Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın fevralın 25-də Azərbaycana səfəri, prezident İlham Əliyevlə təkbətək görüşü, həmçinin səfər çərçivəsində Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Bakıda Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının iclasının keçirilməsi, imzalanan sənədlər və səsləndirilən bəyanatlar çox yüksək qiymətləndirilir.
Azərbaycanın dövlət başçısı öz çıxışında türkiyəli həmkarının Bakı səfərinin çox böyük önəm daşıdığını bildirib: “Bizim səfərlərimiz müntəzəm olaraq keçirilir və hər bir görüşümüz böyük məna daşıyır. Hər bir görüşdən sonra Türkiyə-Azərbaycan əlaqələrinə yeni təkan verilir və bu əlaqələr bu gün ən yüksək zirvədədir. Bu gün (sraöagün-red.) keçirilmiş Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII toplantısı bir daha onu göstərdi ki, bizim fikirlərimiz bütün məsələlərdə birdir, niyyətimiz, amalımız da birdir. Bu da ondan ibarətdir ki, Türkiyə-Azərbaycan dostluq-qardaşlıq əlaqələri bundan sonra da uğurla inkişaf etsin və bütün sahələri əhatə etsin”.
Ölkə başçısı deyib ki, səfər zamanı bir çox məsələlər geniş müzakirə olunub: “Bir çox önəmli qərarlar qəbul edildi, önəmli sənədlər imzalandı. Biz siyasi əlaqələrimiz haqqında geniş fikir mübadiləsi apardıq və bir daha gördük ki, bu əlaqələr iki xalqın iradəsini əks etdirir. Biz bütün beynəlxalq təşkilatlar çərçivəsində vahid mövqedən çıxış edirik. Bir-birimizə arxayıq, bir-birimizə dayağıq. BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası və digər təşkilatlarda biz fəal işbirliyi apararaq bir-birimizin gücünü artırırıq”.

Azərbaycan prezidenti həmçinin qeyd edib ki, Türkiyə dünya miqyasında Azərbaycana ən böyük dəstək verən ölkədir: “Buna görə bir daha təşəkkürümü bildirirəm. Öz növbəmdə bildirməliyəm ki, bütün məsələlərdə, beynəlxalq arenalarda Azərbaycan daim Türkiyənin haqq işini dəstəkləyir. Elə bir məsələ olmayıb və əminəm olmayacaq ki, Azərbaycan öz dəstəyini Türkiyəyə göstərməsin. Hazırda bölgədə gedən bütün proseslərdə birmənalı şəkildə Azərbaycan dövləti və Azərbaycan xalqı Türkiyə dövlətinin və xalqının yanındadır. Bizim birliyimiz əbədidir və təbii ki, biz öz gələcəyimizi bu möhkəm təməl üzərində qururuq. Ona görə, Strateji Əməkdaşlıq Şurasının bugünkü 8-ci toplantısı xüsusi əhəmiyyətə malik olan bir məsələdir. Çünki dünya miqyasında bir-birinə ən yaxın olan ölkələr bu gün öz gələcək işbirliyi, əməkdaşlığı haqqında çox ciddi qərarlar qəbul etmişlər. İqtisadi sahəyə gəldikdə, əziz qardaşım, hörmətli prezident bir müddət bundan öncə qarşıya hədəf qoymuşdur ki, ticarət dövriyyəsi 15 milyard dollara çatsın. Hesab edirəm ki, bu, mümkündür. Çünki keçən il ticarət dövriyyəmiz 33 faiz artıb və 4,5 milyard dollara çatıb. Bu gün imzalanmış sənədlər, o cümlədən preferensial ticarət anlaşması əminəm ki, ticarət dövriyyəmizin artırılmasına böyük təkan verəcək”.
İ.Əliyev deyib ki, bu günə qədər Azərbaycan Türkiyə iqtisadiyyatına 18 milyard, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12,5 milyard dollar sərmayə qoyub: “Bu, böyük ölçüdə sərmayənin qoyuluşu bir daha bizim qardaşlığımızı təsdiqləyir. Çünki ancaq qardaş ölkəyə bu qədər vəsait, bu qədər yatırım qoyula bilər”.
Prezident Rəcəb Tayyib Ərdoğan isə deyib ki, nazirlər öz aralarında görüşlər keçirdilər: “Biz isə təkbətək görüşümüzdə ətraflı müzakirə apardıq. Onsuz da Türkiyə ilə Azərbaycan arasında siyasi, hərbi, iqtisadi, ticari, mədəni - bütün bu sahələrdə həmişə həmrəylik nümayiş etdirmişik və etdiririk. Aramızda bu istiqamətlərdə hər hansı bir sıxıntı müzakirə mövzusu ola bilməz. Amma bunları bu yüksək əməkdaşlıq şurasında bir daha müzakirə edərək harada çatışmazlığımız var, gələcəkdə necə hərəkət edəcəyik, - bunları müzakirə etmək imkanımız oldu”.

Türkiyə lideri deyib ki, siyasi sahədə xüsusilə önəmli bir addım Naxçıvan və Türkiyə arasındakı dəmir yolu məsələsidir: “Bu, Naxçıvanın inkişafı baxımından çox önəmlidir. Digər bir önəmli addım isə Naxçıvanda sərhədə qədər, eyni qaydada, İğdırdan da sərhədə qədər təbii qaz kəmərinin çəkilməsidir. Beləliklə, təxminən 160 kilometrlik kəmərin çəkilməsi ilə Naxçıvan təbii qazla bağlı daha əlverişli imkan əldə edəcək. Yəni, həm İrandan, həm də Türkiyədən dəstək almaqla daha güclü bir vəziyyətə gələcək. Mən bu baxımdan bunu da enerji sahəsində həqiqətən çox önəmli hesab edirəm. Bunun da xeyirli olmasını diləyirik. Biz bu gün nazirlərimizə tapşırıqlar verdik. Sabahdan etibarən infrastruktur işlərinə başlayacaqlar və İnşallah, bunu sürətlə başa çatdıraraq qısa müddətdə burada təbii qaz nəqlinə başlanacaq. Bu, çox önəmlidir”.
R.T.Ərdoğan qeyd edib ki, müdafiə sənayesi sahəsindəki əməkdaşlığımızı inkişaf etdirməyimiz böyük önəm daşıyır: “Sülh çeşməsi" əməliyyatında Azərbaycan hökuməti və xalqı ilə bir millət, iki dövlət olduğumuzu bir daha dünyaya göstərmişdik".
Türkyə prezidenti Xocalı soyqırımından da bəhs edib. “Xocalıda insanlığın gözləri önündə məsum, yaşlı, qadın, uşaq demədən XX əsrin ən böyük vəhşətlərindən biri törədilmişdir. 106-sı qadın, 63-ü uşaq olmaqla 613 soydaşımız xüsusi amansızlıqla qətlə yetirilmişdir. Tarixə ”qara gecə" olaraq düşən Xocalı qətliamını unutmadıq, unutmayacağıq. Azərbaycanlı qardaşlarımın, qarabağlı köçkünlərin də Xocalını közərən od kimi ürəklərində daşıdığını bilirəm. İyirmi səkkizinci ildönümündə Xocalı qətliamını törədənləri bir daha şəxsən öz adımdan və millətim adından lənətləyirəm. Dünən erməni tərəfindən açılan atəş nəticəsində şəhid olan İbrahim qardaşımıza Allahdan rəhmət diləyir, Azərbaycan xalqına başsağlığı verirəm" - Ərdoğan bildirib.
Bölgədə kifayət qədər ciddi proseslərin yaşandığı dönəmdə Türkiyə prezidentinin Azərbaycana gəlməsi, Bakıda kifayət qədər ciddi bəyanatların verilməsi, Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi erməniləri narahat edib. Üstəlik, Ankaranın Naxçıvan məsələsinə də xüsusi həssaslıqla yanaşması, blokada şəraitində yaşayan muxtar respublikanın problemlərinin həlli istiqamətində addımlar atması Ermənistanı çətin duruma salır. Düzdür, erməni ekspertlər bu səfərə ayrı rəng verməyə çalışırlar. Lakin istənilən halda Bakı-Ankara əməkdaşlığının dərinləşməsi düşmənin rahatlığını pozur.
Qeyd edək ki, prezident İlham Əliyev fevralın 26-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib. Dövlət başçısı həmkarını ad günü münasibətilə təbrik edib, qardaş Türkiyənin firavanlığı naminə ona fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb. Türkiyə prezidenti göstərilən diqqətə və təbrikə görə həmkarına təşəkkür edib. Dövlət başçıları Bakıda keçirilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının sonuncu iclasının əhəmiyyətinə toxunaraq ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Bakıda keçirilən Türkiyə-AzərbaycanYüksək Səviyyəli Əməkdaşlıq Şurasının səkkizinci iclasının yekununda 14 əməkdaşlıq sənədi imzalanıb: “İlham Əliyev əməkdaşlığın müxtəlif istiqamətləri haqqında danışarkən, hərbi sənaye kompleksləri arasında əməkdaşlığa xüsusi önəm verdiklərini vurğuladı. İlham Əliyev Türkiyədən yeni hərbi texnika alacağını bildirdi. İlham Əliyevin bu açıqlamasına Rəcəb Təyyub Ərdoğan bu sözlərlə dəstək verdi: ”Ordularımızın güclü olması önəmlidir. Bu baxımdan müdafiə sənayelərimizin gücləndirilməsi önəmlidir". Beləliklə, hərbi əməkdaşlğın yeni mərhələsi gəlir. İki ölkə gələcəkdə birgə hərbi texnika istehsal edəcəklər. Ərdoğan onu da xatırlatdı ki, terrorla mübarizədə də iki dövlət əməkdaşlıq edir. Ərdoğan buna misal kimi FETÖ terror təşkilatı ilə mübarizədə Türkiyəyə ən çox dəstək verən Azərbaycan olduğunu göstərdi. Rəcəb Təyyub Ərdoğan Bakıda dedi ki, iki ölkə arasındakı ticarət mübadiləsinin həcmini indiki 4 milyard 500 milyon səviyyəsindən 2023-cü ilə qədər 15 milyard dollara çatdırmaq lazımdır. Ərdoğan ticarətdə yüksək hədəfləri əməkdaşlıq etdiyi dövlətlərin liderlərinin hər biriylə görüşdə səsləndirir.
Türkiyə bir çox dövlətlə əməkdaşlığı məhz Yüksək Səviyyəli Əməkdaşlıq Şuralarının iclasları vasitəsilə nizamlayır. Bir neçə il əvvəl Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 2 milyard dollar idi. O zaman Ərdoğan hədəf kimi ticarət mübadiləsini 10 milyard dollara çatdırmağı gösgtərirdi. İndi isə Ərdoğan hədəfi daha da böyüdərək 15 milyard dollar rəqəmini səsləndirir. Bu mümkündür. Türkiyənin Azərbaycana yatırdığı investisiyaların həcmi 11 milyard, Azərbaycanın Türkiyəyə yatırdığı investisiyanın 20 milyard dollara yaxınlaşır. 10 il əvvəl iki ölkənin investisiyaları bu rəqəmlərin xeyli geri qalırdı. Qarşılıqlı investisiyaların həcmi 10 milyardlarla dolları keçirsə, deməli, ticarət mübadiləsinin həcmini yaxın 3 il ərzində 15 milyard dollara çatdırmaq problem olmamalıdır. Əsas odur ki, Ərdoğanın dediyi kimi müvafiq nazirliklər bu istiqamətdə fəaliyyətlərini və qarşılıqlı əlaqələrini genişləndirsinlər".
E.Şahinoğlu bir məqamı da qeyd etdi: “Ərdoğan Bakıda bir daha təkrarladı ki, Türkiyədən Naxçıvana həm dəmiryolu, həm də 160 kilometrlik qaz xətti çəkiləcək. Bu layihələrin reallaşması Naxçıvan üçün olduqca vacibdir. Doğrudur, hazırda öldürücü virusun yayılmasının qarşısının alınması məqsədilə Türkiyənin Naxçıvanla sərhədi bağlanıb. Ancaq bu müvəqqəti xarakter daşıyır. Bu gün Naxçıvanın iqtisadiyyatı Türkiyə ilə daha çox bağlıdır. Ankara Naxçıvanın inkişafı və sosial problemlərinin həlli üçün dəstəyini azaltmayacaq”.
“Atlas” rəhbəri hesab edir ki, beləcə, Ərdoğanın Azərbaycan səfəri hər iki tərəf üçün faydalı olub: “Ərdoğan bölgədə yaranan ağır durum fonunda Azərbaycana səfər edib. Türkiyə cumhubaşqanının Azərbaycanla əməkdaşlığı misal gətirərək ”dörd tərəfdə terror hadisələri baş verdiyi bir vaxtda Azərbaycan və Türkiyə sabitlik adasıdır" sözləri də bundan xəbər verir. İlham Əliyevin “hazırda bölgədə gedən proseslərdə Azərbaycan dövləti və Azərbaycan xalqı birmənalı şəkildə Türkiyə dövləti və Türkiyə xalqının yanındadır” ifadəsi isə ona işarədir ki, rəsmi Bakı Türkiyənin Suriyada və İraqda terrorçulara qarşı mübarizəsini və bölgədəki maraqlarının qorunması siyasətini dəstəkləyir. İlham Əliyev “Türkiyə dünya miqyasında Azərbaycana ən böyük dəstək verən ölkədir” fikrini bir daha səsləndirməyi də unutmadı. Türkiyə Qarabağ məsələsində Azərbaycanı dəstəkləyirsə, Azərbaycan da Türkiyənin bölgədə həyata keçirdiyi siyasəti dəstəkləyir".
“Dünyada tranzit daşımaların çox böyük əhəmiyyəti var. Ümumilikdə götürdükdə həm Azərbaycanın, həm də Türkiyənin iqtisadiyyatı artan iqtisadiyyatdır. Eyni zamanda, biz Qərblə Şərq arasında çox vacib bir dəhlizin bəndiyik. Bu baxımdan bizim yol infrastrukturumuzun müasir tələblərə cavab verməsi çox əhəmiyyətlidir”.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov Azərbaycan və Türkiyə arasında imzalanmış Qars-İqdır-Naxçıvan dəmir yolunun tikintisinə dair Anlaşma Memorandumu barədə danışarkən deyib. Politoloq qeyd edib ki, Qars-İqdır-Naxçıvan dəmir yolunun tikintisi Naxçıvanın gələcək fəaliyyəti və uğurlu inkişafına töhfə verəcək.
