Tıxacı azaltmaq üçün Xırdalan dairəsi və əks istiqamətdə yenidənqurma işləri həyata keçirilir
2020-ci ilin əvvəlindən etibarən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı-Sumqayıt yolunun genişləndirilməsi istiqamətində işlərə başlayıb. Ölkə prezidentinin ötən ilin oktyabrında agentlik rəhbəri Saleh Məmmədova bu məsələ barədə tapşırıq verməsindən sonra qurum tərəfindən hazırlanan layihə Nazirlər Kabinetində təsdiqlənib.
Layihəyə əsasən, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması, xüsusən günün pik saatlarında tıxacın yaranmasının qarşısını almaq məqsədi ilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 7,5 kilometrliyindən başlayaraq Xırdalan dairəsi və əks istiqamətdə yenidənqurma işləri həyata keçirilir.
AAYDA-dan “Yeni Müsavat”a verilən məlumata görə, yenidənqurma işləri çərçivəsində yol 2 hərəkət zolağı enində genişləndirilir. Bunun üçün əraziyə kifayət qədər texnika cəlb olunub. İşlər magistral yolda intensivlik nəzərə alınaraq ümumi hərəkətə maneə yaradılmadan aparılır. Layihə boyu hər iki istiqamət üzrə yol kənarında tökmə torpaq hissələrin qazılıb çıxarılması işləri gedir. Sözügedən işlər mövcud körpülərin alt hissəsində də aparılır. Tökmə torpağın çıxarıldığı hissələr kipləşdirilir, kənarlarında istinad divarı inşa edilir.
Analoji genişləndirmə işləri Xırdalan dairəsinin altından keçən avtomobil tunelində də aparılır. Əlavə olaraq tunel hər bir istiqamət üzrə 2 hərəkət zolağından 4 hərəkət zolağına genişləndiriləcək. Bundan başqa, daha 2 hərəkət zolağı dairəyə qalxan və düşən hissələrdə də yaradılır.
Genişləndirmə işləri zamanı qeyri-yaşayış sahələrinin qanunvericiliyə əsasən kompensasiya ödənilməklə sökülməsi, həmçinin kommunikasiya xətlərinin və yaşıllıqların köçürülməsi işləri aparılır.
Bundan başqa, magistral yolda hər bir istiqamət üzrə 2 hərəkət zolağının xüsusi dəmir-beton maneələrlə digər zolaqlardan ayrılması nəzərdə tutulur. Həmin zolaqlara daxil olan avtonəqliyyat vasitələri heç bir maneə olmadan Masazır, Ceyranbatan və bu istiqamətdə olan digər qəsəbələrə, həmçinin Sumqayıt şəhəri və ölkənin şimal istiqamətində hərəkət edə biləcəklər. Digər zolaqlarla hərəkət edən avtonəqliyyat vasitələrinin isə Biləcəri, Binəqədi və bu istiqamətdə olan qəsəbələrə, həmçinin Xırdalan şəhəri və ölkənin şimal-qərb istiqamətində maneəsiz hərəkəti təmin olunacaq.
Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədi ilə magistral yolun sözügedən hissəsində əlavə geriyə dönüş yolunun inşası, magistrala Binəqədi və Biləcəri qəsəbələrindən alternativ giriş-çıxışına imkan verən mövcud yolların yenidən qurulması işləri də həyata keçiriləcək.
Ümumilikdə dövlət başçısının tapşırığına uyğun olaraq, yolun sözügedən hissəsində yenidənqurma işlərinin 2020-ci ilin iyun ayına qədər yekunlaşdırılması nəzərdə tutulur.
Yeni layihə “Şamaxı yolu” və “20 Yanvar” dairəsi adlanan ərazidəkı tıxac problemini də həll edəcək: “Ölkə başçısının tapşırığına uyğun olaraq, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Bakı-Sumqayıt hissəsində tıxacın aradan qaldırılması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və aidiyyəti qurumların əməkdaşları tərəfindən yol boyu baxış keçirilərək təkliflər hazırlanıb. Həmin təkliflər Prezident Administrasiyasına təqdim olunub. Onlardan birinin üzərində dayanılıb və hazırda ilkin işlərə start verilib. Buna əsasən, həmin ərazidən dəmir yolu körpüsü keçir. Həmin körpünün altından daha ikizolaqlı olmaqla yolun genişləndirilməsi işləri həyata keçirilir. Ümumilikdə, ərazilərdən asılı olaraq yolun 6-18-ci kilometrlik hissəsinin 2-3 hərəkət zolağı enində genişləndirilməsi nəzərdə tutulur. Bunun davamı olaraq, Xırdalan dairəsi adlanan ərazinin 11-ci kilometrlik hissəsində daha ikizolaqlı olmaqla hər iki istiqamət üzrə tunelin tikintisi planlaşdırılır”.
Xırdalan-Binəqədi istiqamətində avtonəqliyyat vasitələrinin hərəkətini təmin etmək üçün ikizolaqlı olmaqla yeni yolun inşası aparılacaq: “Artıq ”20 Yanvar" dairəsindən gələn Moskva prospekti boyunca hərəkət edən nəqliyyat vasitələri Moskva prospektində yerləşən tuneldən keçməklə heç yerə dönmədən Sumqayıt istiqamətində hərəkət edə biləcəklər. Eyni işlər əks istiqamət üzrə də həyata keçiriləcək. Həmçinin “20 Yanvar” dairəsi adlanan ərazidə, “Şamaxı yolu” adlanan ərzidə sıxlığın aradan qaldırılması üçün də bir layihə üzərində işlər gedir. Onunla da bağlı təkliflər hazırlanır.
Qeyd edim ki, Sumqayıt istiqamətindən gələn nəqliyyat vasitələri “Şamaxı yolu”, “20 Yanvar” dairəsinə daxil olmadan Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından keçməklə dairəvi yolun alt hissəsində inşa olunacaq tunel vasitəsilə birbaşa Abbas Mirzə Şərifzadə küçəsi və “20 Yanvar” dairəsi istiqamətində hərəkət edə biləcəklər. O cümlədən əks istiqamətdə də oradan gələn nəqliyyat vasitələri Sumqayıt, Biləcəri istiqamətinə rahat çıxış əldə edə biləcəklər. Bu da “Şamaxı yolu” və “20 Yanvar” dairəsi adalanan ərazidə sıxlığın aradan qaldırılmasına gətirib çıxaracaq".

İqtisadçı-ekspert Rövşən Ağayevin fikrincə, Bakı-Sumqayıt yoludakı tıxacın aradan qaldırılması üçün Beynəlxalq Avtovağzalın yeri dəyişdirilməlidir: “Hələ 3-4 əvvəl yazdığım fikirdə qalıram: son dərəcə strateji şəhərsalma xətasına yol verərək Bakı Beynəlxalq Avtovağzalı həddən artıq dar bir məkanda, böyük tıxaca və nəqliyyat xaosuna səbəb olan ərazidə, şəhərə axınının tam qarşısında tikilib. O obyekt oradan nə vaxtsa çıxarılmalı olacaq. Anlayıram ki, nəhəng sərmayə hesabına başa gəlib, amma bu qərarı nə vaxtsa vermək lazım gələcək”...
AAYDA-dan aldığımız məlumata görə, qurumun hazırladığı layihə təklifində Beynəlxalq Avtovağzalın yerinin dəyişilməsinə dair məsələ əksini tapmayıb. Əvəzində Agentlik Avtovağzal Kompleksinin yaxınlığından yeni tunelin çəkilməsi ilə bağlı layihəni hökumətə təqdim edib. Bu barədə mətbuata Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədov məlumat verib.
Onun sözlərinə görə, layihə Bakı Nəqliyyat Agentliyinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Nəqliyyat İdarəsinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birlikdə nəzərdən keçiriləcək və təsdiq edildikdən sonra tikinti işlərinə başlanılacaq.
