Siyasi partiyalar və analitiklər: “Sadəcə, Ermənistanın baş naziri deyil, bütövlükdə erməni təbliğat maşını dünyanın gözü qarşısında Azərbaycana məğlub oldu...”
Fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevin və Ermənistan baş naziri Nikol Paşinyanın iştirakı ilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr keçirilib.
Siyasi analitiklər və siyasi partiya təmsilçiləri sözgedən debatı N.Paşinyanın İlham Əliyev qarşısında daha bir məğlubiyyəti hesab edirlər.
BAXCP sədrinin müavini, siyasi analitik Elçin Mirzəbəyli bildirdi ki, bu il 56-cı dəfə keçirilən Münhen Təhlükəsizlik Konfransında 800-dən çox nümayəndə, 150 dövlət və hökumət başçısı, həmçinin hökumət üzvü iştirak edib: “Belə bir önəmli tədbirdə Azərbaycan prezidentinin iştirakı, şübhəsiz ki, ölkəmiz üçün mühüm əhəmiyyət kəsb etdi. Prezident İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransında iştirakı və çıxışları hər zaman maraq doğurub və dünyanın aparıcı kütləvi informasiya vasitələrinin, xarici siyasət və enerji məsələləri üzrə nüfuzlu ekspertlərin diqqət mərkəzində olub. Bu dəfə də belə oldu. Münhen Təhlükəsizlik Konfransının 56-cı toplantısının ən önəmli hadisəsi təbii ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair panel müzakirələri və prezident İlham Əliyevin Ermənistanın hökumət başçısına tarixi həqiqətlər və beynəlxalq hüquqla bağlı verdiyi dərsdir. Əvvəlcə prezident İlham Əliyevin Azərbaycanın və onun ayrılmaz bir parçası olan Dağlıq Qarabağın tarixi, münaqişənin yaranma səbəbləri və Ermənistanın baş nazirinin əsassız iddialarına diqqət çəkmək istəyirəm. Prezident İlham Əliyev tarixi müstəvidə çıxışına 1805-ci ildə Qarabağ xanı İbrahim xanla Rusiya imperiyasının generalı Sisianov arasında imzalanan sazişdən başladı. Bu sazişə əsasən, Azərbaycanın Qarabağ xanlığının müstəqil ölkə kimi Rusiya imperiyasının tabeçiliyinə keçdiyini qeyd etdi. Yəni prezident məsələni tarixi müstəvidən hansısa salnaməçilərin, yaxud maraqlı tərəflərin uydurduğu xronikadan deyil, beynəlxalq münasibətlərin subyekti olan və hazırda da qorunub saxlanan dövlətlərarası müqavilələrdən başladı. Prezident İlham Əliyevin Dağlıq Qarabağ, eləcə də Azərbaycanın digər tarixi əraziləri, ö cümlədən İrəvanla bağlı söylədikləri, həmçinin Ermənistanın bir dövlət olaraq formalaşdırılması ilə bağlı söylədikləri də mübahisə doğurmayan tarixi faktlara söykənirdi və bu faktlar sənədlər şəklində bu gün Rusiya və dünyanın ayrı-ayrı ölkələrində qorunub saxlanılır.

Nikol Paşinyan hər hansı bir tarixi sənədlə təsdiq olunması mümkün olmayan, erməni salnaməçilərin uydurduğu və yalnız ermənilərin inandığı söz yığınından ibarət tarixi dedi-qodularla Azərbaycan prezidentinə cavab verməyə cəhd göstərdi. Paşinyanın “Böyük Tiqranın romalı hərbi lider Pompeylə danışıqlar aparması” barədə söylədikləri isə təkcə onun savadsızlığını və səriştəsizliyini yox, həm də yalan üzərində qurulan erməni təbliğatının mahiyyətini ortaya qoydu. Paşinyanın imkanı olsaydı, hətta ibtidai icma quruluşundakı “erməni dövlətçiliyindən” də danışardı. Ortalıqda onun dediklərini təsdiqləyəcək dövlətlərarası müqavilə, yaxud hər hansı bir sənəd yoxdur. Sadəcə, əfsanə var və bu əfsanə də prezident İlham Əliyevin misal gətirdiyi tutarlı tarixi faktlarla dünyanın gözü qarşısında darmadağın oldu".
E.Mirzəbəyli onu da dedi ki, Nikol Paşinyan hər dəfə prezident İlham Əliyevin onu acınacaqlı duruma salan fikirlərinə cavab vermək istəyəndə öz vəziyyətini daha da pisləşdirdi: “Bu, Xocalı soyqırımı, Şaumyan rayonu ilə bağlı fikir mübadiləsində də özünü qabarıq şəkildə göstərdi. Azərbaycan prezidentinin Ermənistanın baş nazirinin Şaumyan rayonu ilə bağlı düşdüyü acınacaqlı durumdan və üzr istəməsindən istifadə edərək, unikal bir siyasi manevrlə bolşevik Stepan Şaumyanın adının tarixi Azərbaycan şəhəri olan Xankəndinə verilməsini, müstəqil bir dövlətə rəhbərlik edən Xanın kəndinin (şəhərinin) bolşevik Stepanın şəhərinə çevrilməsini vurğulaması ermənilərin öz himayədarlarının xidmətindən yararlanmaqla azərbaycanlıları etnik təmizləməyə məruz qoyması, Azərbaycan toponimlərini qondarma erməni adları, hətta qaniçən və cəlladların adları ilə əvəzləməsi ilə bağlı tarixi həqiqətləri ortaya qoydu. Bu debatda, sadəcə, Ermənistanın baş naziri deyil, bütövlükdə erməni təbliğat maşını dünyanın gözü qarşısında Azərbaycan prezidentinə məğlub oldu. Azərbaycan prezidentinin Münhen Təhlükəsizlik Konfransındakı çıxışları, şərh və cavabları işğal altında olan Azərbaycan torpaqları ilə bağlı həqiqətlərin dünyaya təqdim olunması baxımından yeni və olduqca əlverişli bir mərhələ açıb. Ümid edirəm ki, ölkəmizin müvafiq qurumları, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri, diaspor təşkilatları bu əlverişli imkandan yararlanmağı bacaracaqlar”.
![]()
AĞ Partiya sədrinin müavini, siyasi analitik Əhəd Məmmədli bildirdi ki, bu debata tam şəkildə baxıb polemika boyu bir neçə nüansı izləyib: “Aparıcının Əliyevə Paşinyandan daha çox diqqət yetirməsi, hörmətlə yanaşması sezilirdi. İştirakçıların, sual verənlərin də diqqəti daha çox Əliyevə idi. Bu, Qərbin gözündə Azərbaycanın Ermənistanla müqayisədə daha yüksək çəkili dövlət olduğunu göstərdi. Debatın mahiyyəti, məğzinə gəldikdə isə disput İlham Əliyevin üstün görünməsı ilə keçdi. Azərbaycan prezidentinin Ermənistan baş nazirinə ironiya ilə, gülümsəyərək yanaşmasını da gördük. Bunları cəmləşdirəndə görürük ki, Paşinyan üzərində bütün parametrlərdə debatın qalibi Əliyev oldu. İndi bu qalibiyyəti real müstəvidə hərbi meydanda isbatlamaq lazımdır. Erməniləri ancaq hərbi güclə yola gətirmək mümkündür. Bunu da Azərbaycan prezidenti bilməmiş deyil. 2020 təqvim ilində Azərbaycan Ordusu tərəfindən Qarabağda minimum antiterror əməliyyatı gözləyirik”.

Yeni AXCP-nin sədr müavini, siyasi analitik Məhəmməd Əsədullazadə isə bildirdi ki, Münhen Təhlükəsizlik Konfransında Azərbaycan və Ermənistan liderlərinin dialoqunda əsas üstünlüyün Azərbaycan tərəfində olduğu açıq göründü: “Prezident İlham Əliyein saxtakar və diletant Paşinyanın yalan üzərində qurulan monoloquna əsaslı və tutarlı cavab verməsi erməni baş naziri çox çətin vəziyyətə saldı. Açığı, Paşinyan belə bir sərrast və real cavabları gözləmirdi. Biz Paşinyana diqqət etsək görərik ki, o, adicə yaxın tarixi bilmir və dərsini bilməyən uşaq kimi şparqalkadan istifadə edir. Bu o deməkdir ki, erməni lider öz ölkəsinin siyasətinin yalan üzərində qurulduğunu elan etmiş olur. Paşinyanın tarixi saxtalaşdırmaq cəhdini, yalnız öz auditoriyasına ünvanlanan mesajlarını cənab Əliyev darmadağın etdi. Prezident İlham Əliyev belə bir mötəbər tədbirdə Paşinyanın yalançı olduğunu göstərməklə yanaşı, Qarabağla bağlı tarixi həqiqətləri auditoriyanın nəzərinə çatdırdı. Hətta deyərdim ki, Paşinyan bu həqiqətlər qarşısında reallıqları qəbul etmiş oldu. Artıq ermənilər beynəlxalq səviyyədə bizə xüsusilə uduzurlar. Prezident bir neçə tədbirdə Paşinyanı nokaut etməklə onun ölkə daxilində siyasi nüfuzunun zədələnməsinə gətirir. Ermənistan mətbuatı və siyasi cameəsi artıq Paşinyan əleyhinə kampaniya aparır. Onun İlham Əliyev qarşısında acizliyini etiraf edirlər. Bundan sonra Paşinyan çətin ki, İlham Əliyevlə bir də açıq dialoqa gedər”.
