|
Dilavər Əzimli: “Hələ də 23 fevralı qeyd edənlər var, Çanaqqala zəfərinə biganə yanaşırıq...”

Türkiyə və türk dünyası Çanaqqala müharibəsinin 105 illiyini qarşılamağa hazırlaşır. 

 “Yeni Müsavat” xəbər verir ki, aprelin 24-də 105-ci ildönümü qeyd olunacaq şanlı zəfərdə türklər müttəfiq Avropa dövlətlərinə qarşı mübarizədə qələbə qazanıblar.

Çanaqqala müharibəsi I Dünya müharibəsi dövründə - 1915-1916-ci illərdə Osmanlı dövləti ilə “Üçlər İttifaqı”" - müttəfiq Avropa dövlətləri (İngiltərə, Fransa, Rusiya) arasında aparılan dəniz və quru döyüşüdür. İttifaq dövlətləri Osmanlının paytaxtı İstanbulu alaraq boğazlara (Bosfor və Dardanel - E.S.) nəzarəti ələ keçirmək, Rusiya ilə etibarlı əməkdaşlıq və hərbi ticarət yolu açmaq, Almaniyanı zəiflətmək məqsədilə ilk hədəf olaraq, Çanaqqala boğazına keçiblər.

Lakin bu hücum uğursuz olub və hər iki tərəf çox ağır itkilər verib. Nəticədə müttəfiq Avropa dövlətləri geri çəkilib. Müttəfiq dövlətlər bu ağır itkilərlə Çanaqqalanı dəniz yolu ilə ələ keçə bilməyəcəklərini anlayıblar. Onlar quru əməliyyatlarına başlayaraq sahili toplardan təmizləmək istəyiblər. Yarımadaya çıxaraq Osmanlı qüvvələrini qurudan məğlub etməyi planlaşdırsalar da, buna müvəffəq olmayıblar.

Bu savaş azərbaycanlılar üçün də əhəmiyyətli tarixdir. Osmanlı ərazilərində təşkil edilən və Qafqaz cəbhəsində Osmanlı orduları ilə çiyin-çiyinə Rusiyaya qarşı vuruşan, eyni zamanda İstanbul hökumətinə qarşı qalxmış qiyamları yatırmaq kimi vəzifələri yerinə yetirən Azərbaycan könüllü taburlarından aşağıdakıları qeyd edə bilərik:

Ömər Naci taburu ile ilgili görsel sonucu

Ömər Naci taburu (500 nəfərlik atlı birlik);

Ruşəni bəy müfrəzəsi (300 könüllü);

Kamil Paşa alayı, Əmir Aslan Xan Xoyski taburu (könüllü atlı birlik);

Əmir Həşmət taburu (7000 könüllü);

Şeyx Şərafəddin taburu (300 könüllü);

İbrahim Cahangirzadə alayı;

Dağıstan könüllü alayı (300 könüllü);

Bahadur Hüseynzadə alayı (Balkan müharibələri zamanı təşkil edilmiş “Qafqaz Könüllü Alayı”) və s.

Antantanın bütün texniki üstünlüklərinə baxmayaraq, Çanaqqalada mənəvi güc üstün gəldi. Türk əsgəri vətən uğrunda dünyaya bir dərs keçdi və qalib gəldi. Çanaqqala döyüşü olmasaydı və ya Çanaqqaladakı türk zəfəri olmasaydı, dünya müharibəsinin nəticələri tamam başqa cür olardı.

Bu zəfər olmasaydı, İngiltərə və Fransa dövlətləri Almaniyanı mühüm müttəfiqindən məhrum edərək Şərq cəbhəsində Rusiyanı dəstəkləyəcək və müharibənin taleyini tezliklə öz xeyirlərinə həll edəcək, Osmanlı ərazilərini də öz aralarında bölüşdürəcəkdilər.

Tarixçi alim Dilavər Əzimli ile ilgili görsel sonucu

Tarixçi alim Dilavər Əzimli “Yeni Müsavat”a dedi ki, Çanaqqala zəfəri Azərbaycanda qeyd olunmalıdır. Onun fikrincə, Bakıda atəşfəşanlıq keçirilməlidir: “Amma hələ də 23 fevralı qeyd edənlər var. Təəssüf ki, Çanaqqala qələbəsinə biganə yanaşırıq. Bu məsələdə medianın rolu da var. Mətbuat geniş təbliğat aparmalıdır. Çünki Çanaqqala türk dünyasının zəfəridir. Bizim özümüzdən başqa gümanımız, dayağımız yoxdur. Azərbaycan mərkəzdir, körpüdür, Azərbaycansız Turan yoxdur”.

D.Əzimli hesab edir ki, Çanaqqala türk dünyasının varlığı baxımdan ən böyük müharibələrdən biri idi: “Bu savaşda türk dünyasının taleyi həll olunurdu. Türk dövlətləri sıradan çıxmışdı, bircə Osmanlı qalmışdı. Osmanlı olmasaydı, Qərb və Rusiyanın planları həyata keçəcək, İstanbul da Konstantinopol oturacaqdı. O ərazilər isə Fransa, İngiltərə və Rusiya arasında bölüşdürüləcəkdi.

Ona görə bu savaşda türk dünyasının yoxluğu ortaya çıxırdı. Bizim ziyalılar və döyüşə gedən qəhrəmanlarımız da bunu dərk edirdilər. Biz Türkiyə ilə eyniyik, bir atanın övladlarıyıq".