|
Elçin Şıxlı: “Hüquq - mühafizə orqanlarında xüsusi şöbələrdə internet mütəxəssisləri əyləşməlidir”

Zahir Əzəmət: “Serverlərin ölkə içinə daşınması, ”Big Data""nın yaradılması işlərini intensivləşdirmək olar"

“Biz informasiya dövründə yaşayırıq və saxta xəbərlər, yəni ”feyk nyus" adlandırılan xəbərlər əfsuslar olsun ki, geniş vüsət alır və istənilən yalan xəbər çox böyük fəsadlara gətirib çıxara bilər. Biz Azərbaycan olaraq bu şər-böhtan kampaniyaları ilə çoxdan üz-üzəyik".

“Yeni Müsavat” xəbər verir ki, bu sözləri prezident İlham Əliyev altıncı çağırış Milli Məclisin birinci iclasında söylədiyi geniş nitqində deyib.

Dövlət başçısı qeyd edib ki, bizə qarşı informasiya kampaniyası aparılır: “Qara piar kampaniyası, yalan, böhtan, uydurma, iftira üzərində qurulmuş kampaniya. Ona görə informasiya mühafizəsi ilə, informasiya təhlükəsizliyi ilə əlaqədar mütləq qanunvericilikdə yeni yanaşmalar, yeni fikirlər olmalıdır”.

Feyk xəbərlər doğrudan da dünyanı başına alıb. Xüsusən sosial mediada sürətlə yayılan dezinformasiyalar tezliklə elektron mətbuata sızır, yalan ayaq tutub yeriyir və dəqiqləşdirilməmiş, səhih olmayan informasiyalar cəmiyyəti silkələyir.

Məsələn, bu gün koronavirusla bağlı dünya panikadadır və bəzən elə saxta məlumatlar yayılır ki, insanları çaşdıra, eyforiyaya sala bilir.

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlının “Yeni Müsavat”a bildirdiyinə görə, qanunvericiliyə hər hansı yanaşma gətirilməsi ilə problem həllini tapmır.

Onun fikrincə, ənənəvi mediada çalışanlar etik kodeksə riayət etməlidirlər, amma sosial mediada vəziyyət fərqlidir: “Dünyanın aparıcı ölkələri də feyk xəbərlərlə mübarizə aparır. Qanunvericiliyə nəyisə gətirmədən də qarşısını almaq mümkün ola bilər. Bunun üçün hüquq-mühafizə orqanlarında xüsusi şöbələr olmalıdır, internet mütəxəssisləri əyləşməlidir.

Onlar bu işi professional bilirlər və böhtan yayanlar, təhdid edənlər aşkara çıxarılmalıdır".

Media eksperti hesab edir ki, yalnız bu halda saxta informasiyanın qabağını almaq olar və qanunvericiliyə müəyyən əlavələr, düzəlişlər mümkündür.

Qaynar.info xəbər portalının baş redaktoru Zahir Əzəmətin sözlərinə görə, Azərbaycan saytlarının çoxu xarici serverlərdə yerləşir: “Öncə bu problemi həll etmək lazımdır. Digər bir problem ölkə saytlarının böyük əksəriyyətinin Rusiyanın ”Mail.ru", “Liveinternet”, “Mediametrics” kimi reytinq sistemlərinin xidmətindən istifadə etməsidir. Çünki ölkədə anoloji layihələr yoxdur. Xarici sistemlər isə bizim saytlardan hər cür məlumatı toplaya bilir".

Zahir Əzəmətin ile ilgili görsel sonucu

Z.Əzəmət hesab edir ki, eksperimentlər aparılmalıdır: “Məsələn, cəmiyyətin hansı təbəqəsi nə kimi xəbərlərə reaksiya verir, nə vaxt daha emosional olur və s. Bu məlumatlar əldə edildikdən sonra cəmiyyətin və ya hansısa konkret seqmentin ”damarından basa biləcək" yalan xəbər istehsal oluna, Azərbaycana qarşı istifadə edilə bilər.

Dünyada belə məlumatlar toplusuna “Big Data” deyilir. Hər gün saatlarla istifadə etdiyimiz sosial şəbkələr, elektron poçtlar, telefon qurğuları, indi hətta smart telefonlar məhz bu məlumatları toplayır. Bundan qorunmaq az qala qeyri-mümkündür".

Jurnalist çıxış yolu təklif edir: “Bəzi önləyici tədbirləri mütləq görmək lazımdır. Məsələn, serverlərin ölkə içinə daşınması, yuxarıda sadaladığım bir çox xidmət saytlarının Azərbaycanda yaradılması, paralel olaraq bizim ölkənin də ”Big Data"sının yaradılması üzərində işləri intensivləşdirmək olar".

Z.Əzəmət ən önəmlisi  ölkənin ciddi medialarının, xüsusən də internet mediasının güclənməsində, regionda ən güclü texniki-maddi bazaya sahib olmasında çıxış yolu görür: “Yəni mediaya inamı bərpa etmək lazımdır. Obyektiv və tərəfsiz media mütləq önə çıxmalıdır. Ölkə xaricində də Azərbaycana bağlı media quruluşları yaradılmalı və gücləndirilməlidir. Azərbaycan saytlarının xarici dil versiyaları bu işi görməyə yetərli olmayacaq. Hansısa xarici vətəndaş öz ölkəsinin mediasında oxuduğu yalan xəbəri dəqiqləşdirmək üçün gəlib hansısa Azərbaycan saytının, məsələn, ingilis versiyasını axtarmayacaq.

Necə ki, azərbaycanlı oxucu Çin, Yunanıstan, İtaliya haqqında öz saytlarımızda bir xəbər oxuyarkən bunu etmir.

Bir amerikalı, ingilis və ya almanın gündəlik müraciət edəcəyi informasiya resursları yaratmaq, dünyanın aparıcı media qurumları ilə sıx əməkdaşlıq etmək lazımdır".