“Rusiya olmasaydı, builki Münhen Təhlükəsizlik Konfransının əsas özəyi də olmazdı. Bir çox nüfuzlu dövlətlər məhz Rusiyanı oyunun müəyyən qaydalarının qorunub saxlanmasının qarantı kimi görür”.
“Yeni Müsavat” xəbər verir ki, sistemli təhlil və proqnozlaşdırma mərkəzinin prezidenti Rostislav İşenko Münhen konfransını belə dəyərləndirib. Heç kim Rusiya ilə Baltikyanı ölkələr, Polşa və Ukrayna üzündən müharibə aparmaq niyyətində deyil.
Avropanın şərqində hərbi-siyasi qarşıdurmanın kəskinləşməsi Rusiya və Qərbi Avropa arasındakı iqtisadi-ticari əlaqələrin kəsilməsinə səbəb ola bilər. Avropa İttifaqının fəqərə sütunu və NATO-nun tərkib hissəsi olan Qərbi Avropa heç də eksperiment aparmaq arzusu ilə yaşamır.
Paris və Berlin artıq uzun müddətdir ki, Moskva ilə normal iqtisadi-ticari münasibətləri bərpa etmək niyyətindədirlər. Onlar hətta son zamanlar Rusiya ilə hərbi-siyasi əməkdaşlıq haqqında da düşünürlər.
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti rəhbəri Mariya Zaxarova isə Münhen konfransının Kremlin maraqlarına uyğun olmadığını söyləyib.

Politoloq Elxan Şahinoğlunun “Yeni Müsavat”a bildirdiyinə görə, Rusiyada Münhenə alternativ Valday forumunun əhəmiyyətini artırmaq üçün bu cür ideyalar səslənə bilər. Münhen platforması Putin üçün alternativdir: “Putin 2007-ci ildə Münhendə səs-küylü çıxışı ilə yadda qaldı. O, Rusiyanın maraqlarının şifrələrini açıq şəkildə söylədi.
Bir il sonra Gürcüstanla müharibə oldu, 7 il sonra Ukraynada müharibə başladı, indi də Suriya və Liviya proseslərinə müdaxilə edir.
Bu baxımdan Münhen platforması Moskva üçün çox vacibdir. Valday forumu isə özləri üçün əhəmiyyətlidir. Foruma ekspertlər, jurnalistlər dəvət olunurlar. Rusiya bir yandan sanksiya mühitindən çıxmaq istəyir, eyni zamanda beynəlxalq aləmə öz maraqlarını diktə edir.
Təsadüfi deyil ki, Avropa Rusiya ilə əməkdaşlığı bərpa etməyə çalışır. Xüsusən də Fransa prezidenti Makron buna can atır".
Politoloqun fikrincə, Münhen konfransında Azərbaycan prezidenti ilə Ermənistan baş nazirinin debatı Rusiyanın maraqlarına uyğun idi: “Moskva göstərdi ki, iki ölkə lideri açıq şəkildə müzakirə apardılar. Həmsədrlər də bu debatın olmasında maraqlıdır. Ancaq tərəflərin çıxışlarından sonra cəbhə bölgəsində vəziyyət gərginləşə bilər. Bu cür debatda Azərbaycan üstünlük qazanmaqla yanaşı, yay aylarında atəşkəsin pozulmasının intensivləşəcəyi gözləniləndir. Rusiya buna görə narahat ola bilər. Sadəcə, Moskva arxayındır ki, aprel müharibəsində olduğu kimi, həmlə edən tərəfə təzyiqini göstərəcək”.

Siyasi ekspert Ramiyə Məmmədovanın sözlərinə görə, Münhen konfransının Moskvanın maraqlarına uyğun olub-olmadığını birmənalı demək olmaz.
Politoloqun fikrincə, reallıq konfransdan sonra Donbasda ağır döyüşlərin başlamasıdır: “Münhen konfransını Valdaya bir cavab olaraq qiymətləndirmək olar. Amma Rusiyanın burada böyük itki verdiyini deyə bilmərik. Məsələn, Putin 13 il qabaq Münhendə Amerikanı açıq şəkildə tənqid etmişdi, onun nə istədiyini söyləmişdi. Bu platforma olduqca açıq tribunadır və daha çox söz rinqinə bənzəyir”.
Xatırladaq ki, Almaniyada 56-cı Münhen Təhlükəsizlik Konfransı başa çatıb. 14-16 fevral tarixlərində keçirilən konfransda 150 dövlət başçısı, baş nazir və hökumət üzvləri də daxil olmaqla, 800-dən çox nümayəndə iştirak edib.
Münhen Təhlükəsizlik Konfransının sədri Volfqanq İşinqer konfrans çərçivəsində debatların təşkilinə nail olduqlarını söyləyib: “Kimsə debatlarla razılaşdı, kimsə də razılaşmadı. Biz tədbirin məhz belə keçməsini istəyirdik”.
Qeyd edək ki, Münhen Təhlükəsizlik Konfransı 1963-cü ildə NATO-ya üzv ölkələrin müdafiə qurumlarının nümayəndələrinin iclası kimi keçirilməyə başlayıb. Hazırda Münhen Təhlükəsizlik Konfransı siyasətçilər, diplomatlar, hərbçilər, biznesmenlər, elm və ictimaiyyət xadimlərinin diskussiya forumuna çevrilib. Münhen Təhlükəsizlik Konfransının yekununda bəyannamə və hər hansı razılaşma imzalanmır.
Konfrans dünya səviyyəsində siyasətçilər və diplomatlar üçün görüşlərin keçirilməsi və müzakirələrin aparılması üçün neytral məkan sayılır.
Dünya mediası 56-cı Münhen Təhlükəsizlik Konfransında isə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında debata daha çox diqqət ayırıb.
