|
Ombudsman təcridxanada məhbusların şəraiti ilə maraqlandı

Ombudsman Səbinə Əliyeva Bakı İstintaq Təcridxanasına əvvəlcədən xəbərdarlıq edilmədən başçəkmə həyata keçirib. Səbinə Əliyeva təcridxanada saxlanılan İlkin İbrahim oğlu Süleymanovu konfidensial qaydada qəbul edərək dinləyib. İlkin Süleymanovun barəsində Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətl işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla 2 aylıq həbs-qətimkan tədbiri seçilib.  Başçəkmə çərçivəsində ombudsman müəssisədə saxlanılan bir çox təqsirləndirilən şəxsin saxlanılma şəraiti, qidalanma, tibbi yardım, telefon danışığı, görüş və digər hüquqların təmin olunması vəziyyəti, habelə rəftar məsələləri ilə maraqlanıb.

Milli Preventiv Qrupun üzvlərinin, o cümlədən ixtisasca həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı saxlanılan şəxslərə hüquqları, eləcə də müvafiq qanunvericiliyin tələbləri izah edilib, ombudsmana ünvanlanmış müraciətləri qəbul olunub, bəzi saxlanılan şəxslər tərəfindən barələrində aparılan istintaqla bağlı qaldırılan məsələlər üzrə hüquqi məsləhətlər verilib, bir sıra müraciətlər isə yerində təmin edilib. Yekunda ombudsman tərəfindən müəssisə rəhbərliyi ilə hüquqi maarifləndirici söhbət aparılıb, milli və beynəlxalq qanunvericiliyə uyğun şəkildə həbs yerində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmini, saxlanma şəraiti ilə bağlı müvafiq tövsiyələr verilib.

10 yaşlı Nərmin Quliyevanın qətl işi ilk gündən ombudsmanın diqqət mərkəzindədir. Bu ilin yanvarında Səbinə Əliyevanın tapşırığı əsasında Gəncə Regional Mərkəzinin əməkdaşları hadisənin baş verdiyi rayonda olub, uşağın valideynləri və yaxınları ilə görüşüblər. Həmin vaxt azyaşlının valideynləri və yaxınları ombudsmana ünvanlanan müraciətlərində məsələnin nəzarətə götürülərək təcili və hərtərəfli araşdırılmasına, təqsirkar şəxslərin tezliklə tapılaraq məsuliyyətə cəlb edilməsinə köməklik göstərilməsini xahiş etmişdilər. Ombudsman cəmiyyətdə ciddi narahatlıq doğuran bu məsələyə dərhal reaksiya verərək Azərbaycan Respublikasının baş prokuroruna müraciət ünvanlaşmışdı.

10 yaşlı Nərmin Quliyevanı öldürməkdə təqsirləndirilən İlkin Süleymanov isə məhkəmədə qətlə aidiyətinin olmadığını deyib, ittihamları rədd edib. Onun vəkili Əlibaba Rzayev müvəkkilinin özünə qarşı ifadə verməyə məcbur edildiyini açıqlayıb. Baş Prokurorluq “işgəncə və işgəncə yolu ilə etirafla” bağlı iddiaları qəti təkzib edib.

Səbinə Əliyeva 10 yaşlı Nərminin qətlinə görə saxlanan şəxslə ile ilgili görsel sonucu

10 yaşlı Nərmin Quliyeva keçən il noyabrın 21-də itkin düşüb və 45 gün sonra onun yandırılmış cəsədi tapılıb. Bundan sonra 47 yaşlı kənd sakini İlkin Süleymanov cinayətdə təqsirləndirilən şəxs qismində müəyyənləşdirilib, barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Baş Prokurorluq bildirb ki, İlkin Süleymanov “törətdiyi əməli tam etiraf edib”.

Vəkil Əlibaba Rzayev müvəkkilinin cinayəti törətmədiyini, işgəncələrdən sonra “özündən ssenari qurduğunu və buna uyğun ifadə verdiyini” açıqlamışdı.

Səbinə Əliyeva 10 yaşlı Nərminin qətlinə görə saxlanan şəxslə ile ilgili görsel sonucu

Vəkil demişdi ki, İlkin Süleymanovun Nərminin ailəsi ilə, qızın valideynləri ilə heç bir münaqişəsi və ədavəti olmayıb. Kənd adamları da bir-birini yaxşı tanıyırlar, bir-biri ilə yaxşı münasibətləri var. Belə bir əsas yoxdur ki, o ailəyə qarşı belə ağır cinayət hadisəsi törətsin.

Baş Prokurorluq təqsirləndirilən İlkin Süleymanovun “istintaq zamanı işgəncə verməklə etirafedici məzmunlu ifadə verməyə məcbur edilməsi” ilə bağlı iddiaları “əsassız” hesab edir və qəti təkzib edir. Qurumun məlumatında deyilir ki, İlkin Süleymanov şübhəli və təqsirləndirilən şəxs qismində, eləcə də istintaq zamanı dindirilərkən müdafiəçisi və hal şahidlərinin iştirakı təmin edilib.

İlkin Süleymanov barəsində “qanunsuz azadlıqdan məhrum etmə” və “təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə” maddələri ilə cinayət işi başlanıb.