Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru və onun müavini də iş otaqlarında rüşvət alarkən saxlanılıblar
Fevralın 20-də Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları Neftçala Rayon İcra Hakimiyyətində xüsusi əməliyyat keçirib. DTX-nın rəsmi məlumatında deyilir ki, Neftçala İcra Hakimiyyəti vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələri ilə bağlı başlanılmış cinayət işi üzrə kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirilir.
Məlumatda bildirilir ki, araşdırmalar əsasında şübhəli şəxs qismində tutularaq cinayət məsuliyyətinə cəlb edilən şəxslər və onlar tərəfindən törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə geniş məlumat veriləcək.

Unikal.org etibarlı mənbəyə istinadla yazır ki, Neftçalanın icra hakimiyyətinin başçısı İsmayıl Vəliyev də həbs edilib. Qeyd edək ki, Neftçala icra hakimiyyətinin başçısı İsmayıl Vəliyev vertolyot qəzasında həlak olan baş prokuror İsmət Qayıbovun bacısı oğludur.
O, 31 oktyabr 1959-cu ildə Gəncə şəhərində anadan olub. 1981-ci ildə Bakı Dövlət Universitetini bitirib, əmək fəaliyyətinə 1981-ci ildə o vaxtkı Əli Bayramlı şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsində ümumi şöbənin müdiri kimi başlayıb. Əli Bayramlı şəhər Xalq Deputatları Sovetinin deputatı olub. 1985-1991-ci illərdə Azərbaycan SSRİ Ali Sovetinin Rəyasət Heyətinin bağışlama şöbəsində məsləhətçi, hüquq şöbəsində böyük məsləhətçi, baş mütəxəssis, Qanunvericilik və hüquq şöbəsində sektor müdiri vəzifələrində işləyib. 1991-1992-ci illərdə “İlk Bank” Səhmdar Kommersiya Bankının İdarə Heyətinin sədri, “Mejbankovskoye Obedinenie” Səhmdar Bankında Bank Şurasının sədri vəzifələrində işləyib. 1992-1994-cü illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsində böyük məsləhətçi işləyib. Uzun müddət Dövlət Gömrük Komitəsində də işləyib.
Prezidentin 24 avqust 2005-ci il tarixli 970 nömrəli sərəncamı ilə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. 26 aprel 2011-ci il tarixdən Neftçalanın icra başçısıdır. “Report”un məlumatına görə, fevralın 20-də Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Xaləddin Ələkbərov və onun müavini İlqar Dursunov iş otaqlarında rüşvət alarkən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıblar.

Xatırladaq ki, 2019-cu ilin dekabrında Dövlət Təhlükəsizlik Xidməti Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev və onun müavini Ramiz Tatarovu, Yevlax rayonunun keçmiş icra başçısı Qoca Səmədovu həbs edib. DTX-nın yaydığı məlumata görə, onlar vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, dövlət vəsaitini mənimsəməkdə, külli miqdarda rüşvət almaqda şübhəli bilinirlər.
Prezident İlham Əliyev bu ayın əvvəlində regionların “2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə bağlı keçirilən konfransda deyib ki, vergi və gömrük orqanları keçən il proqnozdan əlavə 1 milyard manatdan çox vəsait toplayıb. Onun sözlərinə görə, bu vəsait əvvəllər “kiminsə cibinə gedib” və “bu pullardan Azərbaycan vətəndaşı məhrum idi”.

“Məmurlar görən kimi haradasa iş başlayır, bəzi hallarda dərhal cumurlar ora, öz payını tələb edirlər, yaxud da ki, nəsə qoparmaq istəyirlər,” - İlham Əliyev deyib.
Prezident çıxışında “heç bir toxunulmaz məmur da yoxdur. Hər kəs qiymətini də, mükafatını da, cəzasını da öz əməlinə görə alacaq. Bunu bilməlisiniz. Elə etməliyik ki, 2020-ci ildən başlayaraq, bütün bu bicliklər, manipulyasiyalar, saxtakarlıqlar, kassadankənar ödəmələr qıraqda qalsın. Bəyan edilməmiş yüklərin gətirilməsi, yükün içində bir məhsul ola-ola başqa məhsulun bəyan edilməsi - bütün bunları dövlət orqanları bilir və bilirdi. Sadəcə olaraq, bəziləri göz yumurdular, sövdələşirdilər. Daha bu dövr bitdi. Mən sizə bunu deyirəm, qurtardı. Ona görə mən dediyim kimi işləməlisiniz, vəssalam,” - İlham Əliyev deyib.
