|
Referendum iddiası təsdiqlənmədi

Vitse-spiker ölkədə referendum gözlənilmədiyini açıqladı; politoloq: “Niyə iki dəfə...”

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalının verdiyi referendum anonsu gündəmi zəbt etməkdədir. Deputat konstitusiyada dəyişikliklərin edilməsi üçün referendum keçiriləcəyini ehtimal edib.

Partiya sədri parlament seçkilərinin qarışıq, yəni majoritar və proporsional sistem əsasında keçirilməsinin partiyaların siyasi sistemdə yerlərini və rollarını gücləndirə biləcəyinə ümid edir. Deputat bütün bunların  ölkə prezidentinin ortaya qoymuş olduğu siyasi iradənin və islahatların mahiyyətindən irəli gəldiyini düşünür.

F.Ağamalının dediklərinə fərqli baxışların şahidi olmaqdayıq. Doğrudur, müxalif düşərgə onun fikirlərini tam dəstəkləyir. Amma qısa bir zaman kəsiyində referendumun baş tutacağına inanmayanlar çoxluq təşkil edirlər. Buna səbəb də ölkəmizdə parlament seçkilərinin yeni keçirilməsidir. Digər tərəfdən, dünyanı ağuşuna alan koronavirus təhlükəsi səbəbindən yaxın aylarda referendumun baş tutması mümkünsüz hesab olunur.

Əli Hüseynli ile ilgili görsel sonucu

Milli Məclisin birinci vitse-spikeri, Hüquq və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Modern.az-a müsahibəsində F.Ağamalının dediklərinə münasibət bildirib.

Sitat: “Millət vəkili Fəzail Ağamalının bu təklifi partiya sədrinin fikri kimi qəbul olunmalıdır. Qeyd etməliyəm ki, zamanında konstitusiyaya bir sıra əlavə və dəyişikliklərin təşəbbüskarı məhz hüquq siyasəti və dövlət quruculuğu komitəsi olub. Amma birmənalı bildirirəm ki, hazırda konstitusiyaya əlavə və dəyişikliklər və ya referendumun keçirilməsi ilə bağlı rəsmi hüquq icitmaiyyətinin heç bir təklifi mövcud deyildir. Xahiş edirəm bunu nəzərə alasınız”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu: ile ilgili görsel sonucu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu: “Bu məsələ seçkidən əvvəl müzakirə olunmalı idi. Çünki parlament seçkiləri keçirilib, yəni qatar gedib. Doğrudur, prezident çıxışında siyasi partiyalar haqqında müəyyən fikirlər söylədi ki, inkişaf olmalıdır. Sonra Fəzail bəyin dilindən səsləndi ki, proporsional seçki sistemi tətbiq olunacaq. Amma yaxşı xatırlayıram ki, bir neçə ay öncə müsahibəsində prezident demişdi ki, Azərbaycan üçün ən yararlı majoritar seçki sistemidir, çünki millət vəkili vətəndaşla birbaşa təmasda olur, vətəndaşın problemləri ilə maraqlanır. Ölkə başçısı onu da dedi ki, majoritar seçki sistemində hansı dairəyə bağlı olduğun məlumdur. Bu fikirlərdən sonra hansısa ciddi dəyişikliklərin ola biləcəyi, açığı, məndə suallar doğurur. Hətta fikirlər var ki, millət vəkillərinin sayı artırıla bilər. Amma parlament də yenidən fəaliyyətə başlayıb. Əgər bütün bunlar olacaqdısa, məntiqlə bunlar seçkidən əvvəl olmalı idi ki, bir daha seçki keçirilməsin. Belə fikirlər də var ki, Fəzail bəy bu fikirləri söyləyərkən hakimiyyətin hansısa qoluna istinad edir. Yenə də mən məsələlərə məntiqlə yanaşıram, prezidentin açıqlamalarına istinad edirəm. Ölkə başçısı deyir ki, majoritar üsul məqbul üsuldur. Əgər bu varsa, qısa zamanda proporsional sistemə keçid ciddi suallar doğurur”.

Politoloq hər iki sistemin əhəmiyyətindən də söz açdı: “Şəxsən mən özüm də qarışıq sistemin tərəfdarıyam. Çünki majoritar və proporsional seçki sistemləri siyasi partiyaların inkişafına təkan verərdi. Prezidentin parlamentdəki çıxışından belə qənaətə gəldim ki, yaxın vaxtlarda siyasi partiyalar haqqında qanuna da müəyyən dəyişikliklərin edilməsi mümkündür. Təsadüfi deyil ki, Milli Məclis sədrinin müavinlərindən biri Sabir Rüstəmxanlının VHP-sindən oldu. Komitə sədrlərinin müavinlərinin əksəriyyəti də bu şəkildə oldu. Hiss olunur ki, ölkə başçısının özü də siyasi partiyaların inkişafını istəyir. Rəqabət mühitinin yaranmasında maraqlıdır. Prezident bir maraqlı fikir söylədi ki, Yeni Azərbaycan Partiyası var, bu o demək deyil ki, dialoq mühiti olmayacaq, müxtəlif partiyalar olmalıdır ki, Yeni Azərbaycan Partiyası monoloq yox, o biri partiyalarla dialoq aparsın. Fəzail bəyin dediklərinə bir daha qayıdaraq, onu deyə bilərəm ki, bu il proporsional seçki sisteminə tam keçidin baş verə biləcəyinə tam əmin deyiləm, referendumun olacağına da kimsədə tam əminlik yoxdur. Amma bütün bunlara baxmayaraq, müəyyən şayiələr var və bunlarla mən də tanışam. Belə fikirlər də var ki, bu parlament seçkiləri ara seçkiləridir. Bir müddətdən sonra yenidən seçkilərin keçirilə biləcəyi barədə bəzi fikirlər də səslənməkdədir. Amma yenə də məntiqi sual doğur. Əgər hakimiyyət ciddi dəyişikliklərdə, siyasi partiyaların inkişafında maraqlı idisə, fevralın 9-da keçirilən parlament seçkilərində bunu həyata keçirə bilərdi. Niyə iki dəfə parlament seçkiləri keçirilsin? Açığı, bu suala cavab tapmaqda çətinlik çəkirəm”.