|
Pasxadan sonra, Ramazandan əvvəl

Rusiyada aprelin 22-də konstitusiyaya düzəlişlərə dair referendum keçiriləcək. Bu barədə Dövlət Dumasının Dövlət quruculuğu və qanunvericilik komitəsinin sədri Pavel Kraşennikov jurnalistlərə məlumat verib. O bildirib ki, Prezident Vladimir Putin səsvermənin bu tarixdə keçirilməsi ilə razılaşıb.

Qeyd edək ki, bir müddət öncə Rusiya Konstitusiyasına düzəlişlərin müzakirə olunmasına dair işçi qrupun həmsədri Andrey Klişas səsvermə üçün aprelin 22-nin ən əlverişli vaxt olduğunu bildirmişdi. O vurğulamışdı ki, aprelin 19-da pravoslav xristianların Böyük pəhrizi başa çatır, aprelin 24-də isə müsəlmanların Ramazan ayı başlanır.

Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə hazırlanan ölkə Konstitusiyasına düzəlişlər Rusiya Federasiyasına məxsus ərazilərin başqa dövlətə verilməsinə yönəlmiş danışıqların aparılmasına qadağa qoyacaq. Konstitusiyaya düzəlişlər üzrə işçi qrupun həmsədrləri Pavel Kraşeninnikov və Andrey Klişasın bəyanatlarına görə, dövlətin Əsas Qanununa “Rusiya Federasiyası ərazilərinin özgəninkiləşdirilməsinə yönəldilmiş hərəkətlər qadağan olunur” ifadəsi daxil ediləcək. Düzəlişlər həmçinin Rusiya diplomatlarının Rusiyaya məxsus ərazilərin verilməsi ilə bağlı danışıqlar aparmaq səlahiyyətləri ləğv olunacaq.

Beləliklə, Rusiya Konstitusiyasına ediləcək düzəlişlər birmənalı olaraq dövlətin ərazi bütövlüyü prinsipinin prioritetini təsdiq etməklə bu məsələ ətrafında hətta diplomatik danışıqların aparılmasının belə qarşısını alacaqdır.

“Yeni Müsavat”a danışan politoloq Elxan Şahinoğlu görünür tarixi bu formada elan etməklə demək istəyirlər ki, Rusiya hakimiyyəti ölkədə yaşayan həm xristianlara, həm də müsəlmanlara müsbət yanaşır, onların bayramlarını da diqqətə alır: “Çünki Rusiyada 20 milyon müsəlman da yaşayır. İkincisi də görünür elə məqama təyin etmək istəyirlər ki, seçici fəallığı olsun. İnanmıram ki, bu dəyişikliklərdən Rusiyada əksəriyyətin xəbəri olsun. Sadəcə olaraq ekspertlər bunu bilirlər. Müzakirələr Moskvada aparılır. Ancaq cəmiyyət məsələdən bilgili deyil. Ona görə də görünür Rusiyanın özündə də maarifləndirmə işinə ehtiyac var. Seçkilərə çox müddət də qalmayıb. Bu dəyişiliklərlə tanışam. Çox köklü dəyişiklilər təklif olunur. Hətta bir dəyişiklik təklif edilib ki, bu bizim və digər xalqların da maraqlarına toxunur.

Təklif edilib ki, konstitusiya elə bir maddə salaq ki, Keçmiş SSRİ-nin İkinci Dünya Müharibəsindəki rolu xüsusi olaraq vurğulansın. Ancaq faşizm üzərindəki qələbədə ruslarla yanaşı azərbaycanlıların və digər millətlərin də rolu olub. Hətta Putinə bir təklif də olmuşdu hakimiyyətdə kim olursa-olsun, elə maddə salaq ki, Rusiya bir qarış da olsun öz torpağını heç bir dövlətə verməsin. Burada Kuril adaları, Krım, Kalininqrad kimi ərazilər nəzərdə tutulur. Putin də düşünür ki, özündən sonrakı prezident zəif olarsa, Rusiyada mərkəzdənqaçma meylləri güclənə bilər. Ona görə də elə bir hakimiyyət formalaşdırmaq istəyir ki, prezident zəif olsa belə ölkə güclü olsun. Yaxud da özü üçün hər hansı bir vəzifə axtarır. Bu, baş nazir, dövlət şurasının rəhbəri də ola bilər”.

Elxan Şahinoğlu ile ilgili görsel sonucu

Politoloq bildirib ki, Putin dəyişikliklərə gedir ki, özündən sonrakı prezidentin mövqeyini zəiflətsin: “Konstitusiyaya belə bir maddə də salır ki, bir nəfər iki dəfədən artıq seçilə bilməz. Halbuki özü artıq 4-cü dəfədir ki, prezidentdir. Özündən sonrakına isə belə bir icazə verilməyəcək. Artıq növbəti dəfə prezident seçilə bilməyəcək. Ona görə də parlament və baş nazirin funksiyasını artırmağa çalışır ki, prezident zəif olsa da, idarəçiliyi nəzarətdə saxlamaq mümkün olsun. Burada başqa bir məqam da var ki, o da nəzərə alınmalıdır. Belə ki, Rusiya hər zaman güclü əllə idarə edilib. Romanovlar sülaləsi, Lenin, Stalin və sairə. Güclü əl zəifləsə və funksiyalar parlamentə keçsə bir qədər fərqli olacaq. 1917-ci ildə də Dövlət Duması var idi. Çevriliş oldu, İkinci Nikolay devrildi, ölkədə vətəndaş müharibəsi baş verdi. Yenə də bu hadisələr təkrarlanacaqmı? Hazırda Putin güclü siyasi fiqur kimi bunların öhdəsindən gəlir. Onun xarizması, siyasi savadı, böyük təcrübəsi var, reytinqi yüksəkdir. İkinci bir Putinin gəlməsi çətindir. Rusiyadakı siyasi elita da bu məqamdan qorxur”.

Ərazi haqqında Rusiyanın dəyişikliyinin Azərbaycana yanaşmasındakı faydasına gəlincə isə politoloq bunları söylədi: “Əslində bu, diqqət ediləsi məqamdır. Rusiyanın özü üçün etdiyini biz niyə etməyək? Bir qarış torpağı başqa dövlətə verməmək üçün təklif edirlər ki, konstitusiyaya maddə salsınlar. Bizdə neçə vaxtdır ki, işğal faktı ilə üz-üzəyik və bu işğala son qoymaq istəyirik. Ona görə də konstitusiyaya maddə əlavə etməliyik ki, Qarabağ məsələsində heç bir güzəşt edə bilmərik. Bu, bizim üçün müzakirə predmetidir. Qəribəsi odur ki, Rusiya da bizdən tələb edir ki, güzəştə gedin. Yaxşı, bəs özünüz niyə güzəştə getmirsiz? Kurili, Krımı qaytarmayıb, hələ maddə də salırlar ki, ərazi bütövlüyümüzü qorumalıyıq. Bizə bəzən işarə vururlar ki, Qarabağ əvvəlki kimi Azərbaycanın tərkibində ola bilməz. Düşünürəm ki, bunların hamısı ikili standartlardır. 22 aprel referendumundan sonra hansı maddələrin qəbul olunduğuna diqqət edib, sonra qərara gəlməliyik ki, Rusiya ilə münasibətlərimizi hansı formada quraq”.