|
Bakı bu il möhtəşəm tədbirlərə ev sahibliyi edəcək

Azərbaycanda 2019-cu ildə olduğu kimi bu il də beynəlxalq tədbirlər keçiriləcək. Ekspertlər bildirirlər ki, beynəlxalq tədbirlərin keçirilməsi indiki zamanda Azərbaycanda turist axınının təmin edilməsi baxımından olduqca önəmlidir. Bu il dövlət büdcəsindən də 2020-ci ildə keçirilən beynəlxalq tədbirlər üçün vəsait ayrılması nəzərdə tutulub. Belə ki, bu il beynəlxalq səviyyəli tədbirlərin keçirilməsinə dövlət büdcəsindən 222 mln. manat (130,3 mln. dollar) yaxud büdcənin xərc hissəsinin 0,82%-i yönəldiləcək.

Beynəlxalq tədbirlərdən ilk sıralarda idman yarışları durur. Bu il də Azərbaycanda “Formula-1" yarışları keçiriləcək. ”Formula 1" üzrə Azərbaycan Qran-prisi bu il iyunun 5-7-də baş tutacaq. “Formula-1" yarışları Azərbaycana turist cəlb edilməsi baxımından yüksək qiymətləndirilir.  Rəsmi məlumata görə, 4 il ərzində Bakıda keçirilən Azərbaycan Qran Prisi ərəfəsində PR kampaniyası çərçivəsində press-relizlər, müsahibələr, şəkil, video və xüsusi tədbirlər vasitəsilə yaradılan xəbərlərin bütünlüklə oxunma və baxılma sayı ümumilikdə 296,3 milyon dollar media dəyəri yaradıb. Bundan başqa, turistlərin xərcləmələri, bilet satışları üzrə gəlirlər, ”Formula-1" işçilərindən əldə edilən ümumi fayda, TV vasitəsilə canlı baxış üzrə əldə edilən dəyər və digər birbaşa yaxud dolayı gəlirlər əsasında iqtisadi fayda artan templə ümumilikdə cəmi 500,8 milyon dollar təşkil edib.

“Yeni Müsavat” xəbər verir ki,  “Formula-1" yarışları Azərbaycanda 2016-cı ildən etibarən hər il keçirilir. Turizm agentlikləri bildirirlər ki, beynəlxalq yarış və tədbirlərin keçirilməsindən sonra qış aylarında da Azərbaycana turist axını müşahidə edilir. Dövlət Turizm Agentliyinin saytında qeyd edilib ki, bu ilin yanvar ayında Azərbaycana səfər etmiş xarici vətəndaşların sayı 2019-cu ilin yanvar ayı ilə müqayisədə 35 min və ya 18,1% artaraq 226 min nəfərə çatıb.

Məlumata görə, ən böyük artım həm də ən çox səyahətçilərin gəldiyi Rusiya və Gürcüstandan müşahidə olunub. Belə ki, Rusiyadan gələnlərin sayı 12 min və ya 20,5% artaraq 68 min, Gürcüstandan gələnlərin sayı isə 8 min və ya 14,6% artaraq 64 min olub.

Formula 1 Baku ile ilgili görsel sonucu

Həm Yaxın Şərqdən, həm də Türkiyədən müvafiq olaraq 20,8% və 12,1% artımla hər birindən 24 min qonaq gəlib. Yaxın Şərq ölkələri arasında ən çox artım Səudiyyə Ərəbistanı (321,5% və ya 5 min artım) və Küveytdən (73,7% və ya 1,7 min artım) gələnlərin sayında müşahidə olunub.

İrandan gələn səyahətçilərin sayı 2019-cu illə müqayisədə 3 min və ya 26,5% artaraq 13 min nəfər təşkil edib. Cənubi və Mərkəzi Asiyadan səyahət edənlərin sayı müvafiq olaraq 43% və 18,4% artaraq hər biri 8 minə çatıb.

Əvvəlki aylarda olduğu kimi, Cənubi Asiya regionu üzrə Hindistan (5 min; artım 80,2%) və Pakistandan (3 min; artım 15,6%) gələn səyahətçilərin sayı üstünlük təşkil edir.

Nümayəndəliklərin təsis olunduğu ölkələrdən (Çin, Hindistan, Rusiya, Almaniya, Səudiyyə Ərəbistanı, BƏƏ) 2020-ci ilin yanvar ayında 87 min (18,5% artım) səyahətçi gəlib. BƏƏ nəzərə alınmadan nümayəndəlikləri olan ölkələrdən gələnlərin sayında 23,8% artım müşahidə olunub.

Bundan başqa, yarışla əlaqədar ölkədə yeni iş yerləri də açılır. İş yerləri ilə bağlı danışan  Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov bildirib ki, “Formula-1" üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar hər il ölkədə 10 min yeni iş yeri açılır. O bildirib ki, böyük tədbirlər zamanı ekoloji cəhətdən düzgün davranmaq lazımdır.

Avro-2020 ile ilgili görsel sonucu

Bu il Azərbaycan Avro-2020-yə də ev sahibliyi edəcək. Belə ki, 2020-ci il iyunun 12-dən iyulun 12-dək keçiriləcək final mərhələsinə Azərbaycan, İngiltərə, Macarıstan, Almaniya, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Hollandiya, Rusiya, Rumıniya və Şotlandiya ev sahibliyi edəcək. Bakı Olimpiya Stadionunda qrup mərhələsinin üç, 1/4 final mərhələsinin isə bir oyunu keçiriləcək.

“JARA” festivalı ile ilgili görsel sonucu

Bu il Bakıda Beynəlxalq “JARA” festivalı da keçiriləcək. 2020-ci ildə bu ənənəvi tədbir xüsusi olacaq, çünki bu il festival 5 illiyini qeyd edir. 2020-ci ildə “JARA” həmişə olduğu kimi, 4 yox, 5 gün davam edəcək. Festival 29 iyul-2 avqust tarixlərində baş tutacaq. Bundan əlavə, Qəbələdə mürəbbə, Qubada alma, Göyçayda nar festivalının keçirilməsi də gözlənilir.

Məlumat üçün bildirək ki,  prezident İlham Əliyev Azərbaycanda 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə 2020-ci il Azərbaycanda “Könüllülər ili” elan edilib.

Bu baxımdan ölkədə müxtəlif müəssisələrdə könüllülərlə bağlı tədbirlər keçirilib, layihələr hazırlanacaq.