Tarixçilər hesab edirlər ki, Şah İsmayıl Xətainin heykəlinin yerinin dəyişdirilməsi təqdirəlayiqdir...
Martın 2-də prezident İlham Əliyev Şah İsmayıl Xətainin heykəlinin köçürüldüyü yeni salınmış parkda olub.
Dövlətimizin başçısı heykəlin önünə gül dəstələri qoyub. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov burada görülən işlər barədə prezidentə məlumat verib.
Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yayılan rəsmi məlumatda bildirilib ki, tarixi şəxsiyyət Şah İsmayıl Xətainin heykəli iki magistral yolun ortasında yerləşirdi. Bu isə insanların ziyarət etmək üçün heykələ yaxınlaşmasını çətinləşdirirdi, eyni zamanda yolda tıxacın yaranmasına səbəb olurdu:
“Bununla bağlı əhali tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə müraciətlər edilib. Bütün bunlar və Şah İsmayıl Xətainin tarixi şəxsiyyət olduğu nəzərə alınaraq dövlətimizin başçısının tapşırığına əsasən, onun heykəli uyğun yerə köçürülüb və burada yeni park salınıb. Parkda əhalinin istirahəti üçün lazımi şərait yaradılıb, o cümlədən oturacaqlar qoyulub və ətraf abadlaşdırılıb. Bu addım şəhər sakinləri və paytaxtımızın qonaqlarına heykəli rahat ziyarət etməyə şərait yaradır. Heykəlin postamenti də yenilənib. Heykəlin köçürülməsi prosesi abidəyə heç bir xələl gətirilmədən həyata keçirilib.

Paytaxt Bakının abadlaşdırılması, yeni istirahət məkanlarının salınması, tarixi irsimizin qorunması prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Şah İsmayıl Xətainin heykəlinin uyğun yerə köçürülməsi və burada parkın yaradılması bu istiqamətdə atılan növbəti addımdır. Bu layihə sakinlərin istirahətinin təmin olunması üçün böyük rol oynayır".
Rəsmi məlumatda bildirilir ki, Xətainin heykəlinin yerinin dəyişdirilməsi paytaxtımızda yol-nəqliyyat infrastrukturuna mühüm töhfə olacaq:

“Belə ki, bu, Nizami küçəsi ilə Sabit Orucov, Mehdi Mehdizadə küçəsi ilə 28 May küçəsi istiqamətində yolları birləşdirən nəqliyyat qovşağının yaradılmasına şərait yaradır. Bu isə öz növbəsində, bu ərazidə yarana biləcək tıxacların qarşısının alınmasına və nəqliyyat vasitələrinin hərəkətinin intensivliyinin təmin edilməsinə imkan verəcək”.
Şah İsmayıl Xətainin heykəlinin yerinin dəyişdirilməsinə sosial şəbəkələrdə birmənalı münasibət sərgilənmədi. Bəziləri bu addımı alqışlayıb, bəziləri isə heykəlin daha görünən yerə qoyulmasının arzuolunan olduğunu yazdılar.
Bəs məsələ ilə bağlı tarixçilər nə düşünürlər?

“Yeni Müsavat”a danışan tarixçi professor Anar İsgəndərov söyləyib ki, Azərbaycan Səfəvi Dövləti Azərbaycan tarixində şərəfli bir zirvədir:
“İlk dəfə olaraq imperiya məfhumunu bizə Səfəvi dövləti verib. Bu dövlətin də qurucusu Şah İsmayıl Xətaidir. İndi bu məsələyə hər kəs münasibət bildirir. Münasibətin mahiyyətinə də mən münasibət bildirmək istəyirəm. Şah İsmayılın heykəli elə yerdə qoyulmuşdu ki, bəlkə də bu, o dövr üçün doğrudan da tələbləri ödəyirdi. Ancaq indi hamımız görürdük ki, heykəl yerində deyildi. Bu böyük dövlət xadiminin heykəli önünə bir gül dəstəsi qoymaq da problem idi. İndi isə rəsmi şəkildə heykəlin yeri dəyişdirilib və bu, normal yerdə qoyulub. Axı bu, müzakirə mövzusu olmalı deyil. Bir xalqın Qarabağ problemi varsa, torpağının 20 faizi işğaldadırsa, dərd bu olmalıdır. Heykəlin yeri bilərəkdən və düz olaraq dəyişdirilib və burada müzakirə ediləsi nə isə yoxdur. Kimsə də müzakirə edirsə, bizim də borcumuz bir müəllim kimi öyrətməkdir. Biz də deyirik ki, həqiqətən də heykəlin yerinin bu formada dəyişdirilməsi doğru addımdır. Əgər kiminsə bu dövlət başçısına məhəbbəti varsa, sabah gül dəstəsi götürüb, rahat şəkildə heykəlin qarşısına qoyub, orada şəkil də çəkdirə bilər”.

Tarixçi-alim Dilavər Əzimli “Yeni Müsavat”a söyləyib ki, heykəlin əvvəlki yerində onun qarşısına gül dəstələri qoymaq olmurdu, tədbir keçirmək mümkün deyildi: “Xətai böyük Azərbaycan və eyni zamanda dünya tarixində möhtəşəm şəxsiyyətlərdən biridir. Təbii ki, bu cür adamın heykəli daha da möhtəşəm olmalıdır. SSRİ dövründə indiki Sankt-Peterburqda olan zaman Pyotrun at belində olan heykəlinə baxdım. Hansı tərəfinə keçsən də elə yerdə düzəldilib ki, bu heykəl sənə baxır. Şah İsmayıla da belə abidə qoyulmalıdır. Ancaq indiki heykəlin yerinin dəyişdirilməsi məsələsinə müsbət yanaşıram. Çünki hər il onun anadan olduğu gün-iyulun 17-də heykəlin qarşısına getdiyimiz zaman böyük çətinlik çəkirdik. Maşınları saxladıb, yolu keçirdik. Əklil də aparmaqda çətinlik çəkib, böyük tədbir keçirə bilmirdik. Eyni zamanda yolu da genişləndirmək üçün atılan addımlar lazımlı idi. Mən sosial şəbəkədə daha öncələr də yazmışdım ki, bu abidə ilə bağlı bir şey düşünmək lazımdır. Nəhayət ki, belə bir layihə hazırlandı və həyata keçirildi. Fürsətdən istifadə edib bu işi görənlərə minnətdaram. Əməyi keçən hər kəsə Xətai sevərlər adından səmimi duyğularımı bildirirəm. Hər halda, indi orada tədbir də keçirmək mümkündür, qoyulan skamyalarda istirahət də etmək olar. Xaricilər gələndə onları da bu abidənin qarşısına aparmaq mümkündür. Türkiyədən və digər yerlərdən qonaqlar gələn zaman onları köhnə heykəlin qarşısına aparmağa çəkinirdik. Çünki yolun ortasında idi və düşünürdük ki, qəza baş verə bilər. İndi isə bu cür problemimiz də olmayacaq. Ona görə də görülən işi alqışlayıram”.
