|
ABŞ özünün yaratdığı “Taliban”a barışıq əli uzatdı

ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad və “Taliban” liderinin müavini, Qətərin siyasi nümayəndəliyinin rəhbəri Abdullah Qəni Baradar ABŞ və Taliban arasında sülh sazişini imzalayıblar. Sənədi imzaladıqdan sonra Xəlilzad və Baradar bir-birinin əllərini sıxıblar.

ABŞ dövlət katibi Maykl Pompeo Talibanı “Əl-Qaidə” terror qruplaşması ilə əlaqələrini kəsmək vədini yerinə yetirməyə çağırıb: “”Taliban"ın hansı addımları sazişi uğurlu edəcək? Əvvəla, sözlərinizi yerinə yetirin, “Əl-Qaidə” və digər terrorçularla əlaqəni kəsin. “İslam Dövləti” terror qruplaşmasına qarşı mübarizəni dəstəkləyin".

Tarixi sazişin əldə olunmasından sonra bunun ömrünün nə qədər olacağı yönündə ən müxtəlif fikirlər səslənir. Siyasi şərhçi Əhəd Məmmədli sazişi “Yeni Müsavat”a bu cür dəyərləndirdi: “Bu sülh müqaviləsi sonuna qədər yerinə yetiriləcək, ya yox, artıq başqa mövzunun söhbətidir. Amma fakt odur ki, artıq neçə ildir Qətərdə ABŞ-Taliban danışıqları gedir. Fakt həm də odur ki, dünyanın bir nömrəli super gücü ABŞ Əfqanıstanda ”Taliban"ı məhv edə bilmədi. ABŞ yenidən Vyetnam sindromunu yaşamamaq üçün Əfqanıstandan simasını qoruyaraq çıxmaq istəyir. Bizim qərbyönümlülər və saxta millətçilər illərdir AKP iqtidarını PKK-nı dağdan düşürdüb parlamentə buraxdığına görə ittiham edirdi. Demokratiyanın vətəni, Qərbin mərkəzi sayılan Amerika isə “Taliban”la bir masaya oturub sülh müqaviləsi imzalayır. Siyasətdə “S” hərfini anlamayanlar anlamalıdırlar ki, bu gün terrorçu dediyinlə sabah bir masa arxasında otura bilərsən, bu gün terrorçu dediyini parlamentə buraxarsan, sabah isə yenidən bombalayarsan. Srağagün Rusiyanın qırıcısını vurarsan, dünən əməkdaşlıq edərsən, bu gün yenidən savaşarsan, sabah isə əməkdaşlığı davam etdirərsən. Dünən ABŞ-la siyasi-iqtisadi böhran yaşayarsan, bu gün isə siyasi-hərbi dəstək alarsan. Bütün bunlara maraqlar deyilir.

Əhəd Məmmədli: ile ilgili görsel sonucu

Əhəd Məmmədli: “Əfqanıstana sülh gəlməyib, sadəcə...”

Siyasətdə daimi dostlar yoxdur, daimi maraqlar var... Yuxarıda qeyd etdiyimiz kimi, ABŞ tarixinin ən uzun çəkən müharibəsini bitirmək üçün “Taliban”la Qətərdə sülh müqaviləsi imzaladı. Müqaviləyə əsasən 14 ay içərisində ABŞ hərbçilərinin sayını 8600-ə endirəcək və sonrakı mərhələlərdən bu say minimuma düşürüləcək. ABŞ “Taliban”ın bütün əsirlərini azad edəcək və “Taliban”a tətbiq etdiyi bütün təzyiq vasitələrindən əl çəkəcək. Əvəzində “Taliban” “Əl-Qaidə” və İŞİD-lə bütün əlaqələrini kəsməlidir. “Taliban” zatən İŞİD-lə problemlər yaşayır. Əfqanıstanda aralarında hərbi toqquşmalar da olub. Müsəlmanların xəlifi tituluna hər iki qruplaşma iddialıdır. “Taliban” ABŞ-la sülh müqaviləsi imzaladı, amma rəsmi Kabulla müharibə şəraitindədir. Əfqan hökuməti müttəfiqi olan amerikalıların “Taliban”la bağladıqları sülh müqaviləsini necə qarşılayacaq, bu da hələ tam məlum deyil. Düzdür, Vaşinqtonla “Taliban” arasında danışıqlar bir neçə ildir gedir, yəni bu mənzərə əfqan hökuməti üçün sürpriz olmadı. Çox güman ki, ABŞ-la “Taliban” hərəkatı arasında bağlanılan sülh barədə əvvəlcədən rəsmi Kabulun da məlumatı olub. Çünki bu cür müqavilələr tərəflər arasında əvvəlcədən razılaşdırılır, sonra imzalanır. Ola bilsin, Kabulla “Taliban” arasında Vaşinqton vasitəçilik edib bunlar arasında da sülh müqaviləsi imzalandı. Yəni hələlik Əfqanıstana sülh gəlməyib, sadəcə, sülh müqaviləsi imzalanıb".

USA Taliban ile ilgili görsel sonucu

 Məhəmməd Əsədullazadə: “Amerikanın Əfqanıstan müharibəsi böyük səhv idi”

Politoloq Məhəmməd Əsədullazadə Amerikanın Əfqanıstanda böyük səhvə yol verdiyini söylədi: “Əfqanistana 2001-ci ildə ABŞ ona görə girmişdi ki, burada mövqelərini gücləndirib Rusiya və Çinə qarşı təsir zonası əldə etsin. Amma ”Taliban"la aparılan müharibə iki tərəfin artıq sülh müqaviləsi bağlamasına gətirib çıxardı. Bu, ABŞ-ın Əfqanistana təktərəfli nəzarət edə bilməyəcəyi deməkdir. ABŞ Əfqanistanda yeganə güc olduğu “Taliban”ı qəbul etdi. Hesab edirəm ki, tərəflər uzun müddət danışıqlar aparıb bu qərara gəliblər. Çünki “Taliban” da ABŞ-la əməkdaşlıqda maraqlı idi və burada hakimiyyəti məhz onun əli ilə almaq istəyir.

Məhəmməd Əsədullazadə ile ilgili görsel sonucu

Terror təşkilatı bir müddət idi ki, Rusiya və İranla əməkdaşlığı genişləndirmişdi. Moskvada Əfqanistanda sülhün əldə edilməsi üçün konfranslar təşkil edilirdi. Rusiya əzəli düşməni olan “Taliban”la yaxınlaşıb ABŞ-a qarşı burada mövqelərini gücləndirməyi planlayırdı. Hətta “Taliban” nümayəndələri İrana tez-tez səfər edərək, ABŞ-a qarşı birgə mübarizə üzrə danışıqlar gedirdi. Vaşinqton baş verənləri yaxından izləyirdi və “Taliban”a müəyyən məsələlərdə güzəştə gedərək, əməkdaşlıq təklif etdi və “Taliban” da bununla razılaşdı. “Taliban”ı vaxtilə Vaşinqton SSRİ-yə qarşı yaradıb və inkişaf etdirib. Növbəti mərhələdə düşmən olublar və indi də yenidən bir araya gəldilər. Əldə edilən saziş heç də sülh sazişi deyil, “Taliban” silahı buraxmayacaq və siyasi xəttindən geri çəkilməyəcək. Hesab edirəm ki, bu, atəşkəs müqaviləsidir.

USA Taliban ile ilgili görsel sonucu

“Taliban” ABŞ-la birgə Əfqanistanda möhkəmlənəcək və Vaşinqton onunla birgə digər ölkələrin burada fəaliyyətinin qarşısını alacaq. Tərəflərin əməkdaşlığının uzun müddət davam edəcəyi gözlənilmir. “Taliban” hakimiyyət uğrunda mübarizəyə qalxarsa, sülh müqaviləsi pozulacaq. ABŞ buradan ordusunu çıxararsa, “Taliban” hakimiyyəti ələ alacaq. “Taliban” ideologiyası dəyişməyib. Ötən əsrin 80-ci illərindəki “Taliban” öz himayədarına yenidən sığınıb. Görünür, hər iki tərəfin ortaq bölüşdüyü məsələlər var ki, bir araya gəliblər. Heç də “Taliban” şərtlərə əməl etməyəcək və Əfqanistanda sülhün əldə edilməsi mümkün görünmür. Nə qədər ki, “Taliban” var, sülh imkanları olmayacaq. Ona görə də ABŞ müharibəni dayandırmaq və “Taliban”la bir masada oturmağı tərcih etdi ki, Əfqanistana nəzarəti onlarla etsin. Regionda yeni geosiyasi proseslər gedir. ABŞ Əfqanıstandan çıxmayacaq və yeni şərtlər daxilində elan etdiyi bir terror təşkilatı ilə əməkdaşlığa getdi. Bu sülh müqaviləsi region üçün bir o qədər stabil siyasi gələcək vəd etmir. Bu barışıq Əfqanıstana nəhayət ki, sülh, əmin-amanlıq vəd edir. Amma bunun baş verməsi üçün yuxarıda qeyd etdiyim kimi, gərək Əfqanıstanda bütün qüvvələr silahları qoyub əməkdaşlığa başlasınlar. SSRİ Əfqanıstandan çıxanda marioneti Nəcubullanı mücahidlər bir müddətdən sonra asdılar. ABŞ Əfqanıstanı tam tərk edəndən sonra eyni aqibət indiki əfqan hakimiyyətini də gözləyə bilər. ABŞ-ın Əfqanıstanda apardığı müharibə böyük səhv idi. Gec də olsa ABŞ çalışır ki, bu səhvini düzəltsin. Çox güman ki, ABŞ-la “Taliban” hərəkatı arasında pərdəarxası razılaşmalar da olub. Gedişatda nələrin necə olacağını görəcəyik".