|
“Miqrant alveri”nə görə həbs edilən Əlövsət Əliyev 3 ay sonra azadlıqda

“Leqat” Hüquq Mərkəzinin rəhbəri, sabiq polis rəisi xalq şairi S.Rüstəmxanlının qardaşı Əlövsət Əliyev azadlığa buraxılıb.

BakuPost xəbər verir ki, bu barədə onun oğlu Türkel Rüstəmxanlı sosial şəbəkədə məlumat yayıb. Qeyd edək ki, hazırda Almaniyada yaşayan Əlövsət Əliyev mühacir qalmaqalına görə alman polisi tərəfindən saxlanılmışdı.

Bununla bağlı saytımıza açıqlama verən S.Rüstəmxanlı bildirib ki, hələ Əlövsətin özü ilə danışa bilməmişik: “Vəkillərin verdiyi məlumata görə, hər şey qanun çərçivəsində olub. Araşdırma başa çatıb və Ə.Əliyevin tələbi təmin edilib”.

Yada salaq ki,  Almaniyada miqrant alveri ilə məşğul olan azərbaycanlılardan ibarət dəstənin iki üzvü ötən ilin noyabr ayının 13-də saxlanılıb. Almaniya Federal Daxili İşlər Nazirliyindən verilən məlumatda  deyilirdi ki, Federal Kriminal polis ölkənin Nidersaksen, Şlezviq-Holşteyn, Bremen, Şimali Reyn Vestfaliya, Bradenburq və Reynland-Pfalts əyalətlərində 38-dən çox ev və iş yerlərinə basqın edib.

Obyektlərdə aparılan yoxlamalar zamanı çoxlu sayda xarici ölkə vətəndaşlarına aid pasportlar, viza çap edən xüsusi aparatlar, nağd pul və silah tapılaraq götürülüb.

Şimali Reyn Vestfaliya əyalətinin Daxili İşlər Nazirliyindən verilən məlumatda isə deyilirdi ki, bu əyalətdə 180-nə yaxın polisin iştirakı ilə ev və iş yerlərinə təşkil edilən basqınlar nəticəsində miqrant alveri ilə məşğul olan şəbəkənin bağlantıları müəyyən olunub. Kriminal polisin Düsseldorf, Köln, Frankfurt və Koblenz şəhərlərində keçirdikləri əməliyyatlar nəticəsində saxlanılıb. Polis onların ilkin ifadələri əsasında azərbaycanlılardan ibarət dəstənin izinə düşüb.

Saxlanılan Azərbaycan vətəndaşlarının evlərinə baxış zamanı çoxlu sayda Azərbaycan Respublikasına aid milli pasport, müxtəlif siyasi partiyalara aid üzvlük vəsiqələri, arayışlar, möhür və ştamplar aşkar olunaraq götürülüb. Saxlanılanlar arasında “Legat” İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev və Almaniyada yaşayan siyasi mühacir Mehdi Xəlilbəyli də var idi.

Müsavat Avropa Kordinasiya Mərkəzinin üzvü Mehdi Xəlilbəyli bu ilin yanvar ayının 9-da azadlığa çıxıb. Xatırladaq ki, Ə.Əliyev 2015-ci ildə ailəsi ilə birlikdə Almaniyaya mühacirətə gedib. O, Almaniyanın Düsseldorf şəhərində “Leqat” İnteqrasiya Mərkəzini təsis edərək bu ölkədə yaşayan miqrant və mühacirlərə hüquqi xidmət göstərib.