Ötən gün Abşeron rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb. Report.az saytının yaydığı məlumata görə, Mehdiabad polisi sosial şəbəkələrdə narkotik vasitələri təbliğ edən şəxsi ələ keçirib. Belə ki, Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Məmmədli kənd sakini, 54 yaşlı Abidin Məhərrəmov saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə yanaşı, həmçinin “Facebook” və “İnstagram” sosial şəbəkələrində meyxana sədaları altında onun təbliğini həyata keçirib.
A.Məhərrəmov “İnstaqram”da açıq-aşkar narkotik vasitənin təbliğini özündə əks etdirən videogörüntü paylaşıb. Mehdiabad polis bölməsinin əməkdaşları dərhal A.Məhərrəmovun yerini müəyyən edərək onu saxlayıb. Üzərinə və yaşadığı Məmmədli kəndindəki evinə baxış keçirilən zaman oradan xüsusi bükümdə narkotik vasitə hesab edilən, təqribən, çəkisi 2 kq-a yaxın marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.
Həmin kişi bu kimi faktlarla polis bölməsinə gətirilərək istintaqa təhvil verilib. Saxlanılan şəxs narkotik vasitəni öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirib.
Qeyd edək ki, bu günə qədər meyxana musiqisi ilə narkotik maddələri təbliğ edən bir neçə şəxs saxlanılaraq, məsuliyyətə cəlb olunub. Məsələn, ötən ilin aprelində sənətçi ləqəbi “Vüqar Səda” olan Vüqar Abdullayev “Kazbekə şey basım fırlanım” mahnısına görə həbs edilmişdi. Saxlanılan zaman onun üzərindən marixuana aşkar edilmişdi. Məlum olmuşdu ki, V.Abdullayev narkotik istifadəçisidir. 30 sutkalıq həbs cəzasından sonra sənətçi azadlığa buraxılmışdı.
![]()
Ötən il “Ruzigar” ləqəbi ilə tanınan reper Aydın Hüseynov da “Mal mal” mahnısına görə saxlanılmış və adıçəkilən mahnının narkomaniyaya çağırış etməsini səbəb gətirərək, 30 sutka həbs cəzası almışdı.
Qeyd edək ki, narkotik maddələrin təbliğinə görə digər ölkələrdə də həbs olunan müğənnilər var. Məsələn, Türkiyədə “Mary Jane” adlı mahnının ifaçısı Burry Soprano narkotik maddələri təbliğ etməkdə ittiham olunaraq, həbs edilmişdi. Çünki jarqon dilində “Mary Jane” narkotik maddələrə deyilir.
