Pərviz Heydərov: “Bu il manatın məzənnəsinə dəyişiklik gözləmirəm, ancaq 30 dollarlıq hədd ilin sonunadək davam etsə...”
Azərbaycanın maliyyə bazarında dollara tələbat artır. Neftin qiymətinin kəskin ucuzlaşması manata təzyiqləri artırdığından yaxın günlərdə devalvasiyanın olacağı ilə bağlı gözləntilər yaranıb. Qeyd edək ki, son rəqəmlərə görə, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 10,54 dollar geriləyərək 36,62 dollar təşkil edib. Bu informasiyanın ardından əhalinin banklara axını yaranıb və hər kəs əlindəki vəsaiti dollara çevirməyə çalışır. Qeyd edək ki, hazırda vətəndaşlar şəxsiyyət vəsiqəsi ilə bank filiallarına yaxınlaşaraq 500 ABŞ dollarınadək vəsait ala bilər.
İqtisadçı ekspert Rövşən Ağayev isə hesab edir ki, indiki halda manatın ucuzlaşdırılmasına ehtiyac yoxdur: “Səbəbi odur ki, çox ciddi siyasi, iqtisadi və institutsional islahatlarla dəstəklənmədiyi təqdirdə məzənnə siyasətilə manevrlərin iqtisadiyyata dağıdıcı zərərləri faydalarından qat-qat artıq olur. Marşal-Lerner yanaşması əsasında ekspert qrupumuzun bir dəyərləndirməsi var, 2019-cu ilin nəticələrinə əsasən qiymətləndirdikdə manatın 2015-ci ildəki kəskin ucuzlaşmasının ölkənin qeyr-neft ixrac potensialının güclənməsi, idxal asılılığının azaldılması ilə bağlı ciddi təsiri olmadı.
Tədiyyə balansının qeyri-neft strukturuna, qeyri-neft defisitinin dinamikasına baxdıqda bu aşkar görünür. Əksinə, devalvasiya hər cür əmtəə və xidmət çeşidinin idxalından yüksək asılılığın olduğu şəraitdə kəskin və dağıdıcı inflyasiya yaradır, qazancları manatla, öhdəlikləri xarici cinsdən olan valyuta ilə olan bütün subyektləri iflas zolağına salır”.
İqtisadçı hesab edir ki, devalvasiyaya getməkdənsə “üzən məzənnə”yə keçid daha məqbuldur: “Amma bunun üçün bir sıra siyasi, iqtisadi və institusional addımlar atılmalıdır. İlk növbədə ölkədə iqtisadi inhisarçılıq kökündən dağıdılmalıdır, məmur sahibkarlığı heç bir halda olmamalıdır. Avtonom və parlament qarşısında hesabatlı olan Antiinhisar Agentliyi yaradılmalıdır. Digər tərəfdən, nəticə əsaslı büdcəyə keçid maksimum 2-3 il ərzində tam başa çatdırılmalıdır. Bundan başqa, parlamentin büdcə səlahiyyətləri maksimum artırılmalı, icra hakimiyyətinin büdcə səlahiyyətləri maksimum məhdudlaşdırılmalıdır”.
İqtisadçı təklif edir ki, ən azından yaxın 5-10 gün ərzində prosesi izləmək, neftin uzun müddət ərzində qərarlaşa biləcəyi nöqtənin olub-olmayacağını dəyərləndirmək lazımdır: “Neftin 30-35 dollar olacağı şəraitlə 40-45 dollar olacağı şəraitdə veriləcək devalvasiya qərarı eyni olmayacaq. Ona görə çox dəqiq analizlərə ehtiyac var”.

İqtisadçı ekspert Pərviz Heydərov isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, belə vəziyyətlərdə vətəndaşların göstərdikləri reaksiyaya görə hər zaman təəssüf hissi keçirir: “Çünki 2014-2016-cı illərdə bu cür situasiya ilə rastlaşmışıq, o zaman da əhali lüzumsuz bir reaksiya nümayiş etdirmişdi. O vaxta qədər manatın dollara nisbətdə məzənnəsi sabit idi, birdən-birə neftin ucuzlaşması ilə bağlı ajiotaj yarandı. Vətəndaşların buna göstərdikləri reaksiyaya müəyyən mənada haqq qazandırmaq olardı. Bunun üzərindən 5 il vaxt keçib, yenidən eyni vəziyyətin meydana çıxması ilə vətəndaşların həmin illərdə olduğu kimi reaksiya nümayiş etdirməsi müəyyən suallar doğurur. İnsanların iqtisadi dünyagörüşündə belə fors-major hallara yanaşmasında doğrudanmı heç bir irəliləyiş baş verməyib. İkincisi, iqtisadi savadsızlıq göstəricilərindən biri də ondan ibarətdir ki, bizdə əhali aldığı əmək haqqına, dövlətin gəlirlərinə, manatın arxasında hansı amillərin durduğuna və sair elementar suallara cavab tapmağa çalışmayıb. Vətəndaşların çoxu büdcənin həcminin nə qədər olduğunu belə bilmir. Bu amillərin göstəricisidir ki, belə hallarda hamı panikaya düşür və gəlirlərinin həcmindən asılı olmayaraq hamı cibində, əlində-ovcunda nə varsa götürüb banka gedir. Bu da elə bir vəziyyət yaradır ki, xarici valyuta bolluğu olan hazırkı şəraitdə tələbi qarşılamaq, yarana biləcək qıtlığı aradan götürmək, bundan tam zərərsiz şəkildə çıxmaq heç bir hökumətin əlində olan məsələ deyil”.
İqtisadçının sözlərinə görə, hazırkı vəziyyət iqtisadiyyatımız üçün ciddi təhdid formalaşdırsa da dövlət büdcəsinə və manatın məzənnəsinə birbaşa təsir imkanı yoxdur: “Əksər iqtisadçılar, elə mən özüm də qeyd etmişik ki, neftin dünya bazarında qiyməti 50 dollardan aşağı düşərsə, bu, ölkəmizin makroiqtisadi göstəriciləri üçün ”qırmızı işıq" yanması, 40 dollardan aşağı düşərsə, real təhdidlərin ortaya çıxması deməkdir. İndi isə real vəziyyət ondan ibarətdir ki, neft 36 dollara düşüb. Ancaq bu bizim dövlət büdcəmizə, makroiqtisadi göstəricilərə dərhal təsir edə bilmir. Dövlət büdcəmizin dünya bazarında gedən proseslərdən birbaşa zərbə almaq imkanı yoxdur. Ortada Neft Fondu kimi bir təhlükəsizlik yastığı var. Ən böyük zərbə birinci ona dəyir. Dünya bazarında baş verən istənilən hadisələrin Azərbaycan kimi ölkələrin makroiqtisadi göstəricilərinə, maliyyə bazarına birbaşa təsirləri ən azı 2-3 aydan sonra özünü göstərir. Qeyri-neft iqtisadiyyatı elə bir sahədir ki, onun inkişafına qısa müddətdə nail olmaq mümkün deyil. Bunun üçün 10 ildən çox vaxt lazımdır".
P.Heydərovun sözlərinə görə, manatın məzənnəsi üçün real təhlükə artıq var, ancaq manatın dəyəri sərbəst şəkildə müəyyən olunmur: “Məzənnə inzibati qaydada tənzimlənir və hökumət manatın nə hədsiz ucuzlaşmasına, nə də yeri gələndə möhkəmlənməsinə imkan vermir. Dünya bazarında neftin 40 dollardan aşağı düşməsi ilin sonuna qədər davam edərsə, bu zaman təhlükə ola bilər. Hesab edirəm ki, dünya bazarında neftin qiymətinin düşmə həddi 30 dollardır, bundan aşağı düşəcəyinə inanmıram. Azərbaycanın valyuta ehtiyatlarının 52 milyard dollara yüksəlməsi faktı , manatın məzənnəsini saxlamaq baxımından neftin qiymətinin 30 dollara yaxın rəqs etməsinə uzun müddətli dayanıqlıq yaratmır. Bu il manatın məzənnəsinə dəyişiklik gözləmirəm, ancaq 30 dollarlıq hədd ilin sonuna kimi davam edərsə, növbəti ildə hökumət istər-istəməz dəyişikliyə gedəcək”.
