Müəmmar Qəddafinin üsyançılar tərəfindən öldürülməsindən sonra özünə gələ bilməyən Liviyada iki hakimiyyətlilik davam edir. Artıq dünya liderləri və gücləri üçün yeni bir böhran var - Liviya krizisi...
“Yeni Müsavat” xəbər verir ki, Suriya və Ukrayna böhranlarının ardınca beynəlxalq qüvvələrin gündəmində indi Liviya məsələsidir. Hazırda ABŞ, Rusiya və Türkiyə Liviya böhranı ilə bağlı bu regionda toqquşurlar.
Artıq BMT Təhlükəsizlik Şurası Liviyaya tətbiq edilən sanksiyaları uzadıb. Bu barədə məlumatı “RİA Novosti” yayıb.
Məlumata görə, sanksiyaların uzadılmasının lehinə TŞ-nin 14 üzvü səs verib, Rusiya isə bitərəf qalıb. Liviyaya qarşı neft embarqosu 2014-cü ildən davam edir. Bununla bərabər BMT Liviyaya qarşı silah embarqosu da qoyub.
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) Baş Müfəttişliyinin Konqresə təqdim etdiyi hesabatda isə Rusiyanın Liviyadakı hərbi mövcudluğunun Amerikanın bölgədə terrorizmlə mübarizə fəaliyyətlərinə zərər verdiyi bildirilib.
Hesabatda ötən il Rusiyanın “Vaqner” silahlı qüvvələrinin sayının önəmli dərəcədə artdığı qeyd edilib. Rusiyanın Liviyada qiyamçı general Xəlifə Haftara bağlı orduya dəstək verdiyi bildirilən sənəddə qeyd edilib ki, ötən il Moskva bölgədəki hərbi qüvvələrinin sayını 800-1400 nəfərədək artırıb.
Baş Müfəttişlik sənəddə ötən il oktyabrın 21-də Haftar ordusuna dəstək verən rusiyalı muzdluların (“Vaqner”) Liviyada ABŞ Silahlı Qüvvələrinə məxsus dronu (PUA) vurduğu da bildirib.

Haftar ordusunun ABŞ-ın bölgədəki fəaliyyətlərinə hansı formada təsir göstərdiyi məsələsinə isə hesabatın məxfi hissəsində yer verildiyi qeyd olunub. ABŞ-ın BMT tərəfindən tanınan Liviya Milli Sülh Hökuməti ilə terrorizmə qarşı mübarizə apardığı məsələsinə də sənəddə yer verilib.
Ümumiyyətlə, Rusiya və Qərb arasında bu istiqamətdə aparılan danışıqlar heç birinin ortaq məxrəcə gəlməsinə imkan verməyəcək. Ona görə ki, Liviyada iki hakimiyyətlilik formalaşıb. Bir hakimiyyəti qeyri-rəsmi olaraq Rusiya, Misir və bəzi ərəb ölkələri dəstəkləyir, amma BMT tərəfindən tanınan Sərrac hökumətini Türkiyə və Qərb dövlətlərinin bir çoxu tanıyır.
Amma göründüyü kimi, Qərb ölkələri BMT tərəfindən tanınan Sərrac hökumətinə birmənalı dəstək vermir. Çünki Haftar daha geniş qüvvəyə malikdir və paytaxt Tripoli ətrafında mühasirə halqası yaradıblar.
Haftar əsas hərbi gücünü Fransa, Misir, Rusiya, Birləşmiş Ərəb Əmirliklərindən alır və onların diktəsi ilə hərəkət edir.

Türkiyənin Liviyada mövqelərinin güclənməsi Misirin, Fransanın, Səudiyyə Ərəbistanının geosiyasi maraqları ilə ziddiyyət təşkil edir. Bu halda, hər 3 ölkə Aralıq dənizində də öz təsir dairəsinin müəyyən hissəsini Türkiyəyə güzəştə getməlidir.
Ona görə də Haftarı var qüvvələri ilə dəstəkləyirlər və onun Liviyada hakimiyyəti ələ alıb, Türkiyənin buradan çıxarılmasında maraqlıdırlar.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, Liviyanı bir müharibə baronunun insafına buraxmaq tarixi bir xətadır.
Ərdoğan bildirib ki, Liviya son 10 ildir ki, qanlı müharibənin pəncəsindədir. Ancaq beynəlxalq aləm bu günə qədər bu məsələdə vəzifəsini yerinə yetirməyib.
Liviya böhranı hələ də bölgədə nə etməli olduğuna qərar verməyən Avropa qitəsində bölünməyə yol açıb.
