Rusiya prezidenti Vladimir Putinin Konstitusiyada etdiyi dəyişikliklərlə prezidentlik müddətini “sıfırlamaq” siyasəti, yəni bundan sonra da iki dəfə seçilmək niyyətini açıq büruzə verməsi Qərb mətbuatının diqqətdə saxladığı əsas mövzulardan sayılır.
“Vladimir Putin növbəti 12 ildə iqtidarda qalmağı təmin edib”,- Avstriyanın “Der Standart” qəzetinin analitiki Andre Ballenin məqaləsi bu cümlə ilə başlayır.
“Yeni konstitusiya nahar zamanı həm birinci, həm də ikinci yeməyi əvəz edən böyük şorba qazanına bənzəyir. Burada, demək olar ki, hər şey bir-birinə qarışdırılıb. Bir yandan özünü ateist Sovet İttifaqının varisi elan edən Rusiya, digər yandan konstitsiyada “nəsillərin yaddaşını qoruyaraq” Tanrının adını zikr edir”, - deyə məqalədə qeyd olunur.
Müəllif Rusiya liderinin hiyləgərliklə “islahat” adı altında əslində öz hakimiyyətni əbədiləşdirdiyini yazır:
“Bu çox sadə bir siyasi bir fəndlə həyata keçirilmiş addım oldu. Yeni düzəlişlərdən sonra Vladimir Putin “siyasi bakirə”yə çevriləcək. Çünki onu əvvəlki hakimiyyət müddətləri nəzərə alınmayacaq. Lakin bununla bərabər biz hazırda qüvvədə olan əsas qanuna edilən bir təcavüzdən danışa bilərik və Kreml bunu çox böyük həyasızlıqla həyata keçirir”,- deyə məqalədə bildirilir.
Müəllifin fikrincə, Vladimir Putin əslində Belarus prezidenti Aleksandr Lukaşenkonun 1994-cü ildən bu yana etdiyini təkrarlayıb. “A.Lukaşenko bu vaxta qədər Avropada “son diktator” adlanırdı, indi onun layiqli rəqibi peyda olub”,- deyə Andre Banner vurğulayıb.
ABŞ-ın “The Wall Street Journal” qəzeti də redaksiya yazısında V.Putinin planının əvvəldən əbədi prezidentliyi təmin etməkdən ibarət olduğunu bildirib.
Yazıda Rusiya hələ də enerji daşıyıcılarından asılı qalan zəif iqtisadiyyata malik dövlət olaraq təsvir olunur. Buarda Rusiya əhalisinin ömür uzunluğunu ABŞ-ın 1970-ci illərdəki səviyyəsində olduğu, sıravi macar və ya polyakın ruslardan daha çox pul qazandığı, milyonlarla rusiyalının da bütün bunların fərqində olduğu göstərilib. “The Wall Street Journal” həmin mənzərənin məhz Putin hakimiyyəti dövründə çiçəklənən korrupsiyadan irəli gəldiyini, ölkənin korrupsiya indekslərində onun hakimiyyətə gəlməzdən əvvəlki dövrdəki 82-ci yerdən 137-ci sıraya yuvarlandığını da xatırladıb.
Redaksiya bundan irəli gələrək Vladimir Putinin hakimyyətdən təhlükəsiz şəkildə getməyin bütün yollarını götür-qoy etdiyini qeyd edib. “Lakin bütün avtoritar liderlər kimi Rusiya rəhbəri də iqtidar illəri ərzində topladığı saysız-hesabsız düşmənlərindən müdafiə vasitələrini, habelə öz ətrafı və partnyorlarının çoxsaylı yığdığı sərvətləri itirməyə gözə ala bilməzdi”,-deyə məqalədə yazııb.
“Vladimir Putin prezidentlik sayğacını yenidən sıfırladı”,-deyə Fransanın “Liberation” qəzetinin analitiki Veronika Dorman yazır.
Müəllif bununla bağlı təklilfin sovet ənənələrində olduğu kimi dünyanın ilk kosmonavt qadını Valentina Tereşkovadan gəldiyinə, habelə təşəbbüsün Dövlət Dumasında da 382 səs lehinə, 44 bitərəf səslə qəbul olunmasına, yəni ümumiyyətlə prezidentin arzusuna qarşı çıxmağa heç kmin cəsarətinin çatmadığına diqqət çəkib.
Veronika Dorman Kremlin ictimai müqaviməyi sındırmaq üçün müxalifəti sosial şəbəkə və xırda etirazlar çərçivəsinə saxlamağa çalışaraq onu bütün təsir vasitələrindən məhrum etdiyini bildirib.
