təhlükəlidir: “İnsanlara vaxtında və düzgün məlumat yayılmalıdır ki, panikaya yol verilməsin”.
Milli Məclisin mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva də öz növbəsində panikaya yol verməməyə, amma təhlükəni ciddiyə almağa çağırdı: “İtaliyada insanların koronavirus təhlükəsini ciddiyə almamaları ölkədə bu virusun sürətli yayılmasına səbəb oldu. Ona görə də insanlarımız bu virusa ciddi yanaşmalıdır”. Deputat bildirdi ki, insanlar bu virusla mübarizəyə ciddi yanaşmalıdır: “Hər birimiz Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi təlimatlarının həyata keçirilməsində fəal olmalıyıq. Əgər fəal olarıqsa, biz bu virusun qarşısını tez bir zamanda almış olarıq”. Q.Paşayeva bu məsələdə mətbuatın rolunu yüksək qiymətləndirdi.
Deputat Sabir Rüstəmxanlı qanun layihəsində dil qaydalarının pozulması ilə bağlı fikirlərini çatdırdı.
Deputat Erkin Qədirli isə dedi ki, hökumət sosial şəbəkələrə uduzub: “Yalana qarşı həqiqətlə çıxmaq lazımdır. Ən çətini inandırıcılıqdır. Biz cəmiyyət olaraq uduzuruq. Beynəlxalq səviyyədə də uduzuruq...” Daha sonra əlavə etdi ki, sosial şəbəkələr təxribat sayılacaq məlumatlarla, lağlağılarla doludur. E.Qədili dedi ki, parlamentin öz kanalı olmalıdır: “Həm telekanalı, həm də Youdube kanalı. Seçicilərin əksəriyyəti komitələrdəki fəaliyyətdən xəbərsizdir”.
Sədr dedi ki, iclas əksər telekanallarda öz əksini tapdı. Bu istiqamətdə təkliflər var, nəzərə alınacaq.
Yekunda “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişiklik müzakirə olundu. Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc layihə barədə məlumat verdi. Bildirdi ki, sənədə təklif olunan dəyişikliklə internet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatında aşağıdakı yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verməməlidir: “İnsanların həyat və sağlamlığına ziyan vurulmasına, əhəmiyyətli əmlak ziyanının törədilməsinə, ictimai təhlükəsizliyin kütlləvi sürətdə pozulmasına, həyat təminatı obyektlərinin, maliyyə, nəqliyyat, rabitə, sənaye, energetika və sosial infrastruktur obyektlərinin fəaliyyətinin pozulmasına və başqa ictimai təhlükəli nəticələrin baş verməsinə təhdid yaradan yalan məlumatlar yerləşdirilməməlidir”.
Müzakirələrdən sonra dəyişiklik qəbul edildi.
