Bir mənzili bir neçə nəfərə satmaqda ittiham edilən şəxsin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham edilən Elmira Şirinova və 1985-ci il təvəllüdlü Samir Quliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.
Əvvəlcə dövlət ittihamçısı çıxışında Samir Quliyevin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Prokuror Elmira Şirinov barəsindəki cinayət işinə xitam verilməsini istəyib.
Samir Quliyevin vəkili Vasif İsrafilov müdafiə çıxışında Samir Quliyev barəsində bəraət hökmü çıxarılmasını xahiş edib.
Samir Quliyevin vəkili Vasif İsrafilov bildirib ki, bu iş üzrə cinayət işi açılan zaman Samirə əvvəlcə saxta sənəd hazırlama və saxta sənəd hazırlamağa görə məsləhət vermə ittihamı irəli sürüblər və onu həbs ediblər.
Müdafiəçi deyib ki, Samir həbs ediləndən sonra ona qarşı dələduzluq ittihamı ilə də ittiham irəli sürülüb.
Vəkilin sözlərinə görə Samirə 4 epizod üzrə ittiham irəli sürülüb, amma bunu sübut edən faktlar olmayıb: "Elmira Şirinova mənzilləri özü satıb. Bunu mətbuata verdiyi videomüsahibəsində də təsdiqləyib. Elmira Şirinova əvvəlcə istintaqda Samirlə əlbir olduğunu deyib. Amma daha sonra istintaq orqanına ərizə ilə müraciət edərək bunun həqiqət olmadığını deyiblər. Elmira Şirinova Samirə qarşı qərəzli olduğu üçün onun haqqında belə bir ifadə işlədib.
Daha sonra isə istintaqdan Elmira Şirinovadan Samirə qarşı daha bir qərəzli ifadə alıblar. Guya Samir Elmira Şirinovadan məhkəməyə rüşvət kimi vermək üçün 30 min manat alıb. Amma rüşvətin kimə, nə vaxt verdiyini sübut edən heç bir fakt yoxdur. Sadəcə, zərərçəkənləri sakitləşdirmək üçün belə bir addım atıldı və Samir həbs edildi. Halbuki MTK-da ev alqı-satqını mərhum Elmira Şirinovanın nəvəsi Fatma və Ağa həyata keçirirdi. Onlar kənarda qalıb, amma Samir saxlanılıb".
Vəkil çıxışında deyib ki, Samir Elmira Şirinovadan məhkəməyə rüşvət kimi vermək üçün 30 min manat alması epizodu da öz təsdiqini tapmayıb. Çünki Elmira Kərimovanın pulu verdiyini dediyi vaxt Samir başqa yerdə olub. Bunu anten məlumatları da təsdiq edib.
Məhkəmə müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən Samir Quliyev barəsində bəraət hökmü çıxarılıb. O, məhkəmə zalından azadlığa buraxılıb.
Bildirək ki, Elmira Şirinova ''Bulaq-2'' Mənzil Tikinti Kooperativinin rəhbəri olub. MTK Binəqədi rayonu Cəfər Xəndan küçəsində çoxmərtəbəli bina inşa etdirib.
O, 2015-ci ildə təhvil verilməli olduğu binanı vaxtında inşa etməyib. Bundan əlavə isə mənzilləri 2-3 nəfərə satıb.
Elmira Şirinovanın əməlləri Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırılıb.
Onunla əlbir olmaqda suçlanan Samir Quliyev də cinayət məsuliyyətinə cəlb edilib.
Məlumat üçün bildirək ki, Samir Quliyev mərhum Elmira Şirinovanın nəvəsinin keçmiş həyat yoldaşıdır. Samir Quliyev bir neçə ay MTK-da Elmira Şirinova ilə çalışıb. Mənzil satışında baş verən problemlərdən sonra Samir Quliyev Elmira Şirinova ilə işinə son qoyub. Həmçinin 2014-cü ildə isə E.Şirinovanın nəvəsindən boşanıb. MTK-dakı fırıldaqlarla vağlı məlumatlar isə 2015-ci ildən mətbuatda dərc edilib.
Elmira Şirinova bir mənzili 2-3 nəfərə satdığını mətbuata videomüsahibəsində etiraf edib və problemi qısa zamanda həll edəcəyibi deyib. Amma vədlərinə əməl etməyib.
Qeyd edək ki, Samir Quliyev həmçinin Binəqədi bələdiyyəsinin sədrinin müavini olub.
Bu öz üzrə ümumi 27 nəfər zərərçəkmiş şəxs var. Samir Quliyevə qarşı Cinayət Məcəlləsinin dələduzluq və rüşvət verməyə təhrik etmə maddələri ilə ittiham irəli sürülüb.
