|
Seçkinin ən gərgin mərhələsi başa çatdı

Deputatlığa namizədlərin təbliğat-təşviqat kampaniyası üçün son gün...

Növbədənkənar parlament seçkilərinə iki gün qaldı. Deputatlığa namizədlərin təbliğat-təşviqat kampaniyası keçirməsi üçün bu gün sonuncu gündür. Seçki Məcəlləsinin tələbinə görə, təbliğat-təşviqat kampaniyası səsverməyə 24 saat qalanda dayandırılmalıdır. Bu isə o deməkdir ki, deputatlığa namizədlərin təbliğat-təşviqatı fevralın 8-də səhər saat 8-də başa çatacaq. 8 fevral sükut günüdür. 

Azərbaycanda 2020-ci il fevralın 9-na təyin edilmiş parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib. Deputatlığa namizədliyi qeydə alınmış 1637 nəfərdən indiyə qədər 315 nəfəri deputatlığa namizədliyini geri götürüb, MSK 1 nəfərin deputatlığa namizədliyini ləğv edib. Hazırda deputatlığa namizədlərin sayı 1321 nəfərdir.

Deputatlığa namizədliyi qeydə alınan şəxslərin yaş həddi üzrə statistikası açıqlanıb.

APA-nın məlumatına görə, bu barədə mətbuat konfransında “Resurs” Analitik İnformasiya Mərkəzinin sədri Rasim Quliyev məlumat verib. R. Quliyev bildirib ki, deputatlığa namizədliyi qeydə alınan şəxslərin yaş bölgüsü seçkiyə böyük inam olmasını bir daha sübut edir: “Belə ki, deputatlığa namizədliyi qeydə alınan şəxslərdən 82 nəfəri 18-28, 407 nəfəri 29-39 yaş, 542 nəfəri 40-45 yaş, 221 nəfəri 56-66 yaş, 43 nəfəri isə 67 yaşdan yuxarı olan şəxslərdir. 2001-ci ildə ildə anadan olan və hazırda 19 yaşı olan iki nəfər, eyni zamanda 1938-ci il təvəllüdlü 2 nəfərin deputatlığa namizədliyi qeydə alınıb”.

Milli Məclisə seçkilərlə bağlı bülletenlərin dairə seçki komissiyalarından (DSK) məntəqə seçki komissiyalarına verilməsi prosesi isə dünən başa çatıb. Seçki Məcəlləsinin 99.6-cı maddəsinə əsasən, DSK-lar səsvermə gününə azı 3 gün qalanadək seçki bülletenlərini məntəqə seçki komissiyalarına verməlidir. Fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərlə bağlı bu müddət fevralın 6-dək olan dövrü əhatə edir.

Seçki günü ölkə polisi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov 2020-ci il fevral ayının 9-da Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərlə əlaqədar asayişin mühafizəsi üzrə əlavə tədbirlərə dair əmr imzalayıb.

təbliğat təşviqat sona çatır ile ilgili görsel sonucu

DİN-dən musavat.com-a verilən məlumata görə, əmrə əsasən, Milli Məclisə növbədənkənar seçkilərin yüksək təhlükəsizlik şəraitində keçməsinin təmin edilməsi məqsədilə respublikanın daxili işlər orqanlarının şəxsi heyəti fevral ayının 8-dən 11-dək gücləndirilmiş iş rejimində xidmət aparacaq.

Seçki günü asayişin təmin edilməsi ilə əlaqədar olaraq ictimai yerlərdə post-patrul xidməti naryadlarının sayı artırılacaq, səsvermə bülletenlərinin aidiyyəti üzrə daşınması zamanı lazımi təhlükəsizlik tədbirləri görüləcək.

Əmrdə qeyd olunur ki, Seçki Məcəlləsinin 104-14-cü maddəsinə əsasən, səsvermədə seçici kimi iştiraketmə halları istisna edilməklə, polis əməkdaşının səsvermə zamanı seçki məntəqəsində olması qadağan edilir.

Xüsusi geyim formasında olan polis əməkdaşı seçki məntəqəsinə yalnız məntəqə seçki komissiyasının qərarı və məntəqə seçki komissiyası sədrinin dəvəti əsasında ictimai asayişin bərpa edilməsi məqsədilə daxil ola bilər və asayiş bərpa olunduqdan sonra məntəqəni dərhal tərk etməlidir.

“Azərbaycanda fevralın 9-da keçiriləcək parlament seçkilərinə hazırlıqla bağlı təəssüratlarım yalnız müsbətdir”. Bu sözləri isə secki-2020.az saytına açıqlamasında MDB müşahidə missiyasının üzvü Anatoli Fyodorov deyib.

MSK-dan ile ilgili görsel sonucu

Missiya üzvü deyib ki, parlament seçkilərinə hazırlıq işlərini müşahidə edirlər: “Müşahidələrimə əsasən deyə bilərəm ki, seçkilər yüksək səviyyədə təşkil olunub. Hər yerdə vəziyyət normaldır, hər hansı iradımız yoxdur. Məntəqələrdə treninqlər keçirildiyi üçün hazırlıqlar da yüksək səviyyədədir. Məntəqələrdə müşahidəçilər üçün yerlər də düzgün seçilib. Bir sözlə, məntəqələr seçkilərə tam hazırdır”.

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması isə erməni icmasının seçicilərinə müraciət ünvanlayıb. Müraciətdə bildirilib ki, 9 fevral 2020-ci il tarixində Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcək, ölkənin seçki hüququna malik bütün vətəndaşları üçün Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddələrinə uyğun şəkildə səsvermədə öz iradələrini azad ifadə etmələri üçün hər cür şərait yaradılıb. Hər bir namizəd Azərbaycan Respublikasının seçki qanunvericiliyinə uyğun yaranmış bərabər imkanlardan istifadə edərək öz təbliğat kampaniyasını aparır.

Sosial media üzərindən hər bir namizədin apardığı kampaniyanı dünyanın istənilən nöqtəsindən izləmək mümkündür: “Təəssüflər olsun ki, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü, torpaqlarımızı işğal etməsi, azərbaycanlıları etnik təmizləməyə məruz qoymaqla yanaşı Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaşayan erməni sakinlərini sözügedən seçkilərdə səsvermə hüququnu birbaşa həyata keçirmək imkanından məhrum edib. Ermənistanın hərbi təcavüzü nəticəsində ölkəmizin 7 seçki dairəsinin ərazisi tamamilə, 3 seçki dairəsinin ərazisinin isə bir hissəsi işğal altındadır. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq, biz, işğal altında olan Xankəndi və Şuşa, Ağdam, Xocalı, Xocavənd seçki dairələrinə mənsub olan erməni seçicilərə müraciət edərək, onları Milli Məclisə keçirilən növbədənkənar seçkilərdə müvafiq dairələrdə qeydiyyatdan keçmiş namizədlər arasından seçim etməyə və deputatlığa namizəd olan şəxslərlə bağlı öz münasibətlərini bildirməyə çağırırıq”.

Qeyd edək ki, bundan bir gün öncə MSK da analoji müraciət ünvanlayıb