|
ABŞ Silahlı qüvvələrində saqqal saxlamağa icazə verildi, amma...

ABŞ Hərbi-hava qüvvələri hərbi qulluqçuların görünüşləri ilə bağlı qaydalara dəyişiklik gətirir.
Amerikalı təyyarəçilər bundan sonra saqqal saxlaya (kişilər) və başlarını türbanla (qadınlar) örtə biləcəklər. Eyni zamanda da siqh dininə mənsub kişilər də ənənəvi baş formalarını çıxarmadan hərbi xidmətlərini yerinə yetirəcəklər.
Buna rəğmən kişilərə saqqalın 6 sm-dən çox olmaması, bığların da üst dodağı örtməməsi əmr olunub. Həmçinin türban və hicabların rəngi də orduda qəbul edilən kamuflaj formalarına uyğun olmalıdır.

Dini atributlarından vaz keçmək istəməyən namizədlərlə ciddi söhbət ediləcək və onlar rəhbərliyə sırf dini nöqteyi nəzərdən bu cür görünmək istədiklərini sübut etməli olacaqlar.

Bununla belə, saqqal qadağası kimyəvi hücum halında yenidən geri gətirilə bilər.

Qeyd olunur ki, baş örtüləri və saqqal buraxmaq uğrunda amerikalı müsəlman və hind mənşəli hərbi qulluqçular uzun illərdir mübarizə aparırlar. ABŞ ordusunda fərdi qaydada saqqalla gəzmək hüququ ilk dəfə 2018-ci ildə bir müsəlman tərəfindən əldə olunub.

Military.com saytının məlumatına əsasən, daha sonra bir siqhə və almanların qədim dininə inanan iki hərbçiyə eyni icazə verilib. 2007-2017-ci illər ərzində İraq və Əfqanıstanda qulluq edən təxminən 50 min əsgərə müvəqqəti olaraq saqqal saxlamağa icazə verilib.

Pentaqonun bu məsələdə tərəddüdlü davranmasının səbəbi saqqal və baş örtülərinin kimyəvi hücumlar zamanı respirator və ya əleyhqaz geyinməsinə mane olmasıdır. 2016-cı ilin oktyabrında bununla bağlı hətta mülki vətəndaşların iştirakı ilə təlim də keçirilib. Təlimlər zamanı iştirakçılardan saqqalsız və saçsız olanlar bir qrupa, hicablı və saqqallı şəxslər isə başqa qrupa bölünüblər. Məlum olub ki, üzdə və başda artıq atributlar həqiqtən onların sahiblərinin müdafiə qabliyyətini zəiflədir. Lakin dini səbəblərə görə saqqal saxlayan və türban geyinənlər zatən hava qüvvələrində kimyəvi hücum perspektivinin az olduğunu söyləyirlər.