Fevralın 12-də Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə 1 nəfər yerləşdirilib. “Yeni Müsavat” məlumat verir ki, 1994-cü il təvəllüdlü həmin Azərbaycan vətəndaşı Pekində təhsil alan tələbədir.
Pekindən Abudabi şəhərinə, fevral ayının 12-si isə Abudabidən Bakıya gələn tələbə Heydər Əliyev adına hava limanına daxil olduqda hərarəti normadan bir qədər yüksək olub.
Hazırda hərarəti normaya uyğundur, səhhətində ciddi problem yoxdur. Həkim müşahidələri davam edir.
Xəstəlik alovlanan ərazidən gələnlər isə xüsusi ayrılmış tibb müəssisəsində saxlanılır. Onların bir hissəsi karantin müddəti bitdiyindən evlərinə buraxılıblar.
Hazırda xəstəxanada qalanların səhhətində hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda onların da evlərinə buraxılacaqları gözlənilir.

“Şərq”ə açıqlama verən Azərbaycan Demokrat Partiyasının sədri, ixtisasca həkim Sərdar Cəlaloğlu koronavirusun yeni olmadığını deyib: “Viruslar zaman- zaman yoluxma xüsusiyyətlərini dəyişdirirlər. Adi bir virus təhlükəli virusa çevrilə bilir”.
Cəlaloğlu bəzi virusların yayılması xəstəlik törədicilərinin yox, yoluxan adamların qidası və yaşadığı mühitlə əlaqədardır: “Çinlilər hər cür heyvan əti yediyinə görə, virus onlar arasında daha geniş yayılıb. Onlar o, qədər ilan yeyib ki, ilanların bədəninə xas olan xüsusiyyətlər orqanizmlərinə keçib və ona görə də koronavirusu bu qədər ağır keçirdirlər”.
S.Cəlaloğlu koronavirusla bağlı yaşanan təşvişi həddindən artıq şişirdilmiş hesab edir: “1965-66-cı illərdə Avropada 20 milyon adam qrip virusundan dünyasını dəyişib. Sadəcə, cəmiyyətin böyük bir kəsimi təbabət elminə bələd olmadığı üçün infeksion xəstəliklərin nə qədər böyük itkilərə səbəb olduğunu bilmir.
Vəba epidemiyası hər il Hindistanda milyonlarla insan ölümünə səbəb olur. Volqaboyu Həştərxan vəbanın endemik zonası olduğuna görə zaman-zaman bu virus aktivləşərək kütləvi insan tələfatına səbəb olur".

Cəlaloğlu qısa bir vaxt ərzində koronavirusun qarşısının alınacağını deyib. O, virusla bağlı yayılan məlumatların bir növ siyasi xarakter daşıdığını deyib:
“Təsadüfi deyil ki, koronavirus hay-həşirindən sonra Çin iqtisadiyyatı kəskin zərərə uğrayıb. Hətta Çin dövləti rəsmi şəkildə elan edib ki, ABŞ bu informasiyalardan istifadə edir. Haqsız da deyillər”.
“Bu həftədən Azərbaycanda koronavirusla bağlı beynəlxalq standartlara uyğun ekspertiza keçirilir” - Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli belə deyib.

Onun sözlərinə görə, Azərbaycana idxal olunan istənilən heyvan və heyvan mənşəli məhsullar, diri heyvanların hamısında koronavirus tədqiq olunur və bu günədək heç bir şübhəli fakt aşkar olunmayıb.
Çinə gəlincə, Hubey əyalətində yeni növ koronavirusdan (Kovid-19) son 24 saatda 242 nəfər ölüb. Bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Məlumata görə, şəhərdə 1 gün ərzində 14 min 840 insan epidemiyaya yoluxub. Ümumilikdə isə Hubeydə 48 min 206 nəfər virusun daşıyıcısıdır. Ölkə üzrə ümumilikdə 1368 nəfər koronavirusdan ölüb.
Maraqlıdır ki, Hubei əyalətində baş qaldıran epidemiya fonunda bölgənin partiya katibi Czyan Çaolyan vəzifəsindən uzaqlaşdırılıb.
Çin Kommunist Partiyasının Mərkəzi Komitəsi (ÇKP Mərkəzi Komitəsi) Şanxay şəhərinin boş qalan mer vəzifəsinə İn Yunu təyin edib.
Kommunist Partiyası şəhər komitəsinin katibi Vuhan Ma Qotsyan da vəzifəsini itirib. Szinan Şəhər Partiya Komitəsinin katibi Vanq Çjunlin (Şandon şərq əyalətinin inzibati mərkəzi) bu vəzifəyə təyin edilib.
Bundan əlavə, Hon-Konq və Makao üzrə Dövlət Şurası Aparatının rəhbəri Çjan Syaomin vəzifəsindən çıxarılıb, yerinə isə Sya Baolun təyin edilib.
Koronavirus səbəbilə partiyanın “təmizlənməsi” bir neçə gün əvvəl Hubeidə səhiyyə işçilərinin işdən azad edilməsi ilə start götürüb.
***
“Journal of the American Medical Association” tibb jurnalında dərc edilmiş araşdırmada virusun əsasən 40-59 yaş aralığındakı şəxslərə yoluxduğu, uşaqların nadirən xəstələndiyi bildirilir.
Bu fenomeni izah edən çox sayda versiya mövcuddur, ancaq ekspertlər virusun uşaqlara nə üçün daha az yoluxduğuna hələ qəti cavab verə bilmirlər.
“Bizə məlum olmayan səbəblərə görə, koronavirus azyaşlılara ya ümumiyyətlə təsir etmir, ya da xeyli yüngül nəticələnir”, - Redinq Universitetinin professoru, alim-virusoloq İen Cons belə deyir.
Bəlkə də bəzi hallarda xəstəliyin simptomları ümumiyyətlə müşahidə olunmur və valideynlər uşaqlarını məhz buna görə həkimə aparmırlar.

London Universiteti kollecinin müəllimi Natali Makdermott da bu versiyanı ağlabatan hesab edir:
“Adətən 5 yaşına qədər uşaqların, o cümlədən yeniyetmələrin orqanizmləri viruslara qarşı çox yaxşı mübarizə apara bilir. Onlarda xəstəlik daha yüngül keçir, ya da simptomları üzə çıxmır”.
Eyni mənzərə 2003-cü ildə SARS virusu epidemiyası yayılarkən də müşahidə olunmuşdu. Onda 800 nəfər - bu virusa yoluxanların 10 faizi vəfat etmişdi. Bu virus da uşaqlara toxunmamışdı.
Hazırda Çinin bütün məktəblərində fevralın sonuna kimi tətil elan edilib. Makdermott həmçinin qeyd edir ki, böyüklərin öz övladlarını virusdan maksimum qorumaq cəhdləri də vəziyyətə təsir edə bilər.
Böyüklər uşaqları yoluxma təhlükəsindən qoruyurlar, evdə xəstələnən olanda, ondan uzaq tuturlar.
Ancaq ekspertlər qeyd edirlər ki, uşaqlarda koronavirusa qarşı xüsusi immunitet olduğunu iddia etmək olmaz. Uşaqların bu virusa nadirən yaxalanmasını bu fakt izah edə bilər: xəstəliyin (məsələn, suçiçəyinin) ağırlaşması uşaqlarla müqayisədə böyüklər üçün daha təhlükəlidir. Onlar belə ağırlaşmaları daha pis keçirirlər.
Özbəkistan prezidenti Şövkət Mirziyayevin tapşırığı ilə Çinə koronavirusla mübarizədə kömək məqsədilə humanitar yardım göndərilib. Yardıma tibb ləvazimatı, steril əlcəklər, müdafiə kombinezonları, filtr-maskalar, tənzif və s. daxildir.
Londonda isə koronavirusa yoluxma halı qeydə alınıb. COVİD-19 virusuna yoluxan şəxs şəhərin cənubunda yerləşən xəstəxanalardan birində müalicə alır. Bu, Böyük Britaniyada koronavirusa 9-cu təsdiqlənmiş yoluxma halıdır.
Rusiyanın Primorye vilayətinin Statistika Xidməti son bir ayda regionda tərəvəz məhsullarının kəskin bahalaşdığını bildirir.
Bunun səbəbi Çində tüğyan edən koronavirus epidemiyası ilə əlaqədar Rusiyanın bu ölkə ilə quru sərhədlərinin bağlanması, nəticədə ucuz Çin tərəvəzlərinin idxalının dayanmasıdır. Yaranmış vəziyyətdə Azərbaycan pomidoru və xiyarı Primoryedə astronomik qiymətə satılır.
Hazırda bir kiloqram Azərbaycan pomidoru Primorye supermarketlərində 800 rubla (təqribən 22 AZN), xiyar isə 400 rubla satılır.
