2019-cu il ərzində Prezident Administrasiyasına ünvanlanan müraciətlərlə bağlı qurumun Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov geniş məqalə ilə çıxış edib.
Məqalədən aydın olur ki, 2019-cu ildə Prezident Administrasiyasına daxil olmuş müraciətlərin 67,9 faizi ərizə, 31,8 faizi şikayət, 0,3 faizi isə təklifdən ibarət olub. Vətəndaşlar əfv məsələləri, iş, mənzil, ünvanlı sosial yardımla təmin olunma, güzəştli kreditlərin verilməsi, pensiyaların yenidən hesablanması, xaricdə müalicə, yaşayış binalarının və mənzillərin təmiri və sənədləşdirilməsi, sahibkarlığın inkişafı, məcburi köçkünlərin evlə təmin edilməsi, təhsil haqqı və digər məsələlərlə bağlı daha çox müraciət ediblər: “Vətəndaşların ərizələri əsasən onların düşdükləri müəyyən çətinliklərin, o cümlədən mənzil-məişət, təhsil, sağlamlıq problemlərinin həlli barədə xahişlərdən ibarət olursa, şikayətləri bilavasitə pozulan hüquqlarının müdafiəsi və bərpası, qanuni tələblərinin yerinə yetirilməsinə törədilən əngəllərin aradan qaldırılması, vəzifəli şəxslərin qanunazidd hərəkətlərinə qarşı müvafiq tədbirlər görülməsi barədə olur”.
Ümumiyyətlə, 2019-cu ilin rəqəmləri göstərir ki, şikayətlərin sayı 2018-ci illə müqayisədə Xətai, Yasamal, Yevlax, Ağdam, Ağstafa, Ağsu, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Gədəbəy, İmişli, Laçın, Neftçala, Salyan, Şamaxı, Şəmkir, Zərdab, digər şəhər və rayonlardan artıb, Sabunçu, Daşkəsən, Göygöl, Hacıqabul və başqa rayonlardan azalmışdır.
2019-cu ildə Bakı şəhərinin rayonlarından, Şəki, Yevlax, Ağcabədi, Ağdam, Ağdaş, Ağstafa, Ağsu, Beyləqan, Bərdə, Biləsuvar, İmişli, Kürdəmir, Laçın, Saatlı, Sabirabad, Salyan, Şamaxı, Şəmkir, Tovuz, Zərdab, digər şəhər və rayonlardan administrasiyaya daha çox müraciət daxil olub: “Müraciətlərin çox olmasının həm obyektiv, həm də subyektiv səbəbləri vardır. Narahatlıq doğuran məsələ odur ki, vətəndaşlar yerli qurumlarda həll olunmalı, yaxud izahat verilməli məsələlər barəsində Prezident Administrasiyasına yazırlar”.
Əhalinin hər 1000 nəfərinə düşən müraciətlərin sayına görə Naftalan, Yevlax, Ağstafa, Ağsu, Astara, Beyləqan, Bərdə, Cəbrayıl, Gədəbəy, Göygöl, Kəlbəcər, Laçın, Lerik, Masallı, Sabirabad, Şəmkir, Ucar, Yardımlı, Zəngilan, Zərdab öndə gedir.
2019-cu ildə Prezident Administrasiyasına bələdiyyələrin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərin ümumi sayı əvvəlki illə müqayisədə 31 faiz, şikayətlərin sayı 46,4 faiz artıb. Bələdiyyələrin fəaliyyətindən narazılıq bildirilən müraciətlər Binəqədi, Xəzər, Lənkəran, Şəki, Ağcabədi, Beyləqan, Bərdə, Biləsuvar, Cəlilabad, Gədəbəy, Göyçay, İmişli, Masallı, Saatlı, Sabirabad, Şabran, Şamaxı, Şəmkir, Zaqatala, Zərdab, digər şəhər və rayonlardan daha çox olub.
PA rəsmisinin yazdığına görə, ölkə prezidentinin “Bəzi çoxmərtəbəli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 2019-cu il 19 fevral tarixli Fərmanının icrası ilə əlaqədar yaşayış komplekslərinin idarə edilməsində illərdən bəri mövcud olan problemlər və mülkiyyət hüququnu təsdiq edən sənədlərin verilməməsi ilə bağlı şikayətlər azalsa da, vətəndaşlar ötən il də Prezident Administrasiyasına tikinti şirkətlərinin fəaliyyəti ilə bağlı çoxsaylı müraciətlər göndəriblər: “İl ərzində 100-dən çox tikinti şirkəti tərəfindən çoxmərtəbəli yaşayış binalarının inşasında müvafiq norma və qaydalara, həmçinin müqavilə şərtlərinə riayət edilməməsindən, tikinti işlərinin vaxtında yekunlaşdırılmamasından, bəzi şirkətlərin mənzilləri iki və daha artıq şəxsə satmasından, kompensasiya verilmədən söküntü işlərinə başlanılmasından və ya kompensasiyaların az olmasından, təsdiq edilmiş layihədən kənara çıxılmasından, binaların təhlükə törədəcək dərəcədə yaxın məsafədə tikilməsindən, yaşayış komplekslərinin idarə edilməsindəki bəzi çatışmazlıqlardan, aldıqları mənzillərin başqalarına satılmasından şikayət etmişlər. Bunlardan ”Birlik-İnşaat", “Murad M.S.”, “İnteks”, “Grand Plaza”, “Araz-2011A”, “Pearl Construction”, “Fədək”, “MVVL Verus Praedium”, “NV Construction”, “Malibo”, “Draft Construction”, “Pilot-1", ”RÜR", “Avro Qrand”, “Abşeron LTD-2013", ”Pilot İnşaat A", “Qafqaz-A”, “İlkin N”, “Qaya Qala”, “Rifah Plaza”, “RNQ Qroup”, “Poleks”, “Sweet House”, “Memar Group”, “Hayan-E”, “Dərəçiçək”, “Narm”, “Karat”, “Xəzər İnşaat”, “Hermes-S” “Servis”, “Mahal”, “Yeni Yasamal, ,”Yüksəliş-C", “Avanqard İnşaat”, “FF”-2011, “Abidə”, “Gözəl Bakı”, “Star-M” “Müasir Arena”, “Home Paş Prestij”, “Kristal Abşeron”, “İlin Dörd Fəsli”, “Olimp”, “Şakir”, “AAAF Park”, “İnvest-2016", ”Məkan", “Bulaq-2", ”Xudafərin", digər MMC və MTK-lar barədə şikayətlər daha çox olmuşdur".
S.İsmayılov bildirir ki, məhkəmə orqanlarının fəaliyyəti ilə bağlı müraciətlərin sayı da az deyil: “2019-cu ildə Bakı şəhərinin Xətai, Nəsimi, Sabunçu, Səbayel, Yasamal rayon məhkəmələrinin, həmçinin Şirvan, Abşeron, Cəlilabad, Gədəbəy, Göygöl, Hacıqabul, Xaçmaz, Qazax, Quba, Masallı, Sabirabad, Salyan, Şamaxı, Tərtər, Zaqatala, Zərdab, digər şəhər və rayon məhkəmələrinin fəaliyyətinə dair müraciətlər nisbətən çox daxil olmuşdur. Həmçinin apelyasiya və hərbi məhkəmələrin fəaliyyəti barədə müraciətlər də az deyildir”.
Prezident Administrasiyasına çoxsaylı müraciət göndərən və özünü hüquq müdafiəçisi adlandıran bəzi “mirzələr” də vardır. PA rəsmisinin sözlərinə görə, belə “mirzələr” onlara müraciət edən vətəndaşların inamından sui-istifadə edərək yuxarı dövlət orqanlarına ard-ardınca əsassız müraciətlər göndərməyi özlərinin əsas məşğuliyyətinə çeviriblər: “Bunlardan özünü hüquq müdafiəçisi hesab edən Yaşar Ağazadə təkcə 2019-cu ildə Prezident Administrasiyasına 300-dən çox müraciət göndərmişdir”.
Ümumilikdə respublika üzrə vətəndaş müraciətlərinə baxılmasının təhlilindən məlum olur ki, ötən il ərzində dövlət hakimiyyəti orqanlarına daxil olmuş vətəndaş müraciətlərinin 83,7 faizinə mərkəzi, 16,3 faizinə isə yerli icra hakimiyyəti orqanlarında baxılıb. Bu müraciətlərin növ etibarilə təhlili onların 71,6 faizinin ərizə, 27,7 faizinin şikayət, 0,7 faizinin isə təkliflərdən ibarət olduğunu göstərir.
Mərkəzi icra hakimiyyəti orqanlarında və digər qurumlarda baxılmış müraciətlərin 31,8 faizi müsbət həll olunub, 3,1 faizi qismən təmin edilib, 8,8 faizi əsassız sayılıb, 35,1 faizində qaldırılan məsələlərə dair vətəndaşlara müvafiq izahat verilib. Müraciətlərin 13,8 faizi baxılmaq üçün aidiyyəti qurumlara göndərilib, 7,4 faizi icradadır.
Yerli icra hakimiyyətlərində müraciətlərin 19,2 faizi müsbət həll olunub,1,9 faizi qismən təmin edilib, 2,5 faizi əsassız sayılıb, 62,7 faizi barədə müvafiq izahat verilib. Müraciətlərin 8,4 faizi baxılmaq üçün aidiyyəti qurumlara göndərilib, 5,3 faizi icradadır.
Yerli icra hakimiyyətlərindən daxil olmuş məlumatların təhlili göstərir ki, bəzi şəhər və rayonlardan olan vətəndaşlar yaşadıqları ərazinin yerli icra hakimiyyəti orqanları ilə müqayisədə yuxarı dövlət orqanlarına daha çox müraciət edirlər. Məsələn, Nizami, Yasamal, Gəncə, Mingəçevir, Naftalan, Şirvan, Ağdam, Ağdaş, Ağsu, Astara, Balakən, Beyləqan, Biləsuvar, Cəlilabad, Daşkəsən, Göyçay, Göygöl, İmişli, Kəlbəcər, Kürdəmir, Qəbələ, Qobustan, Laçın, Neftçala, Saatlı, Salyan, Samux, Şabran, Şamaxı, Tovuz, Yardımlı, Zaqatala, digər şəhər və rayonların icra hakimiyyətlərinə bilavasitə daxil olan müraciətlərin sayı həmin rayonlardan yuxarı orqanlara göndərilən müraciətlərə nisbətən daha az olub: “Bu, bəzi hallarda yerli icra hakimiyyəti orqanlarında vətəndaş müraciətlərinə laqeyd yanaşılması ilə əlaqədardırsa, digər hallarda müraciətlərdə qaldırılan məsələlərin həmin orqanların səlahiyyətində olmaması ilə bağlıdır.
Bu cür hallara mərkəzi icra hakimiyyəti orqanlarında da rast gəlmək olur. Belə ki, bəzi mərkəzi icra hakimiyyəti orqanlarının və digər qurumların fəaliyyət istiqamətinə aid məsələlərlə bağlı bilavasitə onların özlərindən daha çox yuxarı orqanlara müraciət edilmişdir. Buna misal olaraq, Dövlət Sığorta Kommersiya Şirkəti, İcbari Tibbi Sığorta, Turizm, Ərazilərin Minalardan Təmizlənməsi üzrə agentliklər, “Azərişıq”, “Aqrarkredit” səhmdar cəmiyyətləri, İpoteka və Kredit Zəmanət Fondu və başqalarını göstərmək olar".
S.İsmayılov yazır ki, ümumiyyətlə, vətəndaş müraciətləri ilə işin yaxşılaşdırılması üçün 2019-cu il ərzində mərkəzi icra hakimiyyəti orqanlarının 344 kollegiya iclasında, yerli icra hakimiyyəti orqanlarının isə 353 şura iclasında, həmçinin bu orqanlarda keçirilən digər 2 min 719 tədbirdə vətəndaş müraciətlərinə baxılması işi müzakirə olunub: “Bu iclaslarda vətəndaş müraciətlərində qaldırılan ayrı-ayrı məsələlərin müzakirəsi ilə yanaşı, bir çox hallarda müraciətlərə baxılmasında nöqsanlara yol vermiş, yaxud vətəndaşları narahat edən problemlərin həllinə laqeyd yanaşmış, vəzifə öhdəliklərini vicdanla yerinə yetirməmiş vəzifəli şəxslər barədə intizam tənbehi tədbirləri də görülmüşdür. Belə ki, 2019-cu ildə mərkəzi icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərindən 845 nəfərinə töhmət və ya şiddətli töhmət verilmiş, 64 nəfərin əmək müqaviləsinə xitam verilmiş, 53 nəfər barəsində digər intizam tənbehi tədbiri görülmüş, 793 nəfərə xəbərdarlıq edilmişdir. Yerli icra hakimiyyəti orqanlarına gəlincə, ötən il burada 315 vəzifəli şəxs barəsində tədbir görülmüş, onların 60 nəfərinə töhmət və ya şiddətli töhmət, 8 nəfərin əmək müqaviləsinə xitam verilmiş, 3 nəfərin dərəcəsi aşağı salınmış, həmçinin 244 nəfərə xəbərdarlıq edilmişdir”.
