Milli Məclis “Əmanətlərin tam sığortalanması haqqında” qanun layihəsini müzakirə edərək qəbul etdi.
Müzakirələr zamanı deputat Musa Quliyev ölkədə yaşanan ajiotaja ehtiyac olmadığını vurğulayaraq, neftin qiymətinin düşməsinin koronavirusla əlaqədar olduğunu bildirdi. O dedi ki, bu, 1-2 aydan sonra ötüb keçəcək. M.Quliyev bir neçə il əvvəl Türkiyə vətəndaşlarının əllərdəki dolları lirəyə dəyişdiyini xatırlatdı və mediada vətənpərvərlik, milli ruhu təbliğ etməyə çağırdı.
Deputat İlham Məmmədov isə əmanətlərin sığortalanması müddətinin 9 aydan 1 ilə qaldırılmasını təklif etdi, dedi ki, müddətin artırılması əhalidə inamın artırılmasına da rəvac verər.
Komitə sədri Tahir Mirkişili isə vaxtın uzadılması barədə təkliflərə cavabında dedi ki, əmanətlərin sığortalanması ilə bağlı hökumət yeni mexanizmin hazırlanmasına start verib. T.Mirkişili əmanətlərin sığortalanması üçün 9 aylıq müddətin qoyulmasını məqbul hesab etdi.
Bundan sonra qanun layihəsi səsverməyə çıxarıldı və yalnız 2 nəfər əleyhinə olmaqla qanun layihəsi qəbul edildi.
Xatırladaq ki, “Əmanətlərin tam sığortalanması haqqında” qanun 2016-cı il martın 4-dən qüvvəyə minib və bu il martın 4-də qüvvədə olma müddəti başa çatıb. 2016-cı il martın 4-dək Əmanətlərin Sığorta Fonduna üzv banklarda qəbul edilən 30 min manatadək əmanətlər sığortalanıb və tam kompensasiya olunub. 4 mart 2016-cı ildə “Əmanətlərin tam sığortalanması haqqında” qanun qüvvəyə mindikdən sonra banklarda qəbul edilən tam sığortalanmasına (əmanətlərin illik faiz dərəcəsinin yuxarı həddi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla) başlanıb. Beləliklə, qanuna əsasən, 4 Mart 2016-cı il - 4 Mart 2019-cu il tarixlərində yerləşdirilmiş əmanətlər müddəti bitənədək tam sığortalı olub. Bu müddət bu il martın 4-dək uzadılıb. Xatırladaq ki, qanuna əsasən, sığorta olunmuş əmanətlər bank müflis olduğu halda kompensasiya edilir.
