Koronavirusla bağlı ciddi itkilərin yaşandığı ölkələrdən biri də Azərbaycanla həmsərhəd olan İrandir. Belə ki, son məlumata görə, İranda koronavirusdan ölən və yoluxanların sayı artıb, xüsusən Tehran, Qum və Gilanda xəstələrin sayı artmaqdadır.
Belə ki, 11 nəfərin də ölümüylə həyatını itirənlərin sayı ümumilikdə 54-ə çıxıb, yoluxma hadisəsi isə 978-ə yüksəlib. Məlumatı İran Səhiyyə Nazirliyi Xalqla Əlaqələr İdarəsinin məsul işçisi Kiyanuş Cihanpur təşkil edilən mətbuat konfransında verib. K.Cihanpur onu da bildirib ki, “CAVİD-19"la bağlı 1 gün içində 385 yoluxma hadisəsi təsbit edilib ki, bu da ümumi rəqəmin 978-ə yüksəldiyini göstərir.
İran səlahiyyətlisinin söylədiyinə görə, İranda korona virusuna ən çox Tehran, Qum və Gilan ərazilərində rast gəlinir. Virusa yoluxma hadisələri artır və əyalətlərdə vəziyyət ciddidir. Vətəndaşlardan ölkənin şimalında yerləşən Gilan və Mazandaran rayonlarına getməmək tövsiyə olunub. Ölkə daxilində korona virusu diaqnozu qoyulan 75 adam yaxşılaşaraq xəstəxanadan buraxılıb.
Qeyd edək ki, İran Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biri və gediş-gəlişin ən intensiv olduğu ölkədir. Təhlükənin ciddiliyini, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini və digər dövlətlərin təcrübələrini nəzərə alaraq, koronavirus riskinin yayılması ilə əlaqədar Nazirlər Kabineti yanındakı operativ qərargahda 29 fevral 2020-ci il tarixindən saat 16.00-dan etibarən iki həftəlik müvəqqəti dövr ərzində Azərbaycan Respublikası və İran İslam Respublikası arasında dövlət sərhədlərinin məhdudlaşdırıcı rejim əsasında bağlanması barədə qərar qəbul olunub.

Yaranmış vəziyyət İran İslam Respublikasının aidiyyəti dövlət qurumları ilə müzakirə olunub və Azərbaycan Respublikasının bu qərarı barədə İran İslam Respublikasına məlumat verilib.
İran İslam Respublikası ilə əlaqələndirilmiş şəkildə Azərbaycan ərazisində olan İran vətəndaşlarının ölkədən çıxması, İran ərazisində olan Azərbaycan vətəndaşlarının müvafiq rejim tətbiq olunmaqla ölkəyə gəlməsini təşkil etmək üçün zəruri dəhliz təmin olunacaq.
Zəruri hallarda, İran İslam Respublikası vətəndaşlarına humanitar əsaslarla vizaların rəsmiləşdirilməsi həyata keçiriləcək.
Qeyd edək ki, İranla sərhəddə yaranan bu durum sözügedən ölkədən idxalla bağlı da müəyyən çətinliklər yaradacaq ki, bu da daxili bazarlara təsirsiz ötüşməyəcək. İrandan idxalın həcmi ilə bağlı mənzərəyə aydınlıq gətirmək üçün 2019-cu il ərzində İrandan hansı adda məhsul gətirilməsinə nəzər sala bilərik. Buraya ərzaq, meyvə-tərəvəzdən tutmuş, tikinti materialları, sənaye məhsulları, mebellər, geyim əşyaları və sair daxildir. İdxalda məhdudiyyətin davam edəcəyi təqdirdə də ən çox bu malların bahalaşması gözlənilir.
Məsələn, 2019-cu ildə İrandan 54,2 min ton kartof, 1340 ton kələm, 2924 ton kivi, 4339 ton badımcan, 3925 ton xurma, 3587 ton portağal gətirilib. Həmçinin 3560 ton qənnadı məhsulları, 6292 ton duz gətirilib.
Azərbaycan İrandan paralel olaraq tikinti məhsulları da idxal edir. Ötən il tikinti kərpicinin 81 faizi, yəni 2,1 milyon ədəd kərpic İrandan gətirilib. O cümlədən kafel-metlaxın 67 faizi, şüşənin 97 faizi, şüşə qabların 45 faizi, qara metaldan hazırlanan məmulatların 91 faizi, bundan başqa, yüksək həcmdə qızdırıcı cihazlar, polietilen, DİKT, MDF və sair idxal olunur.

Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı ekspert Natiq Cəfərli hesab edir ki, İranla Azərbaycan arasında idxal-ixrac əməliyyatlarında idxal üstünlük təşkil edir: “Təkcə ötən il İrandan ölkəmizə 500 milyon dollara yaxın dəyərdə məhsul daxil olub. Bu, kifayət qədər böyük rəqəmdir. Həmçinin İrandan tikinti materialları, zinət əşyaları da alırıq. Azərbaycan hər ay rəsmi əlaqələrlə İrandan 40-45 milyon dollarlıq məhsul idxal edir. Buna sərhədyanı ticarət daxil deyil. Çünki bu ticarətlə məşğul olan kifayət qədər çoxlu sayda vətəndaşlarımız var. Onlar mütəmadi olaraq sərhədi keçir və oradan gündəlik tələbat məhsullarını alıb geri qayıdırlar. Hətta xırda ticarətlə məşğul olan belə vətəndaşların sayı da kifayət qədərdir. Bu mənada İranda koronavirusun daha geniş yayılması və gələcəkdə sərhədlərin uzun zaman bağlı qalması İrandan gətirilən məhsulların qiymətinə təsir göstərəcək. İran mallarında bahalaşma müşahidə olunacaq. Həm bazarda qıtlıq yaranacaq, həm də bazardan gətirilən məhsulları qısa zamanda digər ölkələrlə əvəz etmək çətinləşəcək. İdxal başqa ölkələrdən əvəzlənsə belə, bu asan məsələ deyil, xeyli vaxt tələb olunur. Malları əsasən Türkiyədən idxal etmək olar. Amma Türkiyə məhsulları İran məhsullarına nisbətən bahadır”.
Qeyd edək ki, koronavirus səbəbi ilə Azərbaycanla İran arasında gediş-gəliş məhdudlaşdırılıb ki, bu da İrandan idxalın azalması ilə nəticələnib. Yaranmış vəziyyət indiyədək İrandan gətirilən bəzi malların bahalaşmasına səbəb ola bilər. Xüsusən də Novruz bayramı ərəfəsində hər il müşahidə olunan bahalaşma bu il daha kəskin şəkildə ortaya çıxa bilər. Çünki bayram süfrəsi üçün lazım olan əksər ərzaq məhsullarında İrandan idxalın payı daha üstündür. Məsələn, düyü, xurma, kişmiş, şabalıd, quru meyvələr, həmçinin bayram şamları və sair İrandan idxal olunur.
Bundan başqa, mart və aprel ayları əsasən ötən ildən qalan kənd təsərrüfatı məhsullarının azalması və yeni məhsulun hələ bazara çıxmaması ilə bağlı qıtlıq yaşanan bir aydır. Bazarda satılan aqrar məhsulların, xüsusən də kartofun bir hissəsi İrandan gətirildiyindən bu azalma daha çox hiss oluna bilər. Bu mənada ekspertlər yaxın zamanda bazarda qiymət artımının tədricən hiss olunacağını bildirirlər. Qeyd edildiyi kimi, İranla idxal-ixrac əlaqələrinin zəifləməsi tikinti bazarına da təsir göstərəcək. Xüsusən də tikinti kərpicinin, kafel-metlaxın və şüşənin qiyməti arta bilər.
İranla sərhəddə məhdudiyyətin olması həmçinin turizmə də təsir göstərəcək. Bu ərəfədə İrana səhiyyə xidməti almaq və ziyarətə getmək məqsədilə səfər edənlərin sayı kəskin azalıb. İnsanlar bu kimi planlarını təxirə salıblar. Bundan başqa, Azərbaycana Novruz bayramı ərəfəsində ən çox turist məhz İrandan gəlir. Hazırkı ərəfədə isə İrandan bu qədər turistin gəlməsi koronavirusun yayılması baxımından arzuolunmaz hesab edilsə də, iqtisadi mənada ciddi itki hesab olunur.
