|
Antibiotiklər öldürə də bilər

Həkimdən xəbərdarlıq: “Antibiotik qəbulundan öncə xəstəyə mütləq test qoyulmalıdır...” 

Srağagün Bakıda 15 yaşlı oğlan anasının vurduğu iynədən sonra dünyasını dəyişib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Yeniavaz.com-a verilən məlumata görə, 15 yaşlı oğlan anasının ev şəraitində vurduğu iynədən sonra anafilaktik şok keçirib: “Təcili tibbi yardım briqadası çağırışa gedərkən, ananın uşağa antibiotik vurduğu məlum olub. Daha iki briqada isə özəl xəstəxanadan çağırılıb. Həkimlərin səyinə baxmayaraq, oğlanı həyata qaytarmaq mümkün olmayıb”.

Qeyd edək ki, mərhum yeniyetmə “Bank Respublika” ASC-nin Müşahidə Şurasının üzvü və bankın əsas səhmdarı Natiq Quliyevin oğludur.

Xatırladaq ki, son bir neçə ildə həkim məsləhəti olmadan antibiotik tətbiq edilən bir neçə azyaşlı uşaq dünyasını dəyişib. Ötən il Şabran rayonunda baş verən bədbəxt hadisə buna misal ola bilər. Rayonun 7 yaşlı sakini Gülnur Dadaşova antibiotik iynəsi vurulandan sonra dünyasını dəyişmişdi. Həmçinin ötən il Cəlilabadda azyaşlı Elnar Mustafayev də antibiotikin qurbanı olmuşdu.

Ümumiyyətlə isə son onillikdə dünyada antibiotik istifadəçilərinin sayı kifayət qədər artıb. Eləcə də qonşu Türkiyə hər min nəfərə istifadə olunan antibiotik sayına görə dünyada ilk sıralarda yer alır. Bu səbəbdən dövlət rəsmiləri 2013-cü ildən reseptsiz antibiotik tərkibli dərmanların satışına qadağa qoyub.

Dünyada ən çox antibiotik istehsal və istifadə edən Çində isə hər il 80 min insan antibiotikdən istifadə zamanı ölür. Hazırda dünyada təxminən 200 növ antibiotik istifadə olunur. Onlara penisillin, eritromitsin, demoklosiklin, streptomisin, gentomisin, tetrasiklin, levomisetin və s. misal çəkə bilərik.

Bəs antibiotik nədir? Onun hansı fayda və zərərləri ola bilir?

İlk öncə məlumat üçün bildirək ki, antibiotik təbii və yarımsintetik olan, canlı hüceyrələrin (mikrob və bakteriyaların, ibtidailərin) artım və inkişafının qarşısını ala bilən heyvan və ya bitki mənşəli maddədir. Çox az miqdarda digər mikroorqanizmlərə seçici toksik təsir göstərmək qabiliyyətinə malikdirlər. Ali bitkilərin və heyvanların bəzi toxumalarında sintez olunan maddələr də antibiotik təsirə malikdir.

İlk antibiotik olan penisillini 1929-cu ildə Aleksandr Fleminq kəşf edib. O, təsadüfən laborator kasacıqların birində stafilokokların inkişafını dayandıran penisillin adlı kif göbələyini aşkar edib. “Antibiotik” terminini isə çox sonralar, 1942-ci ildə Zelman Vaksman işlədib. Antibiotiklərin onları sintez edən miktoorqanizmlər üçün fizioloji əhəmiyyəti tam aydın deyil. Bu məhsulun mikroblarının özlərinin əsas həyat prosesləri - böyümə, inkişaf, maddələr mübadiləsi prosesləri ilə əlaqəsi olmadığı iddia olunur. Bəzi tədqiqatçıların fikrincə, antibiotik onu sintez edən mikroblara təbii populyasiyalarda yaşayış uğrunda mübarizədə üstünlük verir. Digərlərin fikrincə isə bu maddələrin onları sintez edən canlı üçün heç bir əhəmiyyəti yoxdur.

antibiotikdən öldü ile ilgili görsel sonucu

Antibiotikləri əsas sintez edənlər bakteriyalar və mikroskopik göbələklərdir. Antibiotikdən infeksion xəstəliklərin müalicəsində istifadə olunur. Amma onlardan uzunmüddətli istifadə davamlı mikrobların yaranmasına səbəb olur. Heyvandarlıqda antibiotik balaların böyüməsini və inkişafını təmin etmək üçün yemə əlavə edirlər. Sənayedə isə antibiotik konservləşdirmədə istifadə olunur.

Mütəxəssislər hər zaman xəbərdarlıq edir ki, həkim məsləhəti olmadan və daimi olaraq antibiotiki qəbul etmək ciddi şəkildə zərərlidir. Məsələn, lazım gəlmədikdə antibiotik qəbulu və yaxud normadan artıq vurulması bədəndə göbələk, disbakterioz xəstəliyin yaranmasına səbəb olur. Həmçinin antibiotiklərin immun sisteminə zərər vurduğu qeyd olunur. Buna görə də həkimlər çox zaman təbii antibiotiklərdən istifadə etməyi məsləhət görür. Təbii antibiotiklər deyiləndə isə sarımsaq və soğan nəzərdə tutulur. 

Antibiotiklər həmçinin insanda böyrək çatışmazlığına, qaraciyərin dağılmasına, qulaq sinirində problemlərə, karlığa səbəb ola bilir. Bu səbəbdən mümkün qədər  körpələrin, azyaşlı uşaqların antibiotiklərdən uzaq tutulması tövsiyə edilir.

Mövzu ilə bağlı həkim Vaqif Qarayev “Yeni Müsavat”a danışdı: “Virus xəstəlik törədicilərin bir ailəsidir. Antibiotiklər ancaq bakteriyalara təsir edir, viruslara qarşı deyil. Antibiotikin hərfi tərcüməsi ”həyat əleyhinə" deməkdir. Yəni mikroorqanizmin, bakteriyanın həyatının əleyhinə deməkdir. Hazırda yayılan xəstəliklər əsasən virus xarakterlidir. Virusa qarşı tonla antibiotik versən belə, yenə də ziyandır, çünki lazımsız yerə istifadə ediləndə xüsusən uşaqların bədənində müqaviməti azaldır. Lakin virus infeksiyaları, qızdırma uzun müddət, məsələn, 3-4 gün davam edərsə, xəstə mütləq müayinə olunmalıdır. Müayinə sayəsində araşdırılır ki, xəstədəki qızdırma virus, yoxsa bakteriya xarakterlidir. Müəyyən edilməlidir ki, antibiotik təyinatına ehtiyac var, yoxsa məsələni zamana buraxmaq lazımdır ki, virus öz dövrünü yaşasın, getsin. Bu, çox vacib bir məqamdır. Beləliklə, antibiotikə özünü müalicə məqsədilə əl atmaq düzgün deyil, qətiyyən! Bunun yalnız ziyanı olacaq. Xüsusən də uşaqlar bu ziyanı görəcək. Dəfələrlə şahidi oluruq ki, valideynlər heç bir həkim təyinatı olmadan haradansa eşitdiyi məlumatlar əsasında apteklərdən antibiotik almağa çalışır. Hər qızdırması, öskürəyi, soyuqdəyməsi olan şəxsə antibiotik vermək olmaz. Çox sevindirici haldır ki, yaxın vaxtlarda dərmanlar yalnız reseptlə satılacaq. Bu zaman aptekçilər artıq özbaşınalıq edə bilməyəcək".

antibiotikdən öldü ile ilgili görsel sonucu

Həkim qeyd etdi ki, antibiotik qəbulundan öncə mütləq şəkildə xəstəyə test qoyulmalıdır: “Antibiotikin kiçik bir dozasını əzələ daxilinə yeridirlər. Müəyyən müddət gözlənilir və ciddi narahatlıq yoxdursa, yerdə qalan doza da vurulur. Amma bunların heç biri yüzdə yüz informativ deyil. Bu, dünyanın hər yerində belədir. Onu da unutmaq olmaz ki, antibiotiklərin hamısı inyeksiya şəklində qəbul edilmir. Xüsusən uşaqlar üçün nəzərdə tutulan antibiotiklər preparat şəklində olur. Bəs onların sınağı necə aparılsın? Əlbəttə ki, bunu texniki baxımdan etmək mümkün deyil”.