|
Qayınatasını döyən beşqat dünya çempionunun cəzası yüngülləşdirildi

“Neftçi” idman klubunun kikboksinq bölməsinin rəhbəri, “Xocalı” idman klubunun prezidenti, kikboksinq üzrə beşqat dünya çempionu Ehram Məcidov növbəti dəfə hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Ali Məhkəmə idmançının şikayətini təmin edib və onun cəzasını azaldıb. Ehram Məcudovun cəzası 6 il 6 aydan 3 ilə endirilib.

Xatırladaq ki, Ehram Məcidov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Bakı Apellyasiya Məhkəməsi isə onun cəzasını ağırlaşdıraraq 6 il 6 ay etmişdi.

Bildirək ki, bu iş üzrə zərərçəkmiş şəxs Ehram Məcidovun qayınatası 1953-cü il təvəllüdlü Bəhruz Dilbazidir. Davaya səbəb ailə münaqişəsi zəminində başlayan mübahisələr idi.

Ehram Məcidov qayınatası Bəhruz Dilbazini döyməkdə ittiham edilir.

Ona qarşı Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) və 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma; ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə) və 228-ci (soyuq silah gəzdirmə) maddələri ilə ittiham irəli sürülmüşdü.

Əgər məhkəmə istintaqı dövründə E.Məcidovun qeyd edilən əməli törətdiyi sübuta yetirilsəydi, onu 7 ildən 11 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyirdi.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ehram Məcidov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Onun əməli Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilmişdi. Onun qayınatasını beşbarmaqla vurması sübuta yetirilməmiş və 228-ci maddə ilə bəraət verilmişdi.