Koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.
Nazirlər Kabineti yanında operativ qərargahdan bildirilib ki, yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 3-dən 9-dək (ilk tədris günü mart ayının 10-u müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunub.
Bu müddət ərzində Təhsil Nazirliyinə və tabeliyində təhsil müəssisələri olan müvafiq icra hakimiyyəti orqanlarına bütün təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin davam etdirilməsi tapşırılıb.
Lakin bəzi valideynlər məktəblərin bağlanmasından istifadə edib, övladlarını ticarət mərkəzlərinə, bölgələrə aparırlar ki, bu da mütəxəssislərin fikrincə, doğru hal deyil.

Məsələ ilə bağlı “Teleqraf” Media Holdinqinin rəhbəri Aynur Camal sosial şəbəkədə bildirib ki, məktəblərin bağlanmasını bir çoxları sanki fürsət hesab edir - istirahət, mollar, şəhər gəzintisi üçün şans sayır: “Hətta məndə olan məlumata görə, dünən qatarla bölgələrə getmək üçün bütün biletlər bron edilib. Bu yolverilməzdir. Və görünür, bununla bağlı çox ciddi maarifləndirməyə ehtiyac var. İnsanlar ya anlamır, ya da anlamaq istəmir ki, məktəblərin, bağçaların, hətta ali məktəblərin bağlanması qərarı təhlükə olduğuna görə verilib. Və bu təhlükə yalnız məktəblərdə yox, istənilən kütləvi məkanlarda - mollarda, restoranlarda, kinoteatrlarda var. İnsanlar bunu başa düşməlidir, özlərini və uşaqlarını qorumaq üçün kütləvi yerlərə getməməlidirlər. Bunu tam ciddiyyəti ilə anlamaq, virusdan maksimum qorunmaq və uşaqları qorumaq üçün bütün vasitələri dəyərləndirmək, qapalı, insanların çox olduğu yerlərə getməkdən çəkinmək lazımdır”.
“Yeni Müsavat”a danışan həkim Hüseyn Mehdiyev də söyləyib ki, əslində iri ticarət mərkəzləri, kafelər məktəblərdən heç də təhlükəsiz deyil. Həkim tövsiyə edib ki, insanlar özləri-özlərini qorumaq üçün elementar təmizlik qaydalarına diqqət etməli, toplu yerlərdən uzaq durmalıdırlar: “Bütün respublika boyunca dezinfeksiya tədbirləri aparılmalıdır. Ticarət mərkəzlərində, mollarda dezinfeksiya tədbirləri aparılmalı, əhaliyə bildirilməlidir ki, 1-2 həftə bu kimi yerlərə getməsinlər. Yaxşı haldır ki, konsertlər təxirə salınıb, bəzi şəxslər toylarının belə vaxtını dəyişiblər. Mütləq haldır ki, ərzaq mağazalarından başqa digər ticarət mərkəzləri müvəqqəti olaraq fəaliyyətlərini dayandırsınlar. İnsanlar özləri də başa düşməlidirlər ki, məktəblər bağlanıbsa, deməli, təhlükə var. Məktəbləri durduq yerə bağlamazlar. Gigiyenik tədbirlər görməli, görüşən zaman yaxın təmasdan qaçmaq lazımdır. Bütün bunlar xəstəliyin qarşısını təbii ki, almır. Lakin ən azından kütləvi şəkildə yayılma hallarının qarşısını bir qədər alır. Virus ciddi şəkildə yayılarsa, bunun qarşısını almaq çox çətin olar. Çünki virus təkcə ağızdan, burundan deyil, bağırsaq yolu ilə də keçə bilir. Bəzən bu virusla bağlı deyilənləri qulaqardına vururlar və deyirlər ki, koronavirus təhlükəli deyil. Əslində isə tam əksidir. Amerika, Avropada ciddi tədbirlər görülür. Adicə buna diqqət etməklə vəziyyətin nə qədər ciddi olduğunu dərk etmək mümkündür. Azərbaycan dövləti də təhsil müəssisələrini boş yerə bağlamayıb. Dövlət demir ki, məktəbi bağlamışam, apar uşağı gəzməyə. Məktəb bağlanıbsa, deməli, buradakı məntiq onu deyir ki, uşaqları evdə saxlamaq lazımdır. Bu istiqamətdə maarifləndirmə aparılmalıdır. Burada panikaya düşmək üçün heç bir hal yoxdur ki, informasiyanı verməyib, insanların panik vəziyyətə düşəcəklərindən ehtiyat edilsin. Sadəcə olaraq bildirilməlidir ki, mümkün qədər evdə oturub, gəzintiyə çıxılmasın. Çünki çölə çıxan insan bilinmir ki, kiminlə kontaktda olacaq. İnsanlar spirtdən və digər dezinfeksiya vasitələrindən istifadə edib, əllərini tez-tez yumalıdırlar. Əgər virus sənin əlinə düşübsə, onun daxilə keçməyinin qarşısını almalısan. Daxilə keçibsə, müalicəsi çətin olur. Ona görə də əlləri spirtləmək, yaxud da sabunla tez-tez yumaq lazımdır”.
