Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) öz fəaliyyətini genişləndirməkdə davam edir. Belə ki, martın 1-də Kürdəmir “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb.
Agentlikdən “Yeni Müsavat”a bildirilib ki, Kürdəmir “ASAN xidmət” mərkəzi Kürdəmir, Hacıqabul, Ağsu, Göyçay, Ucar və Zərdab rayonlarında qeydiyyatda olan 540 400-dən çox vətəndaşla yanaşı, ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstərəcək.
Fevralın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kürdəmirdə “ASAN Həyat” kompleksinin açılışında iştirak edib.
Bu, Azərbaycanda 17-ci “ASAN xidmət” mərkəzidir. Bildirilib ki, Kürdəmir “ASAN xidmət” mərkəzi Kürdəmir, Hacıqabul, Ağsu, Göyçay, Ucar və Zərdab rayonlarında qeydiyyatda olan 540 400-dən çox vətəndaşla yanaşı, ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstərəcək:
““ASAN xidmət” mərkəzlərindən 5-i Bakıdadır. Digər 12-si isə regional mərkəzlər olmaqla Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Quba, Masallı, Mingəçevir, İmişli, Şəki, Şamaxı və Kürdəmirdədir.
Kürdəmir “ASAN Həyat” kompleksinin tikintisinə 2018-ci ilin iyununda başlanılıb. Ayrılan 2 hektardan çox ərazidə “ASAN Həyat” kompleksinin inzibati binası, uşaq meydançası, fontan və oturacaqlar, istirahət meydançası, avtodayanacaq, 124 yerlik çay evi, 80 və 108 yerlik yay kafeləri, 64 yerlik demontaj olunan yay kafesi, 12 yerlik kinoteatr və 191 yerlik restoran, “ABAD Food Hall” yaradılıb. Fasadlarda müasir tendensiyaya uyğun olaraq ən müasir alman texnologiyasından istifadə edilib. Mərkəzdə əməkdaşların sayının 259, könüllülərin isə 45 nəfər olması nəzərdə tutulur. Kürdəmir regional “ASAN xidmət” mərkəzində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən, ümumilikdə 320 xidmət həyata keçirilir”.
Kürdəmir “ASAN Həyat” kompleksində “ASAN Həyat” Bahar Festivalı da keçirilir. Martın 3-dək davam edən festivalda Novruz atributları və bahar əhval-ruhiyyəsini əks etdirən sərgilər, yerli şirkətlərin məhsullarından ibarət satış yarmarkası təşkil olunub, həmçinin bölgələrimizdə yaşayan müxtəlif xalqların milli-mənəvi dəyərləri, folkloru, musiqi və mətbəxi nümayiş etdirilir.
Festival çərçivəsində tanınmış müğənnilərin iştirakı ilə konsert proqramı və milli personajlardan ibarət bayram tamaşaları, kəndirbaz oyunları, pəhləvan və idmançıların çıxışları da reallaşdırılır. Həmçinin “ABAD” məhsullarından hazırlanan “fast food”ların satışı həyata keçirilir. Festivalda xarici ölkələrin Azərbaycandakı diplomatik korpusları ölkələrinə məxsus adət-ənənələrə dair guşələr təqdim edirlər”.
Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri (“ASAN xidmət”) Ülvi Mehdiyev mətbuata açıqlamasında söyləyib ki, bu il Kürdəmir, Ağcabədi, Tovuz, Balakən və Bakı şəhərində "ASAN xidmət" mərkəzlərinin açılması nəzərdə tutulur.
O qeyd edib ki, Sumqayıt və Gəncədə də əlavə “ASAN xidmət” mərkəzlərinin tikintisinə başlanılacaq.
