Facebook Avropa Birliyinin texnologiya şirkətlərinə gətirmək istədiyi məhdudiyyətləri innovasiyalar və söz azadlığına təhdid adlandırıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bununla bağlı Facebook-un sahibi Mark Sukerberqin Avropa Birliyinin Antimonopoliya idarəsinin rəhbəri Marqet Vesteger və AB Sənayesinin başçısı Tyerri Bretonla görüşü olduqca maraq doğrurur.
Həm Vesteger, həm də Breton bu həftə AB-nin Facebook, Google və Amazon kimi saytların Avropa bazarındakı dominant mövqelərini mübahisələndirəcəklərini bildiriblər.
Bundan başqa, AB rəsmiləri nəqliyyat və səhiyyə kimi sahələrdə süni intellektdən istifadəni nizamlayan qaydalar gətirəcəklərini açıqlayıblar.
Avropa Birliyi internet şirkətlərinin üzərinə sosial platformalarda dilə gətirilən nifrət qızışdırıcı və qeyri-qanuni çağırışlara görə də məsuliyyət qoymaq niyyətindədir.
Facebook isə bunu internetin təbiətini və ruhunu zədələyəcəyini bəyan edir: “Bu cür məsuliyyət innovasiyaları, habelə fikir azadlığını boğmaqdan başqa bir şeyə yaramır”,- deyə şirkətin bəyanatında deyilir.
Facebook bunun yerinə rəsmi orqanların onlayn sosial şəbəkələrdən dərc olunan mətnlərin məzmununa görə, habelə onların qeyri-leqal xarakter daşımasını müəyyən edən hesabat sisteminin qurulmasını tələb etməsinin daha doğru olacağını bildirib.
