|
Samir Şərifov ABŞ-da yəhudi təşkilatının toplantısında iştirak edib

Martın 1-də ABŞ-ın ən nüfuzlu yəhudi təşkilatı olan Amerika İsrail İctimai Əlaqələr Komitəsinin illik konfransı keçirilib. Konfransda xüsusi qonaq qismində iştirak edən, Azərbaycanın maliyyə naziri, Azərbaycan-ABŞ İqtisadi Tərəfdaşlıq Komissiyasının həmsədri olan Samir Şərifov iştirak edib. Nazir  birinci vitse-prezidenti Mehriban Əliyevanın bəyanatını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Birinci vitse-prezidentin bəyanatında Azərbaycanın geosiyasi mövqeyinə görə Qərb və Şərq ənənələrinin bir yerdə cəmləndiyi məkan olduğu, Azərbaycanın digər müxtəlif dini və etnik nümayəndələri kimi, yəhudilərin ölkəmizdə əsrlər boyu sülh, əmin-amanlıq, dostluq və qarşılıqlı anlaşma şəraitində yaşadıqları qeyd edilir. Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindən olan multikulturalizmin azərbaycanlıların həyat tərzini əks etdirdiyi və beynəlxalq səviyyədə tanındığı vurğulanır.

Bəyanatın sonunda konfrans iştirakçılarına uğurlar arzulanır.

Nazir S.Şərifov Azərbaycanın strateji əhəmiyyətindən və müstəqillik qazandığımız ilk illərdə Ermənistanın ölkəmizə təcavüzü nəticəsində yaranmış çətinliklərdən, o cümlədən bu təcavüz nəticəsində bir milyon azərbaycanlının öz doğma torpaqlarından didərgin düşməsindən bəhs edib. O bildirib ki, beynəlxalq sərmayələri cəlb etməklə zəngin enerji resurslarından istifadə edən Azərbaycan hazırda təkcə ölkəmizin deyil, o cümlədən Avropanın enerji təhlükəsizliyinin təminatında xüsusi rol oynayır. Dünyəvi dövlət olan Azərbaycanda hökumətin dini azadlıqların qorunmasına xüsusi diqqət yetirdiyi nazir tərəfindən vurğulanıb.

İsrailin Azərbaycanı tanıyan və diplomatik əlaqələr qurmuş ilk dövlətlərdən olduğunu bildirən nazir ölkəmizin yəhudi icmasının Azərbaycandakı rolunu diqqətə çatdırıb. İsrailin Azərbaycanı Cənubi Qafqaz və Mərkəzi Asiyada əsas tərəfdaşı kimi tanıdığı təqdir olunub.

İsrailin Azərbaycanla enerji və müdafiə sahəsində əməkdaşlığı barədə suala cavab olaraq, nazir Şərifov qeyd edib ki, Azərbaycan Dövlət Neft Şirkəti İsrailin neft istehlakının böyük hissəsini təmin edir. Ümumilikdə, iki ölkə arasında əməkdaşlığın yalnız enerji sahəsi ilə məhdudlaşmadığını, digər sahələrdə, xüsusilə də texnologiya transferi və müdafiə sahəsində əməkdaşlığın daha da artırılması niyyətindən bəhs edib.

Daha sonra moderator yəhudi icmasının ölkədəki rolu barədə sual ünvanlayıb. Suala cavabında yəhudilərin Azərbaycan cəmiyyətinin əsas tərkib hissəsi olduğu, hazırda Azərbaycan hökumətində və parlamentində təmsil olunduqları diqqətə çatdırılıb. Nazir, ümumiyyətlə, tanınmış dünya şöhrətli şəxsiyyətlər kimi yəhudi əsilli azərbaycanlıların ölkəmizin fəxri olduqlarını qeyd edib.

Moderatorun Azərbaycanın ABŞ-la münasibətləri barədə sualına cavab verən nazir müstəqillik qazandıqdan bəri ölkəmizin ABŞ-la münasibətlərə xüsusi əhəmiyyət verdiyini, Azərbaycanın ABŞ hərbçiləri ilə çiyin-çiyinə terrorçuluqla mübarizə apardığını qeyd edib, ABŞ-ın Bakı-Tiflis-Ceyhan və Cənub Qaz Dəhlizi layihələrinə dəstəyini yüksək qiymətləndirib. Bu xüsusda ölkə Prezidentinin 26 fevral tarixində ABŞ-ın yüksək rəsmisini qəbul etdiyini bildirib və ABŞ prezidentinin Cənub Qaz Dəhlizi layihəsinin yekunlaşması istiqamətində səylərini təqdir edib.

Samir Şərifov ABŞ-da yəhudi təşkilatının ile ilgili görsel sonucu

“Qoşulmama Hərəkatına sədrlik edən və müsəlman ölkələri ilə yaxınlığına görə seçilən Azərbaycan İslam aləmi ilə İsrail arasında ”körpü" rolunu oynaya bilərmi" sualını cavablandıran S.Şərifov İsrail, fələstinlilər və ərəb ölkələri ilə yaxın münasibətlərə malik olduğunu diqqətə çatdırıb. Bunun səbəbinin Azərbaycanın yürütdüyü balanslı siyasət olduğunu bildirib. Azərbaycanın multikulturalizm və dinlərarası dialoq məkanı olduğunu, bu yaxınlarda dünya dini liderlərinin ikinci sammitinə ev sahibliyi etdiyini, o cümlədən BMT-nin Sivilizasiyaların Alyansı çərçivəsində xüsusi rol oynadığını vurğulanıb. Azərbaycanın “körpü” və ya digər yaxınlaşdırıcı rolda çıxış etməyə hazır olduğunu qeyd edib.

Samir Şərifov ABŞ-da yəhudi təşkilatının ile ilgili görsel sonucu

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov “The Jerusalem Post” nəşrinə bildirib ki, azərbaycanlı nazirin yəhudi icmasına müraciəti mühüm əhəmiyyət kəsb edir: “Bu, bizim yəhudi xalqı ilə əlaqələrimizin miqyasını nümayiş etdirir”. Səfir hesab edir ki, bu əlaqələri (Amerika-İsrail İctimai Əlaqələr Komitəsi və İsraillə) gizlətməyə ehtiyac yoxdur: “Ölkəmizin hər kəslə əlaqəsi hər zaman şəffaf və müsbətdir. O, qarşılıqlı maraqlara əsaslanır. Bizim kimlərləsə əlaqələrimiz heç zaman hansısa dövlətə qarşı olmayıb”.

Türkiyə-İsrail əlaqələrinə də toxunan diplomat hesab edir ki, bu iki dövlətin bir-birinə ehtiyacı var.

Bəs Türkiyə ilə İran azərbaycanlı nazirin Amerika-İsrail İctimai Əlaqələr Komitəsinin konfransında iştirakına necə yanaşacaq? Səfir bu sualı belə cavablandırıb: “Biz hər şeyi açıq şəkildə həyata keçiririk. Odur ki, mənfi reaksiya olmalı deyil. Azərbaycanın xarici siyasəti heç bir dövlətə qarşı yönəlməyib. Bizim Türkiyə ilə güclü, qardaş münasibətlərimiz var. İran isə bizim qonşumuzdur”.

Bu arada, Amerika-İsrail İctimai Əlaqələr Komitəsi azərbaycanlı nazirin  konfransda iştirakına twitter vasitəsilə münasibət bildirib. İsrailin Azərbaycandakı səfiri Corc Dik sosial şəbəkədə yazıb: “İsraillə Azərbaycan arasındakı dostluq əlaqələri daha da güclənir, dərinləşir və açıq xarakter alır. Ölkələrimiz arasındakı strateji əlaqələrdə qarşılıqlı bağlılığın olduğunu nümayiş etdirdiyinə görə maliyyə naziri Samir Şərifova təşəkkürümü bildirirəm”.