Dünya iqtisadiyyatının müxtəlif seqmentlərinin koronavirus epidemiyasının təsiri ilə çəkdiyi zərər getdikcə artır. Yanvarın 20-dən beynəlxalq birjalarda səhmlərin ümumi bazar dəyəri 5,7 trilyon ABŞ dolları və ya 6,4 faiz azalaraq 83,425 trilyon dollara enib. “Bloomberg”in yaydığı məlumata görə, yalnız bir gündə - fevralın 24-də birjalardakı dəyərsizləşmə səbəbilə dünyanın ən varlı 500 insanı 140 milyard dollara yaxın sərvətini itirib.
Birjalarda yanvarın 20-dən bəri baş verən dəyərsizləşmə isə dünyanın üçüncü böyük iqtisadiyyatı olan Yaponiyanın milli gəlirinə bərabərdir.
Turizm, xammal bazarı, ticarət, iaşə sektorlarından sonra su daşımaçılığı sahəsi də Çindəki virus problemindən milyardlarla dollar zərərə düşdüyünü açıqlayıb. “Welt” nəşri yazır ki, Almaniya Gəmiçilər İttifaqının prezidenti Alfred Hartmanın fikrincə, Çindən yük daşımalarının azalması hissələrin, xammalın qıtlığına səbəb ola bilər. Məşhur “Maersk” beynəlxalq gəmiçilik şirkəti son iki həftə ərzində Çindən 50 reysi ləğv etmək məcburiyyətində qalıb.
Beynəlxalq Dənizçilər Təşkilatının (İMO) məlumatına görə, dünya gəmiçiliyinin ticarət dövriyyəsində hər həftəlik 350 milyon ABŞ dollarınadək zərərə uğrayır(Report).
Xammal, ən əsası isə neft bazarında vəziyyət də gün-gündən pisləşməkdədir. Belə ki, brent markalı neft dünən birjalarda may ayı üzrə müqavilələrdə 51,99 dollara düşüb. 2018-ci ilin dekabrından bəri ilk dəfədir ki, brent nefti belə aşağı qiymətə satılır. Ucuzlaşma Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftdən də yan ötməyib. Dünən neftimizin qiyməti 1,19 ABŞ dolları, yaxud 2,06 faiz azalaraq 56,40 ABŞ dolları təşkil edib.
Təhülkəli məqam budur ki, yaxınmüddətli dövrdə neftin qiymətini artıracaq hər hansı amil real görünmür.

İlham Şaban: “Vəziyyət çox dumanlıdır”
Neft sahəsi üzrə mütəxəssis, “Neft” Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şabanın “Yeni Müsavat”a dediyinə görə, son 10 ildə neft bazarında bu qədər dumanlı vəziyyət müşahidə olunmayıb: “Bu vəziyyətin yaranmasının bir nömrəli səbəbi, əlbəttə, koronavirusdur. Bir aydan artıqdır bu virusla bağlı dünya iqtisadiyyatında artımın zəifləyəcəyi təhlükəsi hökm sürür. Son günlər birjalarda ciddi enişlər müşahidə olunur. Ən çox zərərçəkən Şanxay birjasıdır. Orada səhmlər daha sürətlə ucuzlaşır ki, bu da iqtisadiyyatın zəifləməsinin göstəricisidir. Yaponiyada da vəziyyət ürəkaçan deyil. Bu ölkənin rəhbəri deyib ki, Böyük Yeddilərin görüşündə koronavirus ilk müzakirə ediləcək mövzular sırasındadır. İlin əvvəlində regiondakı hərbi silahlı qarşıdurmalar üzündən neftin qiyməti 60-70 dollar aralığında dəyişirdi. Lakin artıq yanvarın 20-dən sonra qiymət 60 dollardan aşağı düşüb, bütün fevral ayında bu civarda qalıb, son günlər isə daha da azalıb. Problem ondadır ki, vəziyyət çox dumanlıdır, nə zaman düzələcəyi də məlum deyil. Bilinmir ki, qiymət 40 dollara düşəcək, yoxsa 50-də qalacaq. İndiki təsirlərdən çıxması və qiymətlərin stabilləşməsi üçün neft bazarına azı 10 ay vaxt lazımdır. İlin artıq 2 ayı gedib, belə stabilləşmə heç üfüqdə də görünmür”.
Ekspertin fikrincə, martın ortalarında bu il üçün verilmiş proqnozlara korrektələr ediləcək: “Bu, korrektələr OPEK+ ölkələrinin martın əvvəlində keçiriləcək görüşündə qəbul edilən qərarlardan asılı olacaq. Hətta bu qərarların belə bazarda qiymətləri stabilləşdirəcəyi də böyük sual altındadır. Baxın, Liviyada hərbi münaqişə nəticəsində gündəlik 120 min barel bazara çıxmır, Venesuelaya qarşı sanksiyalar gücləndirilib, oradan da bazara neftin çıxışı minimuma enib, ötən ildən İranın 1 milyon barel nefti çıxıb. Əvəzində isə ABŞ-ın hasilatı gün-gündən çoxalır. Gündəlik hasilat 13 milyon barelə çatıb. Yəni azalan həcmlərin yeri tezliklə dolur deyə, qiymətlərdə artım müşahidə olunmur. Ümumilikdə OPEK+ çərçivəsində qəbul edilən hasilatın azaldılması qərarları faktiki olaraq ABŞ şist neftinin dünya bazarına daha çox çıxarılması mexanizminə çevrilib. Səudiyyə Ərəbistanı bununla ABŞ-ın dünya neft bazarında hegemon mövqeyə çıxması strategiyasına gizli və böyük dəstək verməkdədir”.
İ.Şabanın sözlərinə görə, virusla bağlı təhlükə iqtisadiyyatın bütün sahələrində - avtomobil və onun ehtiyat hissələri, smartfon istehsalından tutmuş nəqliyyatda yükdaşımalara qədər bütün istiqamətlərdə mənfi təsirlərini göstərməkdədir: “İqtisadi artımın zəifləməsi həm neft bazarında qiymət baxımından Azərbaycanın gəlirlərini azaldır, həm də səhm və valyuta bazarındakı volatillik Neft Fondunun aktivlərini dəyərsizləşdirir. Onsuz da bizim neft hasilatımız və neftdən gələn gəlirlərimiz azalırdı. İndiki vəziyyət isə gəlirlərin daha da azalmasına səbəb olacaq. Neftin qiyməti büdcədə 55 dollardan götürülüb, amma indiki vəziyyətdə bu həddin təmin olunub-olunmayacağı ciddi sual altındadır”.

Vüqar Bayramov: “Neft Fondunun investisiya portfeli diversifikasiya olunmalıdır”
İqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov koronavirusun yayılma tempi artıqca, neft bazarında azalma da sürətlənir: “Qısa müddətdə qiymət 65 dollardan 52 dolların altına düşdü. Ötən il qlobal iqtisadiyyat və səhm bazarı ABŞ-Çin ticarət savaşından zərər çəkmişdi. Bu il isə virus epidemiyası zərər vurmaqdadır. Azərbaycanın neft gəlirlərinin toplandığı Dövlət Neft Fondunun əsas investisiyaları dövlət qiymətli kağızlarına, o cümlədən ABŞ-da bondlara yönəldilib. Bu, azgəlirli olsa da, azriskli sahədir. Fondun investisiya siyasəti konservativ olmaqla, azriskli və stabil gəlirliliyin təıminatına yönəlib”.
Ekspertin sözlərinə görə, Neft Fondunun aktiv investisiya etdiyi qızılın dünya bazar qiyməti son bir ildə davamlı artım nümayiş etdirir: “Bizim tövsiyəmiz də bu idi ki, qızıla investisiyalar getdikcə artırılsın. Fond son illərdə investisiya paketini diversifikasiya edərək daşınmaz əmlaka da yatırımlar edir. Amma düşünürəm ki, indiki halda çevik qərarların verilməsi vacibdir. İnvestisiya portfelində mərhələli şəkildə diversifikasiyanın aparılması, qızıl ehtiyatlarının artırılması məqsədəuyğundur”.
