Prezident İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Peter Maurer ilə görüşündə Ermənistan tərəfindən girovluqda saxlanılan azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunmasının, bu istiqamətdə səylərin artırılmasının vacibliyini qeyd etməsi, “Hamının hamıya” prinsipi ilə bütün əsir və girovların dəyişdirilməsinin vacibliyini vurğulaması girovların azad olunacağına ümidi artırıb.
Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, atasının tezliklə azad olunacağına inamı var: “BQXK-nın prezidenti ilə görüşdə cənab prezident İlham Əliyevin girovların azad olunmasının vacibliyini bəyan etməsi bir daha göstərdi ki, girovların azad olunması məsələsi Azərbaycan dövlət başçısının xüsusi diqqətindədir. Bu da bizim ümidimizi artırır. Prezident İlham Əliyevin apardığı uğurlu siyasət və diplomatik danışıqlar nəticəsində əminəm ki, atam Dilqəm Əsgərov erməni girovluğundan azad olunacaq. Cənab prezident bu məsələni hər zaman diqqət mərkəzində saxlayır. Buna görə ailəmiz adından ölkə başçısına təşəkkür edirik. Prezident Beynəlxalq Qırmızı Xaç Komitəsinin rəhbəri Peter Maurer ilə görüşdə də girovlarla bağlı məsələni qaldırdı, onların tezliklə azad olunmasının vacibliyini vurğuladı. İnanıram və ümid edirəm ki, yaxın vaxtlarda atama qovuşacağıq”.

K.Əsgərov qeyd edib ki, uzun fasilədən sonra bu ilin yanvarında atasından məktub alıb: “Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları sonuncu dəfə yanvar ayında bizə məlumat veriblər. Onların dediyinə görə, atamın səhhətində elə də ciddi problem yoxdur. Yanvarda atamdan qısa məktub da almışıq. Məktubda elə də çox söz yazmayıb. Sadəcə, hər kəsə salamını çatdırıb və qeyd edib ki, narahat olmayaq”.

Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli isə “Sherg.az”a bildirib ki, proses Nikol Paşinyanın girovlar məsələsində konstruktiv addım atmasına gətirib çıxara bilər: “Vaşinqton hesab edir ki, Azərbaycan və Ermənistan Dağlıq Qarabağla bağlı razılaşmalıdır. Sülh olmalıdır, münaqişə həllini tapmadır. Ona görə ki, Dağlıq Qarabağda münaqişə davam etdikdə Rusiyanın Azərbaycan və Ermənistana qarşı təzyiqi artır. Dağlıq Qarabağda Rusiyanın mövcudluğu davam edir. ABŞ məsələni aradan qaldırmaq üçün təşəbbüsü ələ keçirib. Tərəfləri ortaq məxrəcə gəlmək üçün təşəbbüs göstərir. Onu da əlavə edim ki, nə qədər diletant və destruktiv olsa da, Paşinyan məcbur qalıb, girovlar məsələsində güzəştə gedə bilər. Bu yaxşı başlanğıc ola bilər. Hesab edirəm ki, ABŞ, Azərbaycan və beynəlxalq hüququn prinsipləri üst-üstə düşür. Burada söhbət dövlətlərin ərazi bütövlüyünün qorunmasından gedir. Bu, çoxşaxəli məsələdir. Böyük ehtimalla girovların qaytarılması baş tuta bilər”.
Xatırladaq ki, 2014-cü ilin iyul ayında əslən Kəlbəcər rayonundan olan Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.
İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.
