Milli Məclisin plenar iclasında koronavirus müzakirələri davam edir. Səhiyyə komitəsinin üzvü, deputat Rəşad Mahmudov virusu ciddiyə almağı vacib sayaraq bildirdi ki, bu xəstəlik ağırlaşdıqda dünyanın ən aparıcı xəstəxanalarında belə, 90 faiz ölümlə nəticələnir.
“Biz bu təhlükəyə hökumətin qəbul etdiyi qərarlara əməl etməklə, çox az zərərlə qalib gələ bilərik”, deyə, deputat əlavə etdi.
R.Mahmudov bu dönəmdə fədakarlıq göstərən səhiyyə işçilərinə gördüyü işlərə görə təşəkkür etdi: “45 gündən çoxdur ki, səhiyyə işçilərimiz hava limanlarında, gömrük məntəqələrində, digər ünvanlarda fəaliyyət göstərirlər”.
Deputat ölkə başçısının koronavirus təhlükəsinə qarşı mübarizə tədbirləri çərçivəsində verdiyi mühüm qərarlardan danışdı. Bildirdi ki, Prezidentin tapşırığı ilə bir gündə 200 süni nəfəsalma aparatı alınaraq ölkəmizə gətirilib. R.Mahmudov sonda təklif etdi ki, Novruz Bayramı günündə eyni vaxtda hər kəs bir şam yandırıb eyvana çıxsın vəkoronavirus təhlükəsinə qarşı milli həmrəyliyimizi bu şəkildə ifadə edək.
